"Ölkə başçısının Belçikaya səfərini kifayət qədər yüksək qiymətləndirirəm. İlk növbədə onu vurğulamalıyıq ki, Azərbaycan dövlətinin siyasi xətti Cənubi Qafqazdakı prosesləri müəyyənləşdirir". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Zahid Oruc deyib.Onun sözlərinə görə, Azərbaycan NATO ilə münasibətləri daha realist səviyyədə aparmaq mövqeyinə görə soyuqqanlığı ilə seçilir: "Biz, Avro Atlantik məkanla yaxından tərəfdaşlığı çox istəyirik. Lakin bu, birtərəfli qaydada baş verə bilməz. Düşünürəm ki, burada məsələlər regional dövlətlərin basqısına və ciddi təzyiqlərinə məruz qalmayaca formada inkişaf etdirilməlidir. Bu səbəbdən də ölkə rəhbərinin Belçikaya səfəri, NATO-nun baş katibi ilə görüşü və məlum addımlar atması bir daha sübut etdi ki, dövlət başçısı Azərbaycanın təhlükəsizliyi və siyasi mənafeyini qorumaq üçün NATO ilə daha yaxın tərəfdaşlıqda maraqlıdır. Əminəm ki, bu səfər və görüşlər yaxın gələcəkdə ölkəmizin xarici maraqlarına, NATO-nun bölgədə daha da fəallaşmasına təsir göstərəcək". Z. Orucun sözlərinə görə, Prezident İlham Əliyevin Belçikaya səfəri zamanı ən mühüm məsələlərdən biri, ölkə başçısının Əfqanıstanla bağlı atdığı addımdır: "Açıq şəkildə qeyd etməliyik ki, Əfqanıstanın təhlükəsizliyi və stabilliyi daha çox Azərbaycanın atdığı addımlardan asılıdır. Bura təkcə hava məkanından təhlükəsiz qaydada istifadə etmək, beynəlxalq koalisiya qoşunlarının yük daşımalarının bu fəzadan, məkandan keçərək rellaşmasını təmin etmək daxil deyil. Bütün bunlar ölkəmizin mühüm mövqeyidir. Lakin Azərbaycan bu prosesə maddi cəhətdən də dəstək verir. Bütün bu addımlarla ölkəmiz beynəlxalq sülhün, əmin -amanlığın təmin olunmasında regional miqyasdan üstün səviyyədə olduğunu ortaya qoyur. Düşünürəm ki, xarici qüvvələr və NATO bunu nəzərə alacaq. Bu il NATO-ya daxil olan koalisiya qoşunlarının Əfqanıstandan çıxması regionun gələcəyi və hamı üçün maraqlıdır. Biz də orada sülhün təmin olunmasını çox istəyirik. Çünki bunun Azərbaycanda təsiri var. Azərbaycanın əsas hədəfi Əfqanıstanın tez bir zamanda sabitliyə və əmin-amanlığa qovuşmasıdır. Ölkə başçısının səfəri zamanı Əfqanıstanla bağlı atdığı addımlar Qafqaz ölkələri sırasında ölkəmizin beynəlxalq proseslərin irəliləməsində və xarici aləmdə mühüm söz sahibi kimi öz mövqeyini qoruyub saxladığını bir daha sübut etdi".
sia.az