Kaliforniyada çıxan populyar "The Orange County Register" qəzetində Çepmen Universitetinin "Dünya təhsili" proqramının direktoru, Sakit Okean Beynəlxalq Siyasət Şurasının Avrasiya Komitəsinin sədri professor Ceyms Koylun "Azərbaycan - Qafqazın Küveytidir?" sərlövhəli məqaləsi dərc edilmişdir.
Alim 2009-cu ilin qışında, soyuq yanvar günlərində Rusiyadan Ukraynaya təbii qaz satışına görə borclar və qazın satış qiymətləri ilə əlaqədar, Rusiya ilə Ukrayna arasında kommersiya mübahisəsi ucbatından Avropaya qaz nəqlində yaranmış fasilələri xatırladır. Qazın nəqlində qeyri-sabitlik olmasını təsdiq etmiş bu hadisə nəticəsində Avropa Xəzərdə hasil olunan qazın Cənub dəhlizi vasitəsilə Avropaya nəql edilməsi üçün qaz kəməri çəkilişini dəstəkləməyi qərara almışdır. C.Koyl yazır ki, əvvəlcə Bakıdan Avstriyanın Baumqarden şəhərinə qədər çəkilməsi nəzərdə tutulan Nabukko qaz kəməri variantı araşdırılmışdır. Eyni zamanda Cənub axını layihəsi nəzərdən keçirilirdi, lakin Avropa İttifaqı bu layihəyə ictimai status verməkdən imtina etdi, çünki həmin layihə təbii qaz nəqlinin şaxələndirilməsini təmin etməzdi.
Avropa Nabukko layihəsini gerçəkləşdirmək qərarına gələ bilmədikdə Azərbaycan və Türkiyə Transanadolu qaz kəməri çəkməyi qərara aldılar. Həmin kəmər vasitəsilə 2018-ci ildən etibarən hər il Azərbaycanın Şahdəniz yatağından çıxarılan 16 milyard kubmetr qaz nəql ediləcəkdir. Bu qazın 6 milyard kubmetri Türkiyə tərəfindən istehlak ediləcək, qalan 10 milyard kubmetri isə Transadriatik qaz kəməri vasitəsilə Avropaya nəql ediləcəkdir. Cənub Qaz Dəhlizini təşkil edən bu layihələr gələcəkdə Avropanın tələbatının 20 faizə qədərini təmin edə biləcəklər. bp şirkətinin vitse-prezidenti El Kukun sözlərinə görə, Cənub dəhlizi Yaxın Şərqdən əlavə qaz qəbul etmək üçün potensial imkana malikdir. Bu da öz növbəsində əlavə gəlir gətirəcəkdir. Müəllif məqalənin sonunda yazır ki, beləliklə Avropanın energetik müstəqilliyi Azərbaycanın təbii qazından başlanır.
yap.org.az