"20 Yanvar faciəsi respublikada milli-azadlıq hərəkatına və demokratik proseslərə təsir göstərsə də, müstəqillik uğrunda xalqımızın apardığı mübarizəni dayandıra bilmədi. Əksinə, 20 Yanvar faciəsi xalqımızın istiqlaliyyət, milli-azadlıq və müstəqillik uğrunda apardığı hərəkata güclü təkan verdi və respublikada siyasi mübarizə yeni tarixi dövrə daxil oldu". Bu fikirləri Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov deyib.
N.Cəfərov bildirib ki, baş verən hadisələr, milli münaqişələr sovetlər imperiyasının çökməsi ilə nəticələndi və Azərbaycan öz tarixi müstəqillik haqqına qovuşdu. Onun sözlərinə görə, Azərbaycanın istiqlalı uğrunda canlarını qurban verən şəhidlərimizin əbədi heykəli hər bir azərbaycanlının ürəyində ucalır.
"Xalqımızın ziyarət yerinə çevrilmiş Şəhidlər xiyabanında yanan əbədi məşəl şəhidlərin ruhuna xalqımız tərəfindən olan ehtiram və dövlətimiz tərəfindən verilən qiymətdir. Haqqın, ədalətin müdafiəsi yolunda canlarını qurban vermiş vətən övladları şəhidlik zirvəsinə ucalmaqla xalqımızın qəhrəmanlıq tarixinə yeni, parlaq səhifələr yazdılar və bununla da 20 yanvar tarixini şərəf və ləyaqət tarixinə çevirdilər"- deyə, N.Cəfərov vurğulayıb.
yap.org.az