Yeni Azərbaycan Partiyası (YAP) uğurlu fəaliyyəti ilə ictimaiyyətin güclü dəstəyini qazanıb. Partiyanın həyata keçirdiyi siyasət bu dəstəyi daha da gücləndirir. YAP-ın müxtəlif sahələri özündə ehtiva edən müxtəlif səpkili layihələrində cəmiyyətin bütün təbəqələri əhatə olunub. Partiyanın yaradılmasının ildönümü hər bir bölgəmizdə sevinclə qeyd edilir.
Yeni Azərbaycan Partiyası (YAP) Quba rayon təşkilatı partiyanın Quba rayon təşkilatının yaradılmasının 21-ci ildönümü ilə əlaqədar Yeni Azərbaycan Partiyasının akt zalında rayon idarə heyəti və şura üzvləri birgə geniş tədbir keçirib.
Tədbiri giriş sözü ilə açan YAP Quba rayon təşkilatının sədri Ədalət Nəbiyev YAP-ın yarandığı gündən keçdiyi uğurlu, parlaq yollardan, tarixdən danışıb: "Gedilən yol insan zəkasının, qüdrətinin, onun iradə və mənəviyyatının güzgüsüdür. Hər bir insanın, təşkilatın, partiyanın həyatı, yaşam tərzi, fəaliyyəti, məram və məqsədləri, nəhayət, cəmiyyət üçün faydası onun seçdiyi yolla bağlıdır. YAP-ın seçdiyi yol xalqa xidmət yoludur. Məhz buna görə də Yeni Azərbaycan Partiyasının, bu mənada, ümummilli siyasi təşkilata, ölkə vətəndaşlarının mütləq əksəriyyətinin inam ünvanına çevrildiyini əminliklə söyləyə bilərik. Bütün bunların səbəbkarı və banisi təbii ki, Ulu Öndər Heydər Əliyevdir. Ümummilli Lider bizlərə həyatı mənalı yaşamağı, vətənə və xalqa xidmət etməyi öyrədib".
Həmçinin, Ə.Nəbiyev YAP-ın yaradılmasının Azərbaycan xalqı üçün nə qədər əlamətdar bir hadisə olduğunu tədbir iştirakçılarının nəzərinə çatdırıb . Daha sonra çıxış edən şura üzvləri və başqaları Yeni Azərbaycan Partiyasının yaradılması və onun gördüyü işlər barədə məlumatları tədbir iştirakçılarının nəzərinə çatdırıblar.
Cahid Süleymanov