"Prezident İlham Əliyev ASAN Xidmətin fəaliyyəti haqqında tapşırıqlarını verib. Bu tapşırıqlara əsasan xidmət çərçivəsinin genişləndirilməsi, ASAN xidmətin şəbəkələrinin artırılması aiddir". Bu sözləri Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov deyib.
İ.Kərimov bildirib ki, 1 saylı ASAN Xidmət mərkəzi 2012-ci ildə açılıb: "Fəaliyyətə 2013-cü ilin 15 yanvarda başlayıb. 5 ASAN Xidmət mərkəzinin fəaliyyəti nəticəsində 9 dövlət orqanı tərəfindən 25 sahə üzrə 22 funksional xidmət göstərilib. Bura bank və sığorta xidmətləri də daxildir. Ümumilikdə 959 min vətəndaşların müraciətinə baxılıb. 1 saylı ASAN Xidmət daha tez fəaliyyətə başladığından burada 340 min müraciətə baxılıb. 2 saylı ASAN Xidmətdə 250 min, 3 saylı 92 min, Gəncədə yerləşən ASAN Xidmətdə isə 14 min müraciətə baxılıb". İ.Kərimov bildirib ki, burada çalışan əməkdaşların orta yaşı 28-dir: "Bu da gənclər siyasətinin təzahürüdür. 1 saylıda 90, 2 saylı 82, 3 saylı 81, Sumqayıtda 81 əməkdaş çalışır. Bizim məqsədimiz alı təhsil müəssisələrini bitirən məzunlara iş təlimlərinin, ilkin biliklərin öyrədilməsidir. Xidmətə 1138 könüllü cəlb edilib. Könüllülərdən 880 nəfəri məzun olub. Hal-hazırda könüllülərin 258 nəfəri fəaliyyət göstərir. ASAN Xidmətin ən əsas prinsiplərindən biri operativlikdir. İkinci prinsip vətəndaşların rahatlığı, 3-cüsü və ən əsas prinsiplərdən biri də şəffaflığın təmin olunması, daha sonra innovativ xidmətlərdir".
İ.Kərimov bu il regionlarda 4 və ya 5 ASAN Xidmət mərkəzinin açılmasının nəzərdə tutulduğunu vurğulayıb: "Sabunçuda 4 saylı ASAN Xidmət mərkəzinin açılması nəzərdə tutulur. Bu da mart ayında baş tutacaq. Fevralın 1-də Bakıda da Səyyar Xidmətin göstərilməsi nəzərdə tutulur. Bu da əlavə xidmət haqqının ödənilməsi ilə baş tutacaq. Digər əsas məqsədlərimizdən biri də müasir innovativ metodları tətbiq etməkdir".
yap.org.az