Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatında 2013-cü ilin yekunlarına həsr olunmuş yığıncaq keçirilmişdir.
AzərTAc xəbər verir ki, partiya fəallarının, ziyalıların və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə YAP rayon təşkilatının sədri İsgəndər Quliyev məruzə ilə çıxış etmişdir. Məlumat vermişdir ki, YAP Ağdam rayon təşkilatı 80 ərazi ilk təşkilatında 5601 nəfər partiya üzvünü birləşdirir. Partiya üzvlərinin 2264 nəfəri qadın, 1621 nəfəri gənclərdir. 2013-cü ildə 410 nəfər partiya sıralarına qəbul edilmişdir.
Bildirilmişdir ki, YAP Ağdam rayon təşkilatı öz fəaliyyətini iş və tədbirlər planına müvafiq olaraq qurmuş, Azərbaycan Prezidenti, partiyanın sədri İlham Əliyevin məruzə və çıxışlarında irəli sürülən müddəalar təşkilatın fəaliyyətinin əsasını təşkil etmişdir.
İl ərzində mühüm tarixi hadisələr, əlamətdar günlər münasibətilə müxtəlif tədbirlər keçirilmişdir. Partiyanın yaradıcısı, ulu öndər Heydər Əliyevin 90 illik yubileyi geniş qeyd olunmuş, müxtəlif tədbirlər, idman yarışları, inşa yazı müsabiqələri təşkil edilmişdir.
Rayon təşkilatı 2013-cü ildə ölkəmizdə ən əhəmiyyətli hadisə olan prezident seçkilərində fəallıq nümayiş etdirmişdir. Geniş təbliğat–təşviqat işləri aparılmış, yerlərdə çoxsaylı tədbirlər keçirmişdir. Gənclər oktyabrın 9-da keçirilmiş prezident seçkilərində xüsusilə böyük fəallıq göstərmişlər.
Yığıncaqda qazanılan uğurlarla yanaşı, nöqsanlar da göstərilmiş, qarşıda duran vəzifələrdən danışılmışdır.
AzərTAc