"Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar ölkəmizin mövqeyi aydındır. Bu mövqe beynəlxalq hüququn fundamental prinsipləri, BMT TŞ-nin dörd qətnaməsi, Helsinki yekun aktının rəhbər prinsipləri və digər beynəlxalq təşkilatların qətnamə və sənədlərinə əsaslanır". Bu fikirləri xarici işlər naziri Elmar Məmmədyarov deyib.
E.Məmmədyarov bildirib ki, davamlı həllə nail olmağın və qonşu dövlətlər arasında sivil münasibətlərin yaradılmasının yeganə yolu Azərbaycanın ərazilərinin işğaldan azad olunması, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün bərpa edilməsi, öz doğma yurd-yuvalarına qayıtmaları üçün bir milyondan artıq qaçqın və məcburi köçkünün ayrılmaz hüquqlarının təmin edilməsidir. Onun sözlərinə görə, regionda sülh, təhlükəsizlik və davamlı inkişafa ən böyük hədə Azərbaycanın 20 faiz işğal olunmuş ərazilərində Ermənistanın hərbi qüvvələrinin mövcudluğudur.
"Qəti şəkildə inanırıq ki, Ermənistanın işğalının nəticələrinin aradan qaldırılması ilə etimad quruculuğu tədbirlərinin başlanması münaqişənin sülh yolu ilə həlli üçün ən münasib variantdır. Ermənistan rəhbərliyi başa düşməlidir ki, konstruktiv yanaşmanın nümayiş etdirilməsi və qonşu dövlətə münasibətdə ilhaqçı siyasətdən imtina edilməsi regiondakı təhlükəsizlik qavrayışlarını dəyişəcək və sülh danışıqları prosesinə müsbət mənada təsir edəcək"- deyə, nazir vurğulayıb.
yap.org.az