"Azərbaycan piratçılığa qarşı beynəlxalq səviyyədə mübarizənin fəal iştirakçılarından biridir. Ölkədə 2013-cü ildə piratçılığın səviyyəsi kitab nəşri sahəsində 2005-ci illə müqayisədə 61%-dən 30%-ə, audio-video məhsulları bazarında 90%-dən 67%-ə, proqram təminatında 96%-dən 87%-ə qədər aşağı düşüb". Bu fikirləri Müəllif Hüquqları Agentliyinin direktoru Kamran İmanov deyib.
K.İmanov bildirib ki, Agentlikdə açılan 960 nömrəli "Qaynar xətt"ə hesabat dövründə 700-ə yaxın müraciət daxil olub, ictimai əsaslarla fəaliyyət göstərən "Hüquq məsləhətxanası"na 500-dən çox vətəndaş müraciət edib, müraciətlərə operativ qaydada baxılması təmin edilib, dövlət və məhkəmə orqanlarının sorğuları əsasında 9 ekspert rəyi hazırlanıb.
Erməni piratçılığına qarşı aparılan mübarizələrdən danışan direktor bildirib ki, xalqın ənənəvi mədəni nümunələrinin (folklor nümunələrinin) və ənənəvi biliklərinin sistemli şəkildə öyrənilərək hüquqi qorunması, erməni plagiatçılığının ifşa edilməsi istiqamətlərində Agentlik tərəfindən 2013-cü ildə "Erməni müəlliflərinin kitablarındakı uydurmalara "müəlliflik hüququ" mövzusunda konfrans Azərbaycan, ingilis və rus dillərində 43 sayt vasitəsilə on-line rejimdə birbaşa İnternetdə yayımlanıb.
"Həmçinin folklor nümunələrimizin və müəllif əsərlərimizin ermənilər tərəfindən oğurlanması faktları barədə Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT), YUNESKO və digər beynəlxalq təşkilatlara məlumatlar və etiraz məktubları göndərilib. Erməni saxtakarlıqlarını ifşa edən "Erməni yadelli nağılları" (müəllif Kamran İmanov) kitabı 2013-cü ildə Azərbaycan dilində nəşr edilib, rus və ingilis dillərində yenidən nəşr edilib və Xarici İşlər Nazirliyi və Diasporla İş üzrə Dövlət Komitəsinin xətti ilə yayılmış, elektron versiyası müxtəlif informasiya agentliklərinin saytlarında yerləşdirilib"-deyə, K.İmanov qeyd edib.
yap.org/az