"Ölkə başçısı İlham Əliyevin NATO-nun baş katibi Anders Foq Rasmussenlə görüşməsi, ümumilikdə prezidentin Brüsselə səfəri son dərəcə ciddi əhəmiyyət kəsb edir. Hər zaman olduğu kimi prezidentin xarici siyasətində həm beynəlxalq təşkilatlar, həm də ayrı-ayrı dövlətlərlə ikitərəfli münasibətlərə böyük önəm verir". Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Fəzail Ağamalı Prezident İlham Əliyevin Brüsselə səfərini şərh edərkən deyib.Onun sözlərinə görə, bu səfər həm də Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artmasına öz müsbət töhfəsini vermiş oldu: "Keçirilən görüşlər bir daha sübut etdi ki, Azərbaycan NATO ilə olan münasibətlərini daha da dərinləşdirmək və genişləndirmək niyyətindədir".Millət vəkili həmçinin ölkə başçısının həmin görüşlərdə siyasi məhbuslarla bağlı səsləndirdiyi fikirlərə də münasibət bildirib: "Təbii ki, Prezident İlham Əliyevin həmin görüşdə dedikləri tam reallığı əks etdirir. Belə ki, Azərbaycanda heç bir siyasi məhbus yoxdur. Bu, Avropa Şurası Parlament Assambleyasının qərarında da təsdiqlənib. Ötən ilin dekabrında Avropa Şurasında bu məsələ ilə bağlı geniş müzakirələr aparıldı. Assambleyanın bəzi üzvləri tərəfindən Azərbaycanda siyasi məhbuslar haqqında irəli sürülmüş qətnamələr keçmədi. Siyasi məhbus anlayışını gündəmə gətirən və buna marağı olan qüvvələr var. Bütün olanlardan sonra dövlət başçımızın siyasi məhbus məsələsini NATO-da keçirilən görüşdə yenidən gündəmə gətirməsi təqdirəlayiq haldır. Çünki NATO dünyanın ən iri siyasi təşkilatlarından biridir".F. Ağamalı həmçinin ATƏT-in Minsk qrupunun həmsədrlərinin fəaliyyətinə də toxunub. Onun sözlərinə görə, Prezident İlham Əliyev istər beynəlxalq təşkilatlar, istər xarici ölkələrin, istərsə də həmsədrlərlə görüşəndə hər zaman işğal olunan torpaqlarının azad edilməsi bağlı Azərbaycanın sərt mövqedə olduğunu bəyan edir: "Bu qərar da Azərbaycan siyasətinin ən vacib tərkib hissəsidir. Ona görə də Brüsseldə Dağlıq Qarabağla bağlı fikirlərin səsləndirilməsi beynəlxalq təşkilatlara ünvanlanan ciddi mesaj idi. Həmin mesajda da əsas məsələ odur ki, bu problem sülh yolu ilə həll olunmalıdır. Bununla da Ermənistanın mövcud mövqeyinə son qoyulmalıdır. ATƏT-in Minsk qrupunun həmsədrləri artıq 22 ildir ki, bu istiqamətdə heç bir nailiyyətə sahib ola bilmirlər. İnanıram ki, mövcud məsələ ilə bağlı Prezidentin NATO-da dedikləri münaqişənin tezliklə həll olunmasına öz töhfəsini vermiş olacaq".Həmsədrlərin dünən təmas xəttində keçirdikləri monitorinqlərin də heç bir nəticə vermədiyini diqqətə çatdıran millət vəkili vurğulayıb ki, 22 ildir ki, işğal olunan torpaqlarımızın 1 qarışı belə geri qaytarılmayıb: "İstər dövlət başçıları, istərsə də xarici işlər nazirləri dəfələrlə görüşüblər. Beynəlxalq hüquq normaları çərçivəsində işğal olunan torpaqları geri qaytarılmasını tələb etsək də heç bir irəliləyiş yoxdur. Hər zaman olduğu kimi Ermənistan bütün bunlara müxtəlif yollarla mane olmağa çalışıblar. Bu il problemin sülh yolu ilə həll olunması istiqamətində hər hansı bir addım atılmasa, o zaman müharibə qaçılmazdır".
sia.az