İlham Əliyev: "2014-cü ildə korrupsiyaya qarşı mübarizədə daha böyük addımlar atılacaq"
Azərbaycanda bütün cəmiyyətlər üçün sosial bəla olan korrupsiya və rüşvətxorluğa qarşı mübarizə səmərəli nəticələrini verməkdədir. Bir neçə il öncə rüşvətxorluqda və korrupsiyada adı daha çox hallanan idarələr və müəssisələr artıq elektron idarəçiliyə keçməklə bu sosial bəlanın qarşısı alıblar. Eyni zamanda, korrupsiyada əli olan şəxslər barədə cinayət işlərinin açılması və onların həbs edilməsi faktlarının da mövcudluğu Azərbaycanda rüşvətxorluğa qarşı aparılan mübarizənin səviyyəsini nümayiş etdirir. Həmçinin, ötən il ərzində Prezident İlham Əliyev tərəfindən atılan addımlar, kadr dəyişiklikəri də korrupsiya ilə mübarizədə səmərəli nəticələr verdi, şəffaflığın təmin olunması baxımından əhəmiyyətli oldu. Elə buna görədir ki, "Transparency İnternational" təşkilatı 2013-cü il Korrupsiya Qavrama İndeksində (KQİ) Azərbaycanı 28 balla 177 ölkə arasında 127-ci yerdə qərarlaşdırdı.
Qeyd edək ki, 2012-ci ildə Azərbaycan 27 balla 176 ölkə arasında 139-cu sırada olub. Azərbaycan bu son bir ildə 12 pillə irəliləyib. Korrupsiya Əleyhinə Qlobal Təşkilatının (GOPAC) rəhbəri Edqardo Anqaranın sözlərinə görə, Azərbaycanın korrupsiyaya qarşı mübarizə sahəsində konkret addımlar atan ölkələrdən biridir. Azərbaycan korrupsiya ilə mübarizə sahəsində bütün beynəlxalq sənədlərə qoşulub və qanunvericilik bu sahədə tam təkmil heasb oluna bilər. Korrupsiyaya qarşı təsirli və sistemli mübarizə azad rəqabət mühitinin formalaşması, şəffaflığın təmin olunması, iqtisadiyyatın sürətli inkişafına stimul verir, eyni zamanda, iqtisadiyyatın çoxşaxəli inkişafı və sosialyönümlü islahatların dərinləşməsinə səbəb olur.
Ölkəmizin inkişafını sürətləndirən amillərdən biri kimi korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən məqsədyönlü islahataların miqyası son illər sürətlənib, yeni inkişaf mərhələsinin meyarlarına uyğunlaşdırılıb. Respublikamızda bu sahədə qanununvericilik Avropa Şurasının korrupsiya ilə əlaqədar cinayət və mülki konvensiyaları, BMT-nin korrupsiya əleyhinə konvensiyasına uyğunlaşdırılıb, rəsmi Bakı açıq hökumət beynəlxalq təşəbbüsünə də qoşulub və bu təşəbbüsə ilk qoşulan ölkələrdən biridir.
Azərbaycanda korrupsiyaya qarşı təkmil normativ-hüquqi aktların mövcuddur. Korrupsiyaya qarşı mübarizə üzrə dövlət proqramlarının icrasına nəzarətin həyata keçirilməsi, korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatların toplanması, təhlil edilməsi, ümumiləşdirməsi və müvafiq dövlət orqanlarına təkliflərin verilməsi, habelə korrupsiyaya qarşı mübarizə sahəsində dövlət orqanları və digər qurumlarla əməkdaşlıq sahələrində mühüm nailiyyətlər əldə edilib. Respublikamız korrupsiya ilə mübarizə strategiyasını müəyyənləşdirməklə son illər çox mühüm addımlar atıb. Korrupsiyaya qarşı mübarizədə sistemli tədbirlərin həyata keçirilməsi birbaşa siyasi iradənin ortaya qoyulması sayəsində güclü effekt verir. Son illər bu sahədə ən yaxşı təcrübənin öyrənilməsi və tətbiq edilməsi lazım olan nəticəni əldə etməyə imkan verir. Ötən illər ərzində korrupsiyaya qarşı mübarizə ilə bağlı Dövlət Proqramının və Milli Strategiyanın həyata keçirilməsi bu istiqamətdə bir sıra nəticələrin əldə olunmasına imkan yaradıb. Hazırda bu strategiyanın davamı olaraq yeni proqramın hazırlanması zərurəti meydana çıxıb.
Son illərdə Prezident İlham Əliyevin prinsipial addımları sayəsində korrupsiyaya qarşı mübarizə vahid strategiya çərçivəsində qurulub, bu sahədə görülən tədbirlər davam etdirilib, dövlət orqanlarının fəaliyyəti təkmilləşdirilib və onlara səmərəli nəzarət mexanizmləri yaradılıb, yerli özünüidarə orqanlarının, vəzifəli şəxslərin fəaliyyətinin qanuniliyi, şəffaflığının təmin edilməsi məqsədilə davamlı addımlar atılıb. Bu sahədə görülən işlər iqtisadi və sosial sahədə inkişaf meyillərinin sürətlənməsinə, islahatların davamlılığının təmin olunmasına, şəffaflığın artmasına, əhalinin həyat səviyyəsinin yaxşılaşmasına və onların sosial rifahının yüksəlməsinə, azad rəqabət mühitinin möhkəmlənməsinə, iqtisadi, sosial, ictimai, elm, təhsil, səhiyyə, mədəniyyət və digər bölmələrdə maliyyə nəzarətinin güclənməsinə səbəb olub.
Korrupsiyaya qarşı mübarizədə sistemli tədbirlərin həyata keçirilməsi birbaşa siyasi iradənin ortaya qoyulması sayəsində güclü effekt verir. Son illər bu sahədə ən yaxşı təcrübənin öyrənilməsi və tətbiq edilməsi lazım olan nəticəni əldə etməyə imkan verir. Müasir inkişaf yolunun geniş üfüqlər açdığı bir dövrdə korrupsiya ilə mübarizə tədbirləri iqtisadi şəffaflığın təmini üçün ən əhatəli bir taktika sayıla bilər. Korrupsiya və digər neqativ faktorlar sürətli iqtisadi və sosial inkişafın tempinə müəyyən mənfi təsirlər göstərir, davamlı islahatlara kölgə salır. Azərbaycan hazırda yeni islahatlar astanasındadır və sürətli iqtisadi inkişaf tempinə uyğun irimiqyaslı reformaların davamlılığını genişləndirmək niyyətindədir. Məhz bu cür sürətli inkişaf dinamikasında, meqaproqress mərhələsində korrupsiya kimi halların mövcud olması qətiyyən yolverilməzdir.
Qeyd edək ki, dünya ölkələrinin təcrübəsinə baxdıqda rüşvətxorluq elementlərini əsasən iqtisadi və sosial bölmədəki fəaliyyət sahələrinə bəzi məmurların müdaxiləsi və çirkin yollarla qazanc əldə etmək niyyətlərinin ifadəsi kimi səciyyələndirmək olar. Dövlətin yönəltdiyi vəsaitləri səmərəsiz xərcləmək, sahibkarların fəaliyyətinə mane olaraq əsassız yoxlamalar vasitəsilə onlardan pul tələb etmək, qiymətləri süni şəkildə artırmaq, inhisarçılığa rəvac verməklə məqsədli şəkildə gəlirlər əldə etmək, vergidən yayınmaq, büdcəyə daxil olan vəsaitləri mənimsəmək və digər bu kimi hallar rüşvətxorluğun əlamətləri sayıla bilər.
Azərbaycanın dövlət başçısı hesab edir ki, neqativ hallar ölkədə həyata keçirilən quruculuq işlərinə, iqtisadi, sosial və siyasi sahədə aparılan islahatlara kölgə salır, Azərbaycanın işgüzar nüfuzuna xələl gətirir. Prezident iqtisadiyyatın lokomotivinə çevrilən azad sahibkarlığa, özəl sektora ən böyük siyasi dəstək verməklə rüşvətxorluğa qarşı ən sərt və amansız mübarizə tədbirlərinin həyata keçirilməsində güclü qətiyyət sahibi olduğunu nümayiş etdirib. Onun bu prinsipiallığı, neqativ hallara qarşı barışmazlığı korrupsiya ilə mübarizə tədbirləri üçün güclü mexanizm yaradır. Dövlətin başçısı öz güclü dəstəyini nümayiş etdirməklə bütün aidiyyəti orqanları mübarizə tədbirlərində səfərbər olmağa çağırır. Bu, eyni zamanda, rüşvətxorluğa və korrupsiyaya qarşı mübarizə tədbirlərinin prinsipial xarakter daşıdığını və dövlət siyasətinin ən prioritet sahələrindən birini təşkil etdiyini təsdiqləyir. Məhz Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı yekun nitqində bəyan etdi ki, keçən ildə olduğu kimi, bu il də korrupsiyaya və rüşvətxorluğa qarşı çox ciddi mübarizə aparılacaq. Bu mübarizənin gözəl nəticələri var. Kompleks tədbirlərin görüldüyünü bildirən dövlət başçısı keçən ilin əvvəlində "ASAN xidmət"in fəaliyyətə başlamasının bu sahədə böyük bir dönüş yaratdığını, bir yenilik gətirdiyini qeyd edib: "ASAN xidmət" Azərbaycan məhsuludur, Azərbaycan ixtirasıdır, Azərbaycan brendidir. Qısa müddət ərzində yüz minlərlə insan bu xidmətə müraciət edib. Bu günə qədər eşitməmişəm ki, hər hansı bir şikayət və ya narazılıq olsun. Bütün xidmətlər şəffaf, mədəni şəkildə göstərilir. "ASAN xidmət"də göstəriləcək xidmətlərin sayı artırılmalıdır və bu il regional mərkəzlər də yaranmalıdır. Artıq Gəncə, Sumqayıt şəhərlərində mərkəzlər var və səyyar xidmət də göstərilir. Biz bu il bölgələrdə ən azı dörd, bəlkə də beş "ASAN xidmət" mərkəzi tikməliyik, yaratmalıyıq və bu, investisiya proqramında da öz əksini tapmalıdır".
Ölkə prezidenti korrupsiyaya qarşı mübarizənin "ASAN xidmət"in fəaliyyəti ilə bitmədiyini bildirib: "Bütün dövlət idarələrində, xüsusilə vətəndaşlarla təmasda olan dövlət qurumlarında korrupsiyaya, rüşvətxorluğa qarşı çox ciddi mübarizə aparılmalıdır. Biz bilirik yaralı yerlərimiz haradadır. Bu yaraları sağaltmaq üçün nə etməyin lazım olduğunu da bilirik. Siyasi iradə də var. Kifayət qədər güclü iradədir".
Dövlət başçısı qeyd edib ki, yerlərdə, mərkəzi icra orqanlarında, yerli icra orqanlarında korrupsiyaya bulaşmış şəxslər vəzifədən kənarlaşdırılmalıdır: "Onlara qarşı cinayət işləri açılmalıdır. Düzdür, indi Korrupsiyaya Qarşı Mübarizə İdarəsində bu işlər gedir, cinayət işləri açılır. Daha da ciddi tədbirlər görülməlidir ki, biz bu bəladan özümüzü xilas edək. 2014-cü ildə bu sahədə, hesab edirəm ki, daha da böyük addımlar atılacaq".
Bir sözlə, korrupsiyaya qarşı ciddi mübarizə şəffaflığın tam təmin olunmasına, idarəetmənin ən yüksək kreativ mexanizmlərlə həyata keçirilməsinə və Azərbaycanda açıq hökumət quruculuğunun möhkəmlənməsinə səbəb olacaq.
"Səs" Analitik Qrupu