2014-cü ildə Bakıda II Cənubi Qafqaz Forumu keçiriləcək. Bu barədə SİA-ya Diasporla İş üzrə Dövlət Komitəsinin təbliğat və informasiya şöbəsinin müdiri Elşad Miraləm komitənin 2014-cü ilə aid planlarından danışarkən deyib.Onun sözlərinə görə, ötən il olduğu kimi bu il də Bakıda Dünya Azərbaycanlılarının Onlayn Forumu keçirilməsi nəzərdə tutulub.Forumun formatında dəyişikliklər olacağını deyən E. Miraləm vurğulayıb ki, forumun coğrafiyasının genişləndirilməsi planlaşdırılır: "Hazırda həmyerlilərimiz bu forumda 7 ölkədən iştirak etmək imkanına malikdirlər. Video-konfrans sistemi yalnız 7 ölkədə quraşdırılıb. Bu il Azərbaycan diaspora təşkilatlarının fəaliyyət göstərdiyi bütün ölkələrin forumda iştirak etməsini nəzərdə tutmuşuq. Bunun üçün də 60 nöqtədə video-konfrans sisteminin quraşdırılması planlaşdırılır. Əgər zaman buna imkan verərsə, sistemi daha da geniş coğrafiyada qurmağı nəzərdə tutmuşuq". Qarşıdan 20 Yanvar faciəsi, "Xocalı Soyqırımı"nın il dönümü gəldiyini xatırladan şöbə müdirinin sözlərinə görə, hər il olduğu kimi yeni ildə də dünya ölkələrində Azərbaycan diaspora təşkilatları tərəfindən müxtəlif kampaniya və tədbirlərin keçirilməsi planlaşdırılır.E. Miraləm söyləyib ki, bu il həmçinin Gənc Alimlərin Forumunun keçirilməsi də planlaşdırılır: "Forumla bağlı Azərbaycan Milli Elmlər Akademiyası və digər müvafiq qurumlarla məsləhətləşmələr aparılır. Forumun zamanına gəldikdə isə, hazırda bununla bağlıq dəqiq məlumat vermək mümkün deyil. Forumun zamanı və formatı haqqında məsləhətləşmələr bitdikdən sonra məlumat veriləcək".Şöbə müdiri həmçinin qeyd edib ki, bu il həm də ona görə fərqli olacaq ki, Azərbaycan diaspor təşkilatlarının fəaliyyətində yeni üsullardan, mexanizmlərdən istifadə ediləcək: "Biz diaspora təşkilatlarına təklif etmişik ki, bu il həqiqətlərimizin dünya ictimaiyyətinə çatdrılmasında, həm də diaspora təşilatlarının koordinasiyası istiqamətində daha müasir texnologiyadan, yeni təbliğat üsullarından və mexanizmlərdən istifadə olunsun. Bu səbəbdən də müasir informasiya texnologiyaları tətbiqi işinin genişləndirilməsi labüddur. Buna misal video- konfrans sisteminin artırılmasıdır. Bəzən elə bir məsələ ortaya çıxır ki, onun ətrafında müzakirələr aparmaq lazım gəlir. Lakin bildiyiniz kimi, qısa müddət ərzində bütün diaspor təşkilatları rəhbərlərini bir araya toplamaq mümkün olmur. Bunun üçün maliyyə, zaman lazım olur. Yeni sistem həm maliyyəyə qənaət etmək, həm də operativ məlumat almaq üçün ən yaxşı vasitədir. Bundan əlavə, biz düşünürük ki, diaspora təşkilatları yaşadıqları ölkələrin icitimai-siyasi həyatına daha yaxından qoşulmalı, münasibətləri və əlaqələri daha da genişləndirməlidirlər. Yerli diaspora təşkilatlarımız həmçinin yaşadıqları ölkələrdə siyasi partiyalarda təmsil olunmağa daha da can atmalıdırlar. Müasir dövrümüzdə önəm daşıyan məsələlərdən biri kütləvi informasiya vasitələri ilə əlaqələrdir ki, təşkilatlarımız bu əlaqələri də genişləndirməlidirlər. Hesab edirəm ki, bu istiqamətdə Azərbaycan dispaora təşkilatları qarşısında bir çox vəzifələr durur və o vəzifələrin yerinə yetirilməsi ölkəmizin milli maraqları baxımından cox vacibdir. Bu il bu məsələlərlə bağlı də müəyyən planlar var ki, onları həyata keçirməyə çalışacağıq".
sia.az