Astara rayon icra hakimiyyəti və Yeni Azərbaycan Partiyası Astara rayon təşkilatının birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 24-cü ildönümü ilə əlaqədar rayon təşkilatının qərargahında tədbir keçirilib.
Rayonun təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin, digər idarə- təşkilatların kollektivləri, ərazi icra nümayəndələri, qeyri-hökumət təşkilatlarının və ictimaiyyətin nümayəndələri, partiya fəallarının iştirak etdiyi tədbirdə YAP Astara rayon təşkilatının sədri Firudin Əhmədov keçmiş sovet ordusunun 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda törətdiyi qətliamdan bəhs edib. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin həmin ağır günlərdə Moskvada xalqımızla həmrəylik nümayiş etdirdiyini, bu qətliamı pisləyən bəyanatla çıxış etdiyini diqqətə çatdıran F.Əhmədov bildirib ki, sonradan Azərbaycana qayıdan Ulu Öndər dağılmaq təhlükəsi ilə üzləşən ölkənin xilaskarı olub.
Rayon təşkilatının sədri onu da vurğulayıb ki, 20 Yanvar Azərbaycanın azadlıq və müstəqillik mübarizəsi tarixində mühüm bir mərhələ olub: "20 Yanvar hadisəsi xalqımızın milli mənliyinə, milli azadlıq ruhuna qarşı təcavüz idi. Bu faciəni törətməklə, totalitar sovet rejimi özünün cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi. Biz 20 Yanvarı milli matəm, hüzn günü kimi qeyd edirik, ancaq o müdhiş gecəni həm də iftixar hissi ilə xatırlayırıq. Azərbaycan xalqına qarşı törədilmiş cinayət, tökülmüş nahaq qanlar, insanlarımızın vəhşicəsinə qətlə yetirilməsi xalqımızın müstəqillik uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin gecə Azərbaycan xalqı özünün yenilməzliyini, qəhrəmanlığını, Vətənə, torpağa sədaqətini, azadlıq uğrunda mübarizə qüdrətini bütün dünyaya bəyan etdi. Məhz bu fədakarlıq və iradə sayəsində xalqımız müqəddəs arzusuna çatdı, milli azadlığına qovuşdu. Azərbaycan qısa müddət ərzində müstəqil, sürətlə inkişaf edən dövlət kimi dünya birliyində özünün layiqli yerini tutmağa nail oldu".
Tədbirdə rayon Ağsaqqallar Şurasının sədri Hamlet Əliyev, icra hakimiyyətinin məsul işçisi Mərasim Hacıyev, rayon qadınlar şurasının sədri Aygül Məmmədova, rayon təhsil şöbəsi müdirinin müavini Faiq Həsənov, YAP Astara rayon təşkilatı gənclər birliyinin sədri Renat Fərzəliyev, Astara Pedaqoji Kollecin müəllimi Elçin Mahmudov, Astara şəhər 1 saylı tam orta məktəbin müəllimi Gülnar Məmmədova və başqaları çıxış edərək bildiriblər ki, Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev müdrik və çoxşaxəli fəaliyyətində tarixilik və müasirlik amilini əsas tutaraq milli-mənəvi dəyərlərimizin, qan yaddaşımızın qorunub saxlanılması və inkişaf etdirilməsinə xüsusi diqqət yetirir: "Müstəqilliyimizin əldə olunmasında, qorunub saxlanılması və möhkəmləndirilməsində rolu olan insanlara qayğı ilə yanaşır. Gündən-günə Azərbaycanın dövlət müstəqilliyi daha da möhkəmlənir, ölkəmiz sürətlə inkişaf edir, qüdrətlənir. Ordumuz gücləndikcə torpaqlarımızın erməni işğalından azad ediləcəyi gün yaxınlaşır".
ÜLVİ