PDF Oxu

Siyasət

  • 27

Politoloq: “Azərbaycanla NATO arasında əməkdaşlıq çox perspektivlidir”

Politoloq: “Azərbaycanla NATO arasında əməkdaşlıq çox perspektivlidir”

"Azərbaycanla NATO arasında əməkdaşlıq çox perspektivlidir. Ona görə ki, Azərbaycanın əsas silah istehsalçılarından biri olan Rusiya son vaxtlar ölkəmizlə hərbi əməkdaşlıq səviyyəsini xeyli aşağı endirib. Bir çox müasir silah növlərini Ermənistana kredit və ya pulsuz verdiyi halda, Azərbaycana pulla da satmır. Belə olan halda ölkəmiz üçün ən real, alternativ yol məhz NATO-dur". Bu sözləri politoloq Qabil Hüseynli SİA-ya açıqlamasında deyib.Onun sözlərinə görə, Azərbaycan uzun müddətdir ki, NATO ilə əməkdaşlıq edir və "Sülhnaminə Tərəfdaşlıq" proqramı ölkəmizin bu təşkilatla əməkdaşlığının ilkin forması idi: "O zaman həm Azərbaycan ordusunda olan daxili intizam qaydaları, həm də əsgər-zabit münasibətləri NATO formulası, etiketləri əsasında formalaşdırıldı. Daha sonra Azərbaycan bu qurumla ikitərəfli əməkdaşlığa keçdi və bu əməkdaşlıq xətti bu günə qədər də davam edir. Lakin hələ ki, ölkəmizlə NATO arasında münasibətlər əməkdaşlıqdan uzağa gedə bilmir. Təşkilatla ölkəmiz arasında silah almaq, ordumuzun NATO standartlarına uyğun tamamilə yenidən qurulması kimi məsələlər hələ ki, öz həllini tapmayıb. NATO standartlarının bir qismi hərbi ali məktəblərimizdə, ordunun daxili intizam qaydalarında öz əksini tapsa da, bütövlükdə maddi-texniki bazanın möhkəmləndirilməsi, silahlanma məsələsində NATO Azərbaycana lazımi yardımı və silah satışını həyata keçirmir".Ölkə başçısının Belçikaya səfəri zamanı NATO-nun baş katibi Anders Foq Rasmussen ilə görüşünü xatırladan politoloqun sözlərinə görə, görüş zamanı Azərbaycanı maraqlandıran və strateji əhəmiyyətə malik olan məsələlər müzakirə edilib: "Görüş zamanı həm silah satışı, həm Azərbaycan ordusunun NATO standartlarına uyğun qurulması və təlim keçməsi kimi məsələlərin müzakirə olunması qaçılmazdır. Bundan əlavə, görüş zamanı Azərbaycanın NATO-ya qəbul olunması və tamhüquqlu üzvü olması məsələsi də gündəmdə dayana bilər. Hərhalda qaçılmazdır ki, bu məsələrin bir qismi müzakirə edilib və gələcəkdə onların həyata keçirilməsi ilə bağlı müəyyən qərarların qəbul edilməsi istiqamətində düşünülür. Bilirsiniz ki, NATO-da bir qayda var. Təşkilat hər hansı bir dövlətlə əməkdaşlıq edirsə, onu perspektivdə özünə üzv olmağa hazır edir, bunun üçün ondan müəyyən təminatlar almağa çalışır. Bundan əlavə, NATO üzvlüyünə namizəd olan ölkələrdən müəyyən islahatların həyata keçirilməsini tələb edir ki, bura demokratiya, insan haqları və digər məsələlər daxildir. Hər kəsə məlumdur ki, NATO təkcə hərbi deyil, həm də siyasi bir təşkilatdır. Ona görə də onun hərbi reformaları ilə yanaşı, siyasi reformaları da var ki, əməkdaşlıq etdiyi ölkələr bu reformalara əməl etməlidirlər. Azərbaycan bu cür tələbləri qəbul etmir. Bu məsələlər nizama salındıqdan sonra Azərbaycanın NATO-ya daha da yaxınlaşması çox sürətlə həyata keçirilə bilər".

sia.az

Digər xəbərlər