"BMT TŞ-dakı iki illik üzvlüyü müddətində, Azərbaycan iki dəfə - 2012-ci ilin mayında və 2013-cü ilin oktyabrında sədrlik rolunu yerinə yetirib. Bu fəaliyyət Azərbaycan diplomatiyası üçün yaxşı imtahan oldu. Bu məsuliyyətli, dövrün müasir tələbləri ilə zəngin, gündəmində mühüm məsələlərin olduğu müddət idi". Bu fikirləri Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev deyib.
E.Abdullayev bidirib ki, Azərbaycan özünün TŞ-dakı fəaliyyəti müddətində böyük fəallıq nümayiş etdirib: dörd qətnamə, o cümlədən, Afrika və Yaxın Şərqlə bağlı bir sıra sənədlər qəbul olunub. Afrikadakı Böyük Göllər bölgəsinə regional səfərlər təşkil olunub və Afrika Birliyinin BMT TŞ ilə birgə tədbirinin həyata keçirilməsi təmin edilib. Onun sözlərinə görə, qəbul edilən dörd qətnamə BMT missiyasının Haitidəki mandatının, Əfqanıstandakı beynəlxalq təhlükəsizlik missiyası mandatının uzadılması, Mərkəzi Afrika Respublikasında (MAR) yaranmış vəziyyət, eləcə də münaqişədən sonrakı vəziyyətlərdə qadınların rolunun artırılması barədədir.
"Azərbaycanın təşəbbüsü ilə baş tutan vacib tədbirlər qismində, BMT ilə İslam Əməkdaşlığı Təşkilatının (İƏT) yüksək səviyyədə təşkil olunan görüşlərini misal göstərmək olar. BMT Təhlükəsizlik Şurasında belə bir tədbir ilk dəfə idi ki, keçirilirdi. Bu müddət ərzində müsəlman dünyasına aid olan məsələlər müntəzəm olaraq, şuranın gündəliyinə çıxarılıb. Bu məsələlərə beynəlxalq miqyaslı hadisələrin müzakirəsini – Suriyadakı vəziyyət və ərəb-İsrail münaqişəsi məsələlərini aid etmək olar"- deyə, XİN mətbuat katibi qeyd edib.
yap.org.az