PDF Oxu

Siyasət

  • 32

Litva Seyminin deputatı Yuras Pojera: Bakıda və Vilnüsdə törədilmiş faciəli Yanvar hadisələri ilə bağlı anım tədbirlərinin keçirilməsi ənənəyə çevriləcəkdir

Litva Seyminin deputatı Yuras Pojera: Bakıda və Vilnüsdə törədilmiş faciəli Yanvar hadisələri ilə bağlı anım tədbirlərinin keçirilməsi ənənəyə çevriləcəkdir

Litva Seyminin Konstitusiya zalında 1990-cı ildə Bakıda və 1991-ci ildə Vilnüsdə törədilmiş faciəvi yanvar hadisələrinə həsr olunmuş anım tədbiri keçirilmişdir. Tədbir Azərbaycan ilə Parlamentlərarası Əlaqələr Qrupu, Azərbaycanın Litvadakı Gənclər Təşkilatı (AYOL) və 13 yanvar Litvanın Müstəqilliyinin Müdafiə Qardaşlığı Təşkilatı tərəfindən təşkil olunmuşdur. Tədbirdə Litva Seyminin vitse-spikeri, deputatlar, ölkənin görkəmli ictimai-siyasi xadimləri, hökumət üzvləri, səfirliyin, AYOL-un, Azərbaycan diasporunun nümayəndələri, Litvanın ali məktəblərində təhsil alan azərbaycanlı tələbələr iştirak etmişlər.

Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Tədbirin iştirakçıları adından Antakalnis qəbiristanlığında uyuyan müstəqillik fədailərinin məzarları üzərinə tər çiçəklər düzülmüşdür.

Litva Seyminin deputatı, Litva-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Yuras Pojera anım tədbirini açaraq demişdir ki, Bakıda və Vilnüsdə törədilmiş faciələr SSRİ-nin digər respublikalarında sonrakı tarixi hadisələrə təsir göstərmiş, kommunist rejiminin süqutunu sürətləndirmişdir. Yuras Pajera Litva seymində anım tədbirinin ikinci dəfə keçirildiyini qeyd edərək demişdir ki, dövlətlərimizin tarixi iki xalqı bir-birinə yaxınlaşdırmışdır. Onlar tarixin belə kədərli hadisələrinin təkrarlanmaması üçün öz keçmişlərini unutmamalıdırlar.

Dağlıq Qarabağ münaqişəsinə toxunan qrupun sədri Azərbaycan ərazisinin 20 faizinin işğal altında olduğunu toplaşanların diqqətinə çatdırmış və qeyd etmişdir ki, bu torpaqlar geri qaytarılmalıdır. Yuras Pojela çıxışının sonunda bildirmişdir ki, Litva seymi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Azərbaycan xalqı ilə həmrəy olduğunu bildirir.

Azərbaycanın Litvadakı fövqəladə və səlahiyyətli səfiri Həsən Məmmədzadə demişdir ki, bugünkü anım tədbiri Bakıda Qanlı Yanvarın 24-cü ildönümünə və Vilnüsdə faciəli hadisələrin 23-cü ildönümünə həsr olunmuşdur. Səfir qeyd etmişdir ki, sovet imperiyasının rəhbərliyi Azərbaycanda müstəqillik uğrunda möhkəmlənən hərəkatı yatırmaq və kommunist rejiminin süqutunun qarşısını almaq üçün əbəs yerə cəhd göstərmişdir. Kommunist rejimi insan hüquqları və azadlıqlarının, vətənin ərazi bütövlüyünün pozulmasına qarşı öz etirazını bildirmək üçün toplaşmış sadə insanları cəzalandırmaq istəyirdi. Həsən Məmmədzadə qeyd etmişdir ki, 1990-1991-ci illərin qanlı hadisələri Azərbaycan xalqının tarixində yeni səhifə açdı. 20 Yanvar milli istiqlaliyyət və azadlıq uğrunda mübarizə rəmzinə çevrilən bir gün oldu.

Səfir bu faciəli və qəhrəmanlıq günlərində Litva xalqı ilə həmrəy olduğunu bildirmişdir.

Azərbaycan və Litva xalqlarının taleyində ümumi məqamlar çoxdur. Avropa parlamentini üzvü, Ali Şuranın – Bərpa Seyminin sədri Vitautas Landbergis öz çıxışına bu sözlərlə başlamış və demişdir: Bu gün biz arası bir il çəkmiş qırğınların - Bakıda və Vilnüsdə törədilmiş Yanvar hadisələri qurbanlarının işıqlı xatirəsini yad edirik. Həmin dövrdə dalbadal Azərbaycan, Gürcüstan və Litva xalqlarına qarşı cinayətlər törədilmişdi. Sovet imperiyası təhlükəsi qarşısında Litvanın bir qrup deputatı Kreml rəhbərliyinə dövlətin öz vətəndaşlarına qarşı qoşunlardan və ordudan istifadə etməklə hərbi əməliyyatlar keçirməsinin yolverilməzliyi haqqında qanun layihəsi təqdim etmişdi. Məhəl qoyulmamış bu qanun layihəsi qəbul edilsəydi, Bakıda qırğın törədilməzdi. Bakıda baş vermiş Yanvar hadisələri kommunizm rejimindən xilas olub müstəqillik qazanmağa cəhd göstərən digər respublikalar üçün bir xəbərdarlıq oldu.

Vitautas Landbergis etiraf etmişdir ki, Azərbaycanda törədilmiş faciəyə kifayət qədər diqqət yetirilməmişdir.

Sonra A.Konçalovskinin "Hakimiyyət yükü. Heydər Əliyev" sənədli filmindən fraqmentlər göstərilmişdir.

Tədbirdə çıxış edən seymin deputatı, Azərbcaycan ilə dostluq qrupu sədrinin müavini Mantas Adomenas, seymin vitse-spikeri Algirdas Sisas qeyd etmişlər ki, 20 yanvar və 13 yanvar müstəqillik uğrunda mübarizədə qələbənin genetik kodu olmuşdur. Bu qanlı hadisələr insanları iqtisadi əməkdaşlıqdan daha çox birləşdirir. Litva deputatları demişlər: "Nə qədər ki Azərbaycan əraziləri işğal altındadır, nə qədər ki ölkədə qaçqınlar vardır, deməli, tam azadlıq əldə edilməmişdir. Litva ədalətin bərqərar olmasına çalışacaqdır".

Lyaunas Qrinskasın "Gözləmə" sənədli filminin nümayişindən sonra deputat Yuras Pojera qeyd etmişdir ki, Bakıda və Vilnüsdə törədilmiş faciəli Yanvar hadisələrinə həsr edilmiş anım tədbirlərinin keçirilməsi ənənəyə çevriləcəkdir.

yap.org.az

Digər xəbərlər