"Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ölkəmizin yeganə ciddi problemidir. Bu gün ölkəmiz hərtərəfli şəkildə inkişaf edir, lakin Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizinin işğal olunması inkişafımızın daha da sürətlənməsinə başlıca maneədir. Dövlət rəhbərliyi ölkəmizin ərazi bütövlüyünün təmin olunması üçün bütün imkanlarını səfərbər edib və hazırda münaqişənin həlli üçün danışıqlar aparılır". SİA-nın məlumatına görə, bu fikirləri millət vəkili Elman Məmmədov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində atılan addımları şərh edərkən deyib.Onun sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi ilə yürüdülən xarici siyasətdə Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsi prioritet yer tutur: "Məhz dövlət başçısının elan etdiyi hücum diplomatiyası sayəsində bu istiqamətdə ciddi nəticələr əldə olunub. Məlum olduğu kimi, iki il idi ki, prezidentlər səviyyəsində görüş keçirilmirdi. Ötən ilin noyabr ayında belə bir görüş keçirildi. Bu amil sülh prosesinin irəliyə aparılması üçün yeni imkanlar yarada bilər. Eyni zamanda, 2013-cü ildə il dünyanın bir sıra dövlətlərinin parlamentlərində, beynəlxalq təşkilatlarda Ermənistanın işğalçı siyasətini ifşa edən qətnamələr, qərarlar qəbul edilib".Azərbaycanın hücum diplomatiyası nəticəsində Ermənistanın xarici siyasətinin iflasa uğradıldığını deyən millət vəkili bildirib ki, işğalçı dövlət dalana dirənib: "Azərbaycan regional siyasətini elə aparır ki, Ermənistan seyt-not vəziyyətində qalıb. Bunun nəticəsində isə işğalçı ölkədə sosial-iqtisadi problemlər daha da dərinləşib, mühacirətin sürəti dəfələrlə artıb. Yəni 2013-cü il ərzində də Azərbaycan bu məsələdə nəinki bir addım geri çəkilməyib, əksinə mövqeyini daha da gücləndirib".Elman Məmmədov onu da qeyd edib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi hücum diplomatiyası nəticəsində işğalçı Ermənistan dalana dirənib: "Problem bundadır ki, ATƏT-in Minsk qrupunun həmsədri olan dövlətlər, eləcə də müvafiq beynəlxalq qurumlar işğalçı Ermənistana qarşı ciddi tədbirlər görmür, hətta bəzi hallarda onu himayə edirlər. Ona görə də, Ermənistan öz xarici havadarlarına güvənərək münaqişənin sülh yolu ilə həllini uzadır. Lakin nəzərə almalıdır ki, Azərbaycan güclü dövlətdir, onun güclü ordusu var və öz torpaqlarını işğaldan azad etməyə qadirdir".Həmsədrlərin münaqişənin həlli ilə bağlı mütəmadi olaraq bəyanatlar verməsinə də münasibət bildirən millət vəkilinin sözlərinə görə, həmsədrlərin hərəsi bir dövləti təmsil edir: "Bu dövlətlərin də strateji maraqları var. Həmin dövlətlərin nümayəndələri özbaşına deyil ki! Həmsədrlər elə bil ki, böyük bir teatrın mahir rejissorları tərəfindən idarə olunan aktyorlardır. Onların vaxtaşırı bəyanat verərək, "hər şey yaxşıdır, irəliləyiş var, bu il qızıl ildir" və bir sıra sözlər demələri dünya ictimaiyyətini aldatmaqdır. Çünki onları 1 milyondan çox məcburi köçkünün hansı vəziyyətdə yaşaması, bu insanların öz doğma torpaqlarına qayıtmaq istəyi deyil, münaqişənin həllində vasitəçi kimi əldə etdikləri titulları, səfir vəzifəsi, yaxşı maaşları və xarici ölkələri gəzmələri maraqlandırır"."Həmsədrlər bu imtiyazları əldən verməmək üçün yalan məlumatlar yaymaqla məşğuldurlar. Odur ki, onların münaqişənin həlli istiqamətində heç bir iş görmədikləri və dünya ictimaiyyətini aldatdıqlarına dair dövlət qurumları, qeyri-hökumət təşkilatları, bütövlükdə Azərbaycan ictimaiyyəti həmsədr dövlətlərin rəhbərliyinə müraciət etməlidir. Həmsədr dövlətlərin maraqları bir-birilə toqquşur. Çox zaman onlar haqq-ədalət tərəfindən yox, öz maraqlarından çıxış edirlər. Əslində, ATƏT-in qərarlarının icra mexanizmi yoxdur. Ona görə də, işğalçılıqdan əl çəkməsi üçün erməniləri məcbur etmək çətindir. Lakin münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələri icra olunarsa, Ermənistanı məcbur etmək olar ki, işğal etdiyi torpaqları tərk etsin" – deyə, millət vəkili mövzu ilə bağlı fikirlərinə əlavə edib.
sia.az