PDF Oxu

Siyasət

  • 30

İlham Əliyev: “Azərbaycanda iqtidarla xalq arasındakı birlik bizi daha da böyük uğurlara gətirib çıxaracaq”

İlham Əliyev: “Azərbaycanda iqtidarla xalq arasındakı birlik bizi daha da böyük uğurlara gətirib çıxaracaq”

Yanvarın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Milli Qəhrəman Çingiz Mustafayev Fondu və ANS Şirkətlər Qrupunun "2013-cü ilin adamı" mükafatının təqdim olunması mərasimi keçirilib. Yüksək mükafata görə minnətdarlıq edən Prezident İlham Əliyev öz fəaliyyəti ilə ölkəmizi gələcəkdə də inkişaf etdirməyə çalışacağını bildirdi.

"Sizin verdiyiniz belə yüksək qiymət məni daha da ruhlandırır", - deyən dövlətimizin başçısı "İlin adamı" mükafatını təqdim edən ANS-in ölkədə ilk müstəqil telekanal olduğunu xatırlatdı, Azərbaycanda müstəqil jurnalistikanın inkişafında onun xüsusi rolunu vurğuladı: "2014-cü il başlayır. Sizi Yeni il bayramı, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbrik etmək istəyirəm. Əminəm ki, 2014-cü ildə də ANS Şirkətlər Qrupu uğurla fəaliyyət göstərəcək və Azərbaycan tamaşaçılarını yeni layihələrlə sevindirəcəkdir. Bugünkü mərasim mənə həsr edilibdir. Mən bu yüksək mükafata görə sizə minnətdaram. İlk növbədə, Milli Qəhrəman Çingiz Mustafayev adına Fonda, Fondun rəhbərliyinə, ANS Şirkətlər Qrupuna minnətdaram ki, siz mənim fəaliyyətimi yüksək qiymətləndirirsiniz. Əslində bu, mənim vəzifə borcumdur. Mən çalışıram və çalışacağam ki, öz işimlə doğma ölkəmizi inkişaf etdirək, irəliyə aparaq, qarşımızda duran bütün vəzifələri icra edək. Sizin mənə verdiyiniz belə yüksək qiymət əlbəttə ki, məni daha da ruhlandırır. Bu mükafatın öz yeri vardır. Mən artıq Prezident kimi 10 illik fəaliyyətim dövründə bir çox mükafatlarla təltif edilmişəm, ancaq bu mükafatın xüsusi yeri vardır. Çünki bu mükafatı mənə təqdim edən teleşirkət Azərbaycanda birinci müstəqil telekanaldır və Azərbaycanda müstəqil jurnalistikanın inkişafında ANS şirkətinin böyük rolu vardır. Mən bu rolu yüksək qiymətləndirirəm və çalışıram ki, sizin verilişlərinizi izləyim. Xüsusilə, vətənpərvərlik mövzuları ilə bağlı olan verilişlər daha böyük maraq doğurur. Hesab edirəm ki, cəmiyyətimizin gələcək inkişafı üçün belə verilişlərin sayının artırılması məqsədəmüvafiq olardı."

ANS Şirkətlər Qrupunun vitse-prezidenti Mirşahin Ağayev 2001-ci ildən verilən bu mükafatın ideya təməlində vətənpərvərlik amilinin və xalqımıza göstərilən xidmətlərin dəyərləndirilməsinin dayandığını söylədi.

ANS Şirkətlər Qrupunun prezidenti, Milli Qəhrəman Çingiz Mustafayev Fondunun idarə heyətinin üzvü Vahid Mustafayev bildirdi ki, Prezident İlham Əliyev bu mükafata vətəndaşların etimadını qazanaraq Prezident seçilməsinə, BMT Təhlükəsizlik Şurasının sədri kimi ölkəmizin nüfuzunun dünyada gedən proseslərə təsir göstərə biləcək səviyyəyə çatdırılmasına, Azərbaycanın kosmik dövlətlər sırasına qoşulmasına, iqtisadi inkişaf tempini qoruyub saxlamasına, "Şahdəniz-2", Trans-Adriatik və Trans-Anadolu layihələrinin uğurla həyata keçirilməsi ilə Avropanın enerji təhlükəsizliyində mühüm rol oynamasına, Avropa İttifaqına üzv ölkələr ilə sadələşdirilmiş viza rejiminə keçidə nail olunmasına, rəsmi Bakının regionda ardıcıl və prinsipial siyasət yürütməsinə görə layiq görülmüşdür:

"İlham Əliyev hər bir azərbaycanlının prezidenti olacağı barədə verdiyi vədi 2013-cü ildə də ləyaqətlə yerinə yetirdi. Vətəndaş ən çətin günündə onun taleyinə həssas münasibət bəsləyən, maddi və mənəvi dəstəyi ilə hər an onun yanında olan yaxın dostunun, qardaşının - dövlət başçısının qayğısını hiss edir. Başqa ölkədə həbs edilən alim Xalidə Xalid, Azərbaycanın böyük şairi Vaqif Səmədoğlu, körpə İmran Cəfərov və digərləri bu diqqətdən bəhrələndi. Prezident hər bir məmuru xalqa xidmətə dəvət etməklə xalqın hörmət və ehtiramını nə qədər uca tutduğunu nümayiş etdirdi, dövlətə etimadı gücləndirdi. Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü kurs bir sıra hallarda regional siyasi düzənin tamamilə dəyişməsinə, proseslərin tam başqa məcraya yönəlməsinə də gətirib çıxardı.

Bütün bunları nəzərə alan Milli Qəhrəman Çingiz Mustafayev adına Fond və ANS Şirkətlər Qrupu Azərbaycan Prezidenti İlham Əliyevi "2013-cü ilin adamı" elan etməyi qərara almışdır. Biz bir müstəqil media qurumu olaraq bütün dediklərimizi, eyni zamanda, tarixə köçürmüşük və bu, bizim peşəkar işimizdir, vəzifəmizdir. Cənab Prezident, 2013-cü il həm də böyük azərbaycanlı Heydər Əliyevin 90 illiyi ilə yadda qaldı. O, bu gün bizim aramızda olmasa da, Sizin simanızda onun yolunu ləyaqətlə və daha böyük vüsətlə davam etdirən bir oğulla, əsl varislə fəxr edərdi. Beləliklə, Azərbaycan vətəndaşlarının etimadını qazanaraq ölkə Prezidenti seçilməsi, Azərbaycanın nüfuzunun BMT Təhlükəsizlik Şurasının sədri kimi dünyada gedən proseslərə təsir göstərə biləcək həddə çatdırılması, ölkəmizin kosmik dövlətlər cərgəsinə qoşulması, uğurlu iqtisadi inkişaf tempini qoruyub saxlayaraq, "Şahdəniz-2", TAP və TANAP layihələrinin uğurla həyata keçirilməsi ilə Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rol, Avropa İttifaqına üzv olan ölkələr ilə sadələşdirilmiş viza rejiminə keçidə nail olmasına görə İlham Heydər oğlu Əliyev "2013-cü ilin adamı" elan edilir. İndi isə icazə verin, diplomu və mükafatları təqdimetmə mərasiminə keçək. On min manatlıq çeki Sizə təqdim edirəm. Bir də ənənəvi olaraq şəxsən Sizin üçün hazırlanmış bu saatı Sizə təqdim edirəm. Həmişə saatla, vaxtında bizə rəhbərlik etməyinizə və işləri irəli aparmağınıza görə Sizə təşəkkür edirəm."

Sonra mükafat Prezident İlham Əliyevə təqdim edildi. Dövlətimizin başçısı pul mükafatının ənənəvi olaraq Silahlı Qüvvələr Fonduna köçürüləcəyini, ona təqdim olunan saatın isə muzeydə saxlanılacağını bildirdi. Azərbaycan Prezidenti 2013-cü ilin həqiqətən də uğurlu olduğunu, ilin əvvəlində "ASAN xidmət"in yaradıldığını, bu xidmətin korrupsiya və rüşvətxorluğa qarşı aparılan mübarizəyə yardım etdiyini vurğuladı. "Şahdəniz-2" layihəsi üzrə yekun investisiya qərarının imzalanması ilə 2013-cü ilə gözəl yekun vurulduğunu deyən dövlətimizin başçısı bu hadisənin ölkəmizin siyasi və iqtisadi maraqlarını təmin edəcəyini bildirdi.

Prezident İlham Əliyev 2013-cü ildə "Azərspace -1" peykinin fəzaya buraxılmasını ilin mühüm hadisələrindən biri adlandırdı. Dövlətimizin başçısı peykin idarə edilməsinin artıq Azərbaycan mütəxəssisləri tərəfindən həyata keçirilməsinin önəmini qeyd etdi.

Ötən ilin yaddaqalan hadisələri sırasında Davos Forumunun Azərbaycanda keçirilməsini, ölkəmizin iqtisadi inkişaf templərinə görə Avropa qitəsində birinci olduğunu, sosial sahədə ciddi islahatlar aparıldığını, sovet əmanətlərinin MDB məkanında ən böyük əmsalla məhz Azərbaycan vətəndaşlarına verildiyini, təhsil, ordu quruculuğu, sosial sahələrdə çox ciddi islahatların həyata keçirildiyini və bu islahatların artıq öz bəhrəsini verdiyini deyən Prezident İlham Əliyev BMT Təhlükəsizlik Şurasına sədrliyi dövründə ölkəmizin mövqeyinin ədalətə söykəndiyini, dünyada Azərbaycana olan dəstəyin artdığını vurğuladı: "2013-cü ildə digər hadisələr də baş verdi. Davos Forumunun Azərbaycanda keçirilməsini siz də qeyd etdiniz. Cənubi Qafqazda və Orta Asiyada bu Forum ilk dəfə məhz Bakıda keçirilmişdir. Mövzu da Cənubi Qafqaz və Orta Asiya məsələləri ilə bağlı idi. Yəni, Azərbaycanın burada mərkəz kimi formalaşması iqtisadi sahədə də artıq reallaşıbdır. Bildiyiniz kimi, Davos Forumu Azərbaycanda aparılan iqtisadi islahatları yüksək qiymətləndirir, ölkələrin rəqabət qabiliyyətliliyinə görə bizi dünya miqyasında 39-cu yerə layiq görmüşdür. Bu, çox böyük göstəricidir. MBD-də birinci yerdəyik və bir çox inkişaf etmiş ölkələri də qabaqlamışıq. İqtisadiyyatın rəqabət qabiliyyətliliyini artırmaq üçün bizim konkret proqramlarımız vardır.

2013-cü il iqtisadi sahədə də yaddaqalan olmuşdur. Avropa qitəsində iqtisadi inkişaf templərinə görə Azərbaycan birinci ölkə olmuşdur. Artıq biz buna öyrəşmişik. Vahid müəllim dediyi kimi, biz bir çox məsələlərə öyrəşmişik. Əlbəttə ki, mən də bunu qeyd edirəm və çox sevinc hissi ilə qeyd edirəm. Çünki bəzi hallarda mənə də deyirlər ki, bəs, insanlar buna öyrəşiblər. Yada salsınlar ki, Azərbaycan iyirmi il əvvəl hansı vəziyyətdə idi. Dedim, bu, çox yaxşıdır ki, öyrəşiblər. Ona görə ki, bu reallıq artıq hər yerdə özünü büruzə verir, hər yerdə özünü göstərir. Biz daha da yaxşı şəraitə öyrəşməliyik və öyrəşəcəyik. Mən həmişə demişəm ki, Azərbaycan xalqı daha da yaxşı həyata layiqdir. Biz hamımız bu həyatı təmin etməliyik. Ancaq Avropada iqtisadi sahədə əlbəttə, birinci olmaq hesab edirəm ki, böyük göstəricidir. Əgər mən digər göstəriciləri əlavə etsəm görərik ki, biz inkişaf etmiş Avropa ölkələrini bir çox parametr üzrə geridə buraxmışıq - dövlət borcu, büdcə kəsiri ilə, investisiyalarla bağlı.

İdarəetmədə ciddi islahatlara ehtiyac vardır. Çünki mən dəfələrlə demişəm ki, biz əlbəttə, iqtisadi cəhətdən özümüzü çox rahat hiss edirik. Bu gün heç kimə borclu, möhtac deyilik. Bizim iqtisadi müstəqilliyimiz siyasi müstəqilliyimizi də şərtləndirir. Ona görə, biz inamla prinsipial siyasət aparırıq, nəyin bahasına olursa-olsun Azərbaycan xalqının, dövlətinin maraqlarını müdafiə edirik və bunu edə bilirik. Biri var ki, bunu etmək istəyəsən, biri də var ki, bunu edə biləsən. Biz elə bir güclü iqtisadiyyat yaratmışıq ki, bunu edə bilirik. Ancaq ölkəmizin gələcək uğurlu inkişafı üçün bu, yetərli deyildir. Bizim cəmiyyətimiz müasirləşməlidir. Dünyada mövcud olan ən müsbət praktika Azərbaycanda tətbiq edilməlidir, əlbəttə ki, əgər bizim milli adət-ənənələrimizə zidd deyilsə. Elə bir cəmiyyət qurulmalıdır ki, burada problemlər minimum səviyyəsində olsun. Əlbəttə, siz jurnalistlər də yaxşı bilirsiniz, dünyada elə bir cəmiyyət yoxdur ki, orada bütün problemlər həll edilsin. Ancaq hər halda hər bir iqtidar və hər bir cəmiyyət buna çalışmalıdır. Mən hesab edirəm ki, Azərbaycanda iqtidarla xalq arasındakı birlik və vahid ideyalar uğrunda mövcud olan vəhdət bizi daha da böyük uğurlara gətirib çıxaracaqdır." . Prezident İlham Əliyev medianın həyatımızdakı vacib rolundan danışdı və Azərbaycanda bütün azadlıqların mövcud olduğunu dedi. Dövlətimizin başçısı qeyd etdi ki, ANS telekanalı müstəqil jurnalistikanın inkişafına gələcəkdə də töhfə verəcəkdir. Prezident İlham Əliyev əmin olduğunu bildirdi ki, 2014-cü il də Azərbaycan üçün uğurlu olacaq. Sonda xatirə şəkli çəkdirildi.

Digər xəbərlər