""Azərbaycan təhsilinin inkişafı üzrə Dövlət Strategiyası"nın missiyası ölkəmizin modernləşdirilməsi üçün zəruri olan insan kapitalını inkişaf etdirmək və bununla Azərbaycanın beynəlxalq rəqabət qabiliyyətini yüksəltməkdən ibarətdir. Strategiya təhsil sahəsində aparılacaq islahatların başlıca istiqamətlərini müəyyənləşdirir, Azərbaycan təhsilinin XXI əsrin çağırışlarına uyğun inkişaf üfüqlərini özündə ehtiva edir və təhsilin bütün pillələrində keyfiyyətcə yeni mərhələyə başlamağı - "qara qızılı insan qızılına çevirək" fəlsəfəsini qarşımıza əsas vəzifə kimi qoyur". Bu fikirləri təhsil naziri Mikayıl Cabbarov deyib.
M.Cabbarov bildirib ki, sənəd təhsil ilə bağlı olan bütün subyektləri və fəaliyyət sahələrini əhatə edir. Onun sözlərinə görə, bu əhatəlilik həmçinin Azərbaycanın gələcək inkişafının davamlı xarakter alması üçün peşəkar bilik və bacarıqlara yiyələnən və rəqabətədavamlı insan resurslarının yetişdirilməsi missiyasına xidmət edir.
"Həmçinin, strategiya Azərbaycan təhsilinin yeni keyfiyyət mərhələsinə keçidi istiqamətində genişmiqyaslı tədbirlərin həyata keçirilməsi nəzərdə tutur. Dövlət Strategiyasında təhsilin keyfiyyətinin yaxşılaşdırılması, təhsili idarəetmə sisteminin yenidən qurulması, kadr hazırlığının gücləndirilməsi, müəllim peşəsinin nüfuzunun artırılması, müəllimin karyera inkişafı və fəaliyyətinin stimullaşdırılması, müasir təfəkkürlü Azərbaycan vətəndaşının yetişdirilməsi əsas hədəflər kimi götürülür. Düşünürəm ki, Strategiyanın reallaşdırılması təhsilin məzmununun mənimsənilməsini təmin edən səriştəli təhsilverənlərin formalaşdırılmasına, təhsildə nəticələrə görə cavabdeh, şəffaf, səmərəli tənzimləmə və idarəetmə mexanizmlərinin, müasir tələblərə uyğun və ömür boyu təhsili təmin edən təhsil infrastrukturunun yaradılmasına zəmin yaradacaqdır. Bu sənəd həmçinin, ölkəmizin modernləşməsi üçün zəruri olan insan kapitalının inkişaf etdirilməsinə, təhsil infrastrukturunun Azərbaycanın perspektiv inkişaf konsepsiyasına uyğun yenidən qurulmasına imkan verəcək, ölkədə biliklərə əsaslanan iqtisadiyyatın və informasiya cəmiyyətinin təşəkkülünü, davamlı inkişafını təmin edəcək"- deyə, nazir vurğulayıb.
yap.org.az