YAP Nərimanov rayon təşkilatında 20 Yanvar faciəsinin 24-cü ildönümü ilə əlaqədar tədbir keçirilib
Dünən YAP Nərimanov rayon təşkilatı qadınlar şurası 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar tədbir keçirib. İlk öncə Azərbaycan Respublikasının dövlət himni səslənib. Tədbiri giriş sözü ilə açan rayon təşkilatının qadınlar şurasının sədri Məhəbət İbrahimova 20 Yanvar faciəsinin başvermə səbəbləri, keçmiş sovet ordusunun Bakıda törətdiyi cinayətlər haqqında ətraflı məlumat verib. M.İbrahimova deyib ki, 20 Yanvar tariximizin unudulmaz qəhrəmanlıq salnaməsidir: "Həmin gün Azərbaycan xalqı özünün yenilməzliyini, müstəqillik uğrunda mübarizə əzminin sarsılmazlığını bütün dünyaya sübut etdi. Xalqımızın azadlıq uğrunda apardığı mücadilə öz nəticəsini verdi. Uzun illər həsrətində olduğumuz müqəddəs arzuya, azadlığa qovuşduq. 20 Yanvar faciəsinin 24-cü ildönümününü qeyd etdiyimiz bu günlərdə biz ötən illəri xatırlamalı, xalqımızın ağır sınaqlardan necə şərəflə çıxdığını iftixar hissi ilə qeyd etməliyik. Ümummilli Liderimiz Heydər Əliyevin zəngin siyasi təcrübəsi, dövlətçilik məharəti, cəsarətli addımları sayəsində Azərbaycanda anarxiyaya, xaosa son qoyuldu, sabitlik yaradıldı, Ermənistanla müharibədə atəşkəsə nail olundu, xalqımızın sarsılmış inamı özünə qaytarıldı, Azərbaycan müstəqilliyini itirmək təhlükəsindən xilas olaraq sabit və rəvan yola qədəm qoydu".
Millət vəkili Jalə Əliyeva çıxışında bildirib ki, 20 yanvar faciəsi Azərbaycanın və bütövlükdə türk dünyasının faciəsidir. Onun sözlərinə görə, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunları Bakıya yeridilib, dinc əhaliyə divan tutaraq qırğınlar törədiblər: "O müdhiş gecədə əliyalın insanlara, o cümlədən uşaqlara və qocalara qarşı qəddarlıq göstərilib, günahsız qanlar tökülüb. Həmin gün xalqımız böyük faciə ilə üzləşsə də, özünün Vətənə, torpağa sədaqətini, qəhrəmanlığını, azadlıq, müstəqillik uğrunda mübarizliyini, sarsılmazlığını bütün dünyaya sübut etdi. 20 yanvar faciəsi ermənipərəst sovet rəhbərliyinin Azərbaycana qarşı məkrli niyyətini bir daha açıb göstərdi. Hadisədən dərhal sonra xalqımızın böyük oğlu, dünya şöhrətli siyasətçi Heydər Əliyev özünün və ailə üzvlərinin həyatı üçün təhlükəyə baxmayaraq, Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək imperiyanın əsil niyyətlərini bütün dünyaya bəyan etdi. Ulu Öndər xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdandan sonra bu qanlı aksiyaya siyasi-hüquqi qiymət verildi. 24 il əvvəl öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucalıblar. 20 yanvar faciəsi Azərbaycan xalqının azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi yazılıb".
Tədbirdə millət vəkili Kamilə Əliyeva çıxış edərək bildirib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə törədilmiş o dəhşətli hadisələr Azərbaycanda baş qaldıran azadlıq hərəkatına qarşı yönəlmiş amansız bir faciə idi: "Xalqımızın gözünü qorxutmaq, əzmini qırmaq üçün keçmiş imperiya rəhbərliyinin, xüsusilə də Mixail Qorbaçovun əmri ilə Azərbaycana sovet ordusunun nizami qoşun hissələri yeridilib, bunun nəticəsində 137 nəfər günahsız insan qətlə yetirilib, 700-dək adam ağır yaralanıb və xəsarət alıb. Azərbaycanın o dövrdəki səriştəsiz, bacarıqsız rəhbərləri isə faciənin qarşısını almaq, xalqı bu dəhşətli bəladan qurtarmaq əvəzinə, hakimiyyət uğrunda savaşa çıxmışdılar".
Anım mərasimində digər çıxış edənlər də 1990-cı ilin Qanlı Yanvarında Azərbaycan xalqına qarşı misli görünməmiş vəhşilik törədildiyini bildirib, bu faciənin yaranma səbəbləri, tarixi kökləri barədə danışıb, insanlıq əleyhinə olan bu cinayətin cəzasız qalmayacağına əminliklərini ifadə ediblər.
Sonda məktəblilər 20 Yanvar faciəsinə həsr olunmuş ədəbi-bədii kompozisiya təqdim ediblər.
R.HÜSEYNOVA