"24 dekabr 2013 cü il tarixində Avrasiya İqtisadi Birliyinin Yüksək Şurası konfrans keçirib". Bu haqda SİA-ya eksklüziv açıqlamasında Türkiyənin Qazaxıstandakı səfirliyinin mətbuat katibi Zəfər Kibar Qazaxıstan prezidenti Nursultan Nazarbayevin Qondarma Dağlıq Qarabağın Gömrük İttifaqına üzv olmasına etiraz etməsinə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, toplantnın əsas müzakirə obyekti Ermənistanın Qazaxıstan, Belarus və Rusiya arasındakı Gömrük Birliyinə qatılması olub: "Qazaxıstanın rəsmi internet səhifələrində də məlumdur ki, Ermənistanın İqtisadi Tərəfdaşlığa üzv ola bilməsi üçün yol xəritəsi artıq təyin olunub. Bununla yanaşı Ermənistanın Gömrük İttifaqına üzv ola bilməsi üçün də yol xəritəsi təsdiq edilib. Lakin bu "iki yol xəritəsi"nin əsas məğzi hələ ki bəlli deyil".Mətbuat katibi eyni zamanda Qazaxıstan, Rusiya və Belarus arasındakı Gömrük Birliyinin çox əhəmiyyətli olduğunu bildirib. Onun sözlərinə görə bu razılaşma ümumilikdə bölgənin iqtisadi potensialını canlandırmaqdan ibarətdir: "Bu razılaşma Asiya Qitəsinin mərkəzində yerləşən Qazaxıstanın çoxistiqamətli beynəlxalq siyasətindəki müvəffəqiyyətli təşəbbüslərindən biridir".Zəfər Kibar Ermənistanın işğalçılıq siyasətinə qarşı Qazaxıstanın mövqeyinə də münasibətini bildirdi: "Ermənistanın işğal etdiyi torpaqlardan çəkilməsi və bölgədə qalıcı bir sülhün təmin edilməsi hamımızın ortaq diləyidir. Xatırladım ki, Qazaxıstan Respublikası 2010-cu ildə ATƏT-in fəaliyyətdə olan sədri olduğu zaman, Ermənistanın işğal etdiyi torpaqlardan çəkilməsini təmin etmək və Qafqazda daimi sülhü qurmaq üçün böyük əmək sərf etmişdi. Ermənilər onları əl üstündə tutan müsəlman türk xalqına daha da böyük ağrılar yaşatmışlar. Nə demək olar? Heç olmasa tarixi doğru oxuyub, bundan sonra, münbit əlaqələrin qurulması və münaqişənin həlli yolunda sağlam qərarlar vermələri mütləqdir".Daha sonra Türkiyənin Qazaxıstandakı səfirliyinin mətbuat katibi Qazaxıstanın öz qərarını Avropa İttifaqından deyil, Gömrük İttifaqından yana verdiyini bildirib: "Avropa Birliyinin Türkiyəyə qarşı icra etdiyi siyasət hər kəsə məlumdur. Lakin Avropanın bir tərəfi Çinə söykənən Qazaxıstana qarşı necə bir reaksiya verəcəyini proqnozlaşdırmaq çətindir. Ancaq Rusiya Qazaxıstanın 250 ildir bərabər yaşadığı və bir çox ortaq nöqtəsi olan ölkədir. Eyni zamanda həm SSRİ dönəmində, həm də ondan sonra Türkiyədə ruslarla qohumluq əlaqələri olan bir çox insanlar var. Uzun illərdir fərqli bir şəkildə inkişaf edən bu münasibətlərin və proseslərin önümüzdəki illərdə nə ilə davam edəcəyini qabaqcadan söyləmək çətindir. Bu baxımdan, Qazaxıstanın ruslarla əlaqələrini inkişaf etdirməsi əhəmiyyət daşımaqdadır. Təbii ki, bu münasibətlərin Çin, Hindistan, Amerika, Avropa və İslam ölkələri ilə də yaxşı səviyyədə davam etdirilməsi əhəmiyyətlidir. Azərbaycanın gündən-günə möhkəmlənməsi bizi də fərəhləndirir və biz Azərbaycanın uğurları ilə qürur duyuruq".
sia.az