Yanvarın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilmişdir. Dövlətimizin başçısı iclasda giriş nitqi söylədi. Prezident İlham Əliyev giriş nitqində bildirib ki, keçən il bütövlükdə ölkəmiz üçün uğurlu il olub. Prezident qeyd edib ki, Azərbaycanda böyük işlər görülüb: "2013-cü ildə ölkəmizin dinamik inkişafı təmin edilmişdir. Azərbaycanda böyük layihələr icra edilmişdir, ölkəmizin beynəlxalq nüfuzu artmışdır. Ölkədə aparılan islahatlar daha da dərinləşmişdir. Bir sözlə, biz ölkəmizin uğurlu inkişafını təmin edə bildik. Azərbaycanın beynəlxalq nüfuzu artdı. Beynəlxalq əlaqələrimizin inkişafı üçün gözəl imkanlar vardır.
Biz bu imkanlardan səmərəli şəkildə istifadə edirik. 2013-cü ildə Azərbaycanın BMT Təhlükəsizlik Şurasındakı fəaliyyəti başa çatdı. İki il ərzində Azərbaycan öz mövqeyini ortaya qoydu. Mən bəyan etdiyim kimi, BMT Təhlükəsizlik Şurasında biz beynəlxalq hüququ və ədaləti müdafiə etmişik, hər bir məsələ ilə bağlı konkret mövqe sərgiləmişik, prinsipial mövqe tutmuşuq. Deyə bilərəm ki, bu iki il ərzində beynəlxalq birlik tərəfindən Azərbaycana olan inam və dəstək daha da artdı. Baxmayaraq ki, BMT Təhlükəsizlik Şurasına seçiləndə 155 ölkə bizim namizədliyimizi dəstəkləmişdir. Hazırda hesab edirəm ki, bu dəstək daha da böyükdür.
Bu, onu göstərir ki, beynəlxalq aləm dövlətimizin mövqeyini müdafiə edir, dəstəkləyir, addımlarımızı təqdir edir. Çünki Azərbaycan bütün beynəlxalq təşkilatlarda özünü ləyaqətlə aparır, prinsipial mövqeyini və öz milli maraqlarını hər şeydən üstün tutur. Şübhəsiz ki, beynəlxalq birlik bu amilləri nəzərə alaraq Azərbaycana dəstəyini daha da artıracaqdır. 2013-cü ilin əvvəlində Avropa Şurası Parlament Assambleyasında da əlamətdar hadisə baş vermişdir. Yanvar ayında sessiyada Azərbaycana qarşı əsassız, qərəzli, ikili standartlar əsasında təşkil edilmiş hücum fiaskoya uğramışdır. Assambleyada böyük əksəriyyət antiazərbaycan kampaniyasına qoşulmamışdır, bu, kampaniyanın təşəbbüskarlarını, o cümlədən pərdəarxası təşəbbüskarlarını məyus etmişdir və Azərbaycanın haqlı mövqeyini müdafiə etmişdir. Siyasi amillərlə şərtlənən qətnamənin layihəsi keçmədi, Azərbaycanın mövqeyi üstünlük təşkil etdi. Beləliklə, Azərbaycan beynəlxalq arenada növbəti qələbə qazanmışdır.
Bu hadisə bir də onu göstərmişdir ki, haqq-ədalət həmişə zəfər çalmalıdır. Azərbaycan öz prinsipial, ədalətli mövqeyini nümayiş etdirdi və Assambleyanın qərarı antiazərbaycan qüvvələrinə vurulan ən böyük zərbələrdən biridir. Hesab edirəm ki, bundan sonra onlar və onların arxasında dayanan antiazərbaycan qruplaşmalar özləri üçün nəticə çıxaracaqlar. 2013-cü ildə Azərbaycanda bir sıra beynəlxalq tədbir keçirilmişdir. Mən onlardan İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Fələstinə yardım məqsədilə konfransı qeyd etmək istəyirəm. Azərbaycan bu konfransın keçirilməsində təşəbbüskar kimi çıxış etmişdir. Hesab edirəm ki, bu, bizim mövqeyimizi əks etdirir. Fələstinli qardaşlarımıza olan dəstəyi biz bir daha nümayiş etdirdik. Bakıda İslam Əməkdaşlıq Təşkilatının, üzv ölkələrin nazirlərinin iştirakı ilə böyük donor konfransı keçirilmişdir və Azərbaycan öz tərəfindən Fələstinə maddi yardım da etmişdir."
Dövlət başçısı bildirib ki, keçən il Avropa İttifaqı ilə vizaların sadələşdirilməsi istiqamətində önəmli saziş imzalandı. Bu, bizim Avropa İttifaqı ilə olan münasibətlərimizin təzahürüdür. Prezident qeyd edib ki, bu münasibətlər gələcəkdə də inkişaf edəcək. Hazırda - təbii ki, 2014-cü ildə Avropa İttifaqı-Azərbaycan strateji əlaqələrinin gələcək formatı müəyyən edilməlidir:
"Mən dəfələrlə bəyan etmişəm ki, biz Avropa İttifaqı ilə və üzv olmadığımız bütün başqa təşkilatlarla səmərəli işgüzar münasibətlər qurmaq istəyirik. Biz buna nail ola bilmişik. Üzv olmadığımız bütün təşkilatlarla münasibətlərimizin prinsipləri açıqdır, aydındır və beynəlxalq prinsiplərdən kənarda deyildir, qarşılıqlı hörmət, bir-birinin işinə qarışmamaq, qarşılıqlı dəstək, anlaşma və hərtərəfli əməkdaşlıq prinsipləridir. Əminəm ki, biz növbəti illərdə Avropa İttifaqı ilə daha da səmərəli formatın yaradılmasına nail olacağıq.
Bakıda III Beynəlxalq Humanitar Forum keçirilmişdir. Bu, artıq gözəl ənənədir və dünya ictimaiyyətinin diqqətini çəkir. Tanınmış siyasətçilər, elm xadimləri, 10-dan çox Nobel mükafatı laureatı bu tədbirdə iştirak etmişlər. Artıq Azərbaycan dünya gündəliyində dözümlülük, tolerantlıq, humanitar əməkdaşlıq məsələləri ətrafında öz böyük rolunu ortaya qoymuşdur. Bakı və Azərbaycan artıq dünyanın multikulturalizm, tolerantlıq, dözümlülük mərkəzlərindən birinə çevrilibdir. Artıq beynəlxalq ictimaiyyət də bunu qəbul edir, dəstəkləyir.
İkinci Mədəniyyətlərarası Dialoq Forumu keçirilmişdir. Təxminən bu forumun da gündəliyi oxşardır. Yəni, bir sözlə, Azərbaycanda keçirilən çoxsaylı tədbirlər, o cümlədən dünyanın bir nömrəli iqtisadi qurumu olan Dünya İqtisadi Forumunun - Davos Forumunun toplantısının Bakıda keçirilməsi ölkəmizin önəmini artırdı, beynəlxalq imicini möhkəmləndirdi və Azərbaycanı dinamik, müasir dövlət kimi bir daha dünya ictimaiyyətinə təqdim etdi. Yəni, mən bu gün sadəcə olaraq cəmi bir il ərzində keçirilən əsas beynəlxalq tədbirləri sadalamışam. Görün, nə qədər böyük işlər görülmüşdür və Azərbaycanın mövqeyi nə qədər möhkəmləndirilmişdir.
Bizim başqa ölkələrlə ikitərəfli formatda münasibətlərimiz də inkişaf etmişdir. Mənim çoxsaylı xarici səfərlərim, xarici qonaqların Azərbaycana səfərləri bu əlaqələri daha da möhkəmləndirmişdir. Əminəm ki, bu il də bu meyl davam etdiriləcəkdir.
Xarici siyasətimizin əsas məsələsi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində, əfsuslar ki, heç bir irəliləyiş olmamışdır. Ermənistan tərəfi il ərzində danışıqlar prosesini yenə də müxtəlif bəhanələrlə uzatmaq taktikasını seçmişdir. Demək olar ki, il ərzində danışıqlar prosesində heç bir irəliləyiş olmamışdır, durğunluq hökm sürmüşdür. Sadəcə olaraq ilin sonunda müəyyən canlanma müşahidə edilib. Görərik, əgər Ermənistan məsələnin həlli ilə bağlı konstruktiv mövqe nümayiş etdirərsə, qısa müddət ərzində razılaşmaya gəlmək mümkün olacaqdır. Müəyyən ümidlər, müəyyən nikbin məqamlar vardır, ancaq 2014-cü ildə biz bunları araşdıracağıq. Hər halda 2014-cü ildə Ermənistanın həqiqi niyyəti tam bəlli olacaqdır. Sözün düzü, keçən dövr nikbinliyə o qədər də əsas vermir. Çünki Ermənistan bütün danışıqlar prosesi zamanı qeyri-konstruktiv mövqe sərgiləmişdir, vaxtı uzatmaq taktikasını seçmiş və beləliklə, danışıqlar prosesini iflic vəziyyətə salmışdır.
Ancaq əgər Ermənistanda realist yanaşmalar üstünlük təşkil edərsə, hesab edirəm ki, qısa müddət ərzində münaqişə ilə bağlı irəliləyiş ola bilər. Realist yanaşma isə gerçəyə, real güclər nisbətinə söykənməlidir. Azərbaycanın artan gücü də burada öz rolunu oynayır və oynayacaqdır. Bu gün Ermənistan ilə Azərbaycan arasında müqayisə apardıqda bizim üstünlüyümüz hər bir sahədə açıq-aydın özünü büruzə verir. Bizim dövlət büdcəmiz Ermənistanın dövlət büdcəsindən 10 dəfə böyükdür. Ümumi daxili məhsul 8 dəfə, əhali 6 dəfə çoxdur. Bizim bütün potensialımız güclənir, böyüyür, artır, Ermənistanda isə həm çox ağır iqtisadi, həm də demoqrafik vəziyyət yaşanır. Deyə bilərəm ki, demoqrafik fəlakət yaşanır və bunu Ermənistanın rəsmi orqanları da təsdiq edir. Ona görə əgər Ermənistan rəhbərliyi məsələyə ciddi yanaşarsa və Ermənistan dövlətinin maraqlarını üstün tutarsa, açıq-aydın anlayar ki, Azərbaycan ilə bundan sonra rəqabət aparmaq üçün onlarda nə imkanlar var, nə də ki, potensial.
Hesab etmirəm ki, hansısa bir ölkə üçün ancaq xarici yardıma arxalanmaq böyük şərəf gətirir. Hər bir ölkə hər halda çalışmalıdır ki, öz müstəqilliyini qorusun, öz seçimini müdafiə etsin, öz dövlətinin gələcəyi haqqında düşünsün. Hər halda güclər nisbəti çox ciddi şəkildə Azərbaycanın xeyrinə dəyişildi. Mən bu barədə hələ 5-6 il bundan əvvəl demişəm, öz fikirlərimi bildirmişəm. Artıq biz buna nail ola bilmişik və bundan sonrakı dövr də şübhəsiz, Azərbaycan dövləti üstünlüyünü daha da möhkəmləndirəcəkdir.
Ümid edirik ki, danışıqlar prosesində müsbət dəyişikliklər olacaqdır. Beynəlxalq vasitəçilər çalışırlar ki, burada irəliləyiş olsun. Ancaq mən bunu qeyd etməliyəm, onların fəaliyyətinin hələ ki, heç bir nəticəsi olmamışdır. Bu da reallıqdır. Biz vasitəçilər tərəfindən, onların dövlət başçıları tərəfindən müsbət bəyanatları eşidirik. Onların içində xüsusilə qeyd etməliyəm ki, Minsk qrupuna həmsədrlik edən ölkələrin dövlət başçılarının birgə bəyanatlarında status-kvonun qəbuledilməzliyi haqqında sözlər deyilmişdir. Bu, çox müsbət haldır. Eyni zamanda, onlar daim təkrarlayırlar ki, danışıqlara alternativ yoxdur. Bilirsiniz, müasir dünyada hər bir sahədə kifayət qədər alternativ vardır. Sadəcə olaraq biz istəyirik ki, bu məsələ sülh yolu ilə həll edilsin. Azərbaycan öz konstruktiv mövqeyini ortaya qoyur və ümid edirəm ki, danışıqlarla bağlı prosesdə vasitəçilər daha da fəal rol oynayacaqlar. Sadəcə olaraq Ermənistan BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini icra etməlidir, işğal edilmiş torpaqlardan çıxmalıdır və Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir. Razılaşmanın prinsipləri bundan ibarətdir.
Azərbaycan heç vaxt öz tarixi torpağında ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcəkdir. Məsələ Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir və həll ediləcəkdir. Mən buna şübhə etmirəm və buna nail olmaq üçün biz hələ ki, danışıqları davam etdirəcəyik, ancaq öz gücümüzü də artıracağıq."
Prezident qeyd edib ki, 2013-cü ildə ordu quruculuğu ilə bağlı önəmli addımlar atılıb: "Biz çox ciddi islahatlara başladıq. Bu islahatlar öz nəticəsini verməkdədir. Bizim döyüş qabiliyyətimiz artır, 2014-cü ildə böyük dərəcədə artacaqdır. Qeyd etməliyəm ki, bizim hərbi potensialımız, orduda aparılan islahatlar, yeni prinsiplər, döyüş taktikası ilə bağlı yeni yanaşmalar tamamilə yeni bir situasiyanın yaranmasına gətirib çıxarır. Nəzərə alsaq ki, son illərdə Azərbaycan böyük həcmdə silah-sursat, texnika almışdır, - ən müasir texnikadır, - bizim döyüş qabiliyyətimiz böyük dərəcədə artacaq, artır və bu, danışıqlar prosesinə ancaq müsbət təsir göstərəcəkdir.
Bəzi hallarda bu məsələ ilə əlaqəsi olmayan qurumlar, yaxud da, Ermənistanın dəyirmanına su tökən siyasətçilər bizi tənqid etməyə çalışırlar ki, nə üçün Azərbaycan hərbi büdcəsini artırır. O ölkələrin nümayəndələri bunu deyir ki, onların hərbi büdcəsi göylərə qalxıbdır. Bizim təbii hüququmuzdur, biz öz hərbi potensialımızı artırırıq, artıracağıq. Dağlıq Qarabağ məsələsinin ədalətli, beynəlxalq normalara uyğun şəkildə həll edilməsi üçün bizim hərbi gücümüz həlledici rol oynayacaqdır. Biz bu gün güclü ordu yaradırıq. Bizim ordumuz dünyanın ən güclü orduları sırasındadır. Əlbəttə ki, ordu quruculuğu işi davam etdiriləcəkdir.
Erməni işğalından əziyyət çəkən soydaşlarımızın problemləri də keçən il həll olunmuşdur, 20 min köçkün yeni evlərə, mənzillərə köçürülmüşdür. Bu il də ən azı 20 min köçkünün yeni evlərə köçürülməsi nəzərdə tutulur. Faktiki olaraq, biz il ərzində bir şəhər yaradırıq və bu siyasəti davam etdirəcəyik. Çünki hələ ki, məktəblərdə, uşaq bağçalarında, hərbi hissələrin ərazilərində, yataqxanalarda ağır vəziyyətdə yaşayan köçkünlər kifayət qədərdir. Artıq bu proses də başlamışdır və davam etdiriləcəkdir.
Əlbəttə ki, ölkəmizin əsas inkişaf dinamikasını iqtisadi gücümüz müəyyən edir və iqtisadi islahatların dərinləşməsində Azərbaycan böyük uğurlara imza atıb. Əgər biz güclü iqtisadiyyat yaratmasaydıq, əminəm ki, nə beynəlxalq aləmdə, nə də regionda bu uğurlara nail ola bilməzdik. 2013-cü ildə iqtisadiyyatımız inkişafını davam etdirmişdir. Ümumi daxili məhsul təxminən 6 faiz artmışdır. Bu, çox böyük göstəricidir. Nəzərə alsaq ki, bu gün dünyanın əksər ölkələrində ümumi daxili məhsul yarım faiz, 1 faiz, 1,5 faiz artır, təxminən 6 faiz səviyyəsində artan ümumi daxili məhsul böyük nəticədir. Ən sevindirici məsələ ondan ibarətdir ki, qeyri-neft sektorumuz 9,8 faiz artmışdır. Yəni, təxminən 10 faiz artmışdır və bu da son illərdə aparılan islahatların nəticəsidir. Aparılan islahatlar bunu təmin edibdir. Qeyri-neft sektorunun gələcək illərdə də inkişafını təmin etmək üçün indi ciddi proqramlar icra edilir və növbəti illərdə icra ediləcəkdir. Əminəm ki, biz bu dinamikanı saxlayacağıq. Əhalinin pul gəlirləri 8 faiz artmışdır. İnflyasiya isə cəmi 2,4 faizdir. Bu da çox gözəl göstəricidir. Əhalinin pul gəlirləri inflyasiyanı 3 dəfədən çox üstələyir. Bu, onu deməyə əsas verir ki, vətəndaşların rifah halı yaxşılaşır və müsbət dinamika burada da özünü göstərir."
Dövlətimizin başçısı ötən il 20 min məcburi köçkünün hərtərəfli şəraitə malik olan mənzillərlə təmin edildiyini, bu il də təxminən bir o qədər məcburi köçkün üçün yeni mənzillərin inşa olunacağını dedi.
Prezident İlham Əliyev 2013-cü ildə respublikamızda ümumi daxili məhsulun təxminən 6 faiz, qeyri-neft sektorunun 9,8 faiz, əhalinin pul gəlirlərinin 8 faiz artdığını, inflyasiyanın 2,4 faiz təşkil etdiyini bildirdi. Ötən il Azərbaycan iqtisadiyyatına rekord miqdarda - 28 milyard dollar investisiya qoyulduğunu deyən dövlətimizin başçısı ölkəmizin strateji valyuta ehtiyatının 50 milyard dollara çatdığını vurğuladı. Prezident İlham Əliyev qeyd etdi ki, 2013-cü ildə ölkəmizdə 80 mini daimi olmaqla 110 min yeni iş yeri yaradılmışdır və işsizlik bir qədər də aşağı salınaraq 5 faiz təşkil etmişdir. Respublikamızda yoxsulluğun 5,3 faiz səviyyəsində olduğunu deyən dövlətimizin başçısı Azərbaycanın xarici dövlət borcunun ümumi daxili məhsula nisbətdə cəmi 8 faiz təşkil etdiyini və bunun dünya miqyasında ən yaxşı göstəricilərdən biri olduğunu vurğuladı. Azərbaycan Prezidenti Davos Forumunun son açıqlamasına əsasən rəqabətqabiliyyətliliyinə görə dünyada 39-cu yerdə olan ölkəmizin bundan sonra da uğurlu sosial-iqtisadi inkişafını davam etdirəcəyini dedi. Dövlətimizin başçısı 2013-cü ildə maaş və pensiyaların artırıldığını, MDB məkanında məhz Azərbaycanda sovet dövründən qalan əmanətlərin kompensasiyasının ən qısa müddətdə və ən yüksək əmsalla reallaşdırıldığını vurğuladı. "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan edilən 2013-cü ildə Azərbaycanın ilk kosmik peykinin orbitə çıxarılmasını tarixi nailiyyət kimi dəyərləndirən Prezident İlham Əliyev respublikamızda turizm və nəqliyyat sektorlarının inkişafı üçün də böyük işlər görüldüyünü bildirdi.
Dövlətimizin başçısı inşası uğurla davam etdirilən Bakı-Tbilisi-Qars dəmir yolunun 2015-ci ildə istismara veriləcəyinə ümidvar olduğunu qeyd etdi. 2013-cü ildə TAP və "Şahdəniz-2" layihələri çərçivəsində əldə olunan uğurlara toxunan Prezident İlham Əliyev qlobal səviyyəli bu layihələrin reallaşmasında Azərbaycanın rolunu xüsusi vurğuladı.
Prezident İlham Əliyev real siyasətə və görülən işlərə qiymət verərək ötən il onu yenidən dövlət başçısı seçən xalqımıza minnətdarlığını bildirdi, bütün mötəbər qurumların seçkilərin azad, şəffaf və ədalətli şəraitdə keçdiyini rəsmi qaydada təsdiqlədiklərini söylədi.
Sonra maliyyə naziri Samir Şərifov, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, səhiyyə naziri Oqtay Şirəliyev çıxış etdilər. İclasa yekun vuran Prezident İlham Əliyev ötən il əldə olunan uğurların 2014-cü ildə də davam etdirilməsi üçün investisiya proqramlarının genişləndirilməsinin, makroiqtisadi sabitliyin qorunmasının, iqtisadi islahatların və sahibkarlığa dövlət dəstəyinin davam etdirilməsinin, inflyasiyanın səviyyəsinin sabit saxlanılmasının vacibliyini vurğuladı. Dövlətimizin başçısı bu il qəbul ediləcək növbəti regional inkişaf, Bakı və ətraf qəsəbələrin inkişafı proqramlarının icrası ilə bağlı qarşıda yeni vəzifələrin durduğunu bildirdi. Ölkənin əsas ərzaq məhsullarına olan tələbatının daxili imkanlar hesabına ödənilməsinin vacib məqsədlərdən biri olduğunu söyləyən Prezident İlham Əliyev meliorasiya və irriqasiya tədbirlərinin genişləndirilməsi, iri fermer təsərrüfatları yaradılması, kənd təsərrüfatı üçün yeni texniki vasitələrin alınması məqsədilə vəsait ayrılması prosesinin davam etdirilməsi, torpaq fondunun uçotunun başa çatdırılması ilə bağlı müvafiq tapşırıqlarını verdi. Prezident İlham Əliyev 2014-cü ildə ölkə əhalisinin təbii qazla davamlı təchizatı, içməli su və kanalizasiya, həmçinin kənd yollarının inşası layihələrinin icrası ilə bağlı qarşıda duran vəzifələrdən danışdı. Dövlətimizin başçısı korrupsiyaya qarşı kompleks mübarizə tədbirlərinin 2014-cü ildə də davam etdiriləcəyini, bu sahədə öz səmərəliliyini artıq təsdiq etmiş "ASAN xidmət" şəbəkələrinin genişlənəcəyini vurğuladı.
Prezident İlham Əliyev 2014-cü ili həm də 2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Oyunlarına hazırlıq prosesində həlledici il kimi səciyyələndirdi. Dövlətimizin başçısı 2014-cü ilin "Sənaye ili" olacağını bildirdi.