Bu kampaniya dünya praktikasında çox təsadüfi hallarda istifadə olunur
"Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan həm Ədalət və İnkişaf Partiyasını ("AKP" iqtidar, həm də özünü yenidən hakimiyyədə saxlamaq üçün əks arqumentlərdən təşkil edilmiş piar kampaniyasından istifadə edir". Bunu SİA-ya politoloq Cümşüd Nuriyev Türkiyədə baş verən hadisələri şərh edərkən deyib.Onun sözlərinə görə, bu kampaniya R.T.Ərdoğanı yenidən baş nazir postunda saxlamağa hesablanıb: "Əvvəllər Türkiyədə baş verən hadisələr ciddi maliyyə pozğunluğu ilə bağlı fikir formalaşdırsa da, hadisələrin gedişini analiz edərkən başqa şəkildə düşünmək məcburiyyətində qalıram. Məsələ ondadır ki, mart ayında Türkiyədə bələdiyyə seçkiləri keçiriləcək. Bələdiyyə seçkilərində AKP-nin uduzması, partiyanın iqtidardan getmə təhlükəsini yaradır. Ona görə də AKP iqtidarı belə bir oyuna əl atıb ki, yenidən seçkilərdə qələbə qazansınlar. R.T.Ərdoğanın hazırladığı bu kampaniya dünya praktikasında çox təsadüfi hallarda istifadə olunur. Bu elə bir sistemdir ki, qarşılıqlı razılaşmalar əsasında ciddi oyun qurulur və oyun əsasında hakimiyyətə gəlinir. Yəni son hadisələr AKP-nin belə bir oyun oynadığını göstərir. Yəni hakimiyyət daxili qarşıdurmaların həqiqiliyi şübhə doğurur. Bu məsələdə Nurçularla çox ciddi razılaşma var. Hesab edirəm ki, ssenari daha çox Rəcəb Tayyib Ərdoğanı prezidentliyə daşımağa xidmət edir. Nurçularla Ərdoğançılar üz-üzə gəlsəydi, mütləq Bülənd Arınc istefa verməli və əks mövqeyə keçməli idi. Çünki Nurçuların lideri Rəcəb Tayyib Ərdoğan yox, Bülənd Arıncdır".