İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının 9-cu sessiyasının və növbəti konfransının keçiriləcəyi tarix və ilkin proqram açıqlanmışdır. Fevralın 14-də Tehranda əvvəlcə İƏT Parlament İttifaqının İcraiyyə Komitəsinin 31-ci iclası keçiriləcəkdir. Ayın 15-də isə siyasi və xarici əlaqələr, iqtisadi işlər və ətraf mühit, insan hüquqları, qadın və ailə məsələləri, mədəniyyət və hüquqi işlər daimi komitələrinin, ardınca baş komitənin toplantıları keçiriləcəkdir.
Fevralın 18-də Parlament İttifaqının 9-cu sessiyası başlayacaqdır. Toplantıda üzv dövlətləri narahat edən məsələlər müzakirə olunacaq, sonda yekun bəyannamə qəbul ediləcəkdir.
Qeyd edək ki, İslam Əməkdaşlıq Təşkilatı, onun Parlament İttifaqı, Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumu bütün toplantılarda Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində Azərbaycanın haqlı mövqeyini dəstəkləmişdir. Qurumun qəbul etdiyi sənədlərdə Xocalı faciəsi soyqırımı kimi tanınmış, "Xocalıya ədalət" kampaniyası dəstəklənmişdir. Üzv dövlətlər kampaniyanın işində fəal iştirak etməyə, Xocalı soyqırımını milli və beynəlxalq səviyyədə insanlığa qarşı cinayət kimi hüquqi və siyasi baxımdan tanımağa çağırılmışdır.
AzərTAc