Azərbaycanın Türkiyədəki səfirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Avrasiya Qeyri-Hökumət Təşkilatları Əməkdaşlığı Dərnəyi və "EkoAvrasiya" təşkilatının birgə təşkilatçılığı ilə Ankarada "Qarabağ problemi: haradan haraya" mövzusunda Beynəlxalq konfrans keçirilmişdir.
Konfrans iştirakçıları əvvəlcə 20 Yanvar faciəsi qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər. Sonra Azərbaycanın Türkiyədəki səfirliyinin təşkil etdiyi 20 Yanvar faciəsindən bəhs edən fotosərgiyə baxmışlar.
Konfransda çıxış edən Türkiyənin Avropa İttifaqı üzrə nazirinin müavini Ələddin Büyükkaya bildirmişdir ki, Azərbaycan ilə Türkiyə ortaq tarixi, mədəniyyəti və qardaşlığı olan ölkələrdir. Dövlətlərimiz bundan sonra da qardaşlıq şəraitində gələcəyə birgə addımlayacaqlar. Biz, bu həmrəylikdən qürur duyuruq. İki strateji tərəfdaş olan ölkələrimiz bütün məsələlərdə daim birlikdə hərəkət etmişlər. Cənubi Qafqazda sülh və sabitlik məsələlərinə də baxışımız eynidir.
Nazir müavini demişdir ki, Azərbaycanda ötən il oktyabrın 9-da keçirilmiş uğurlu prezident seçkisindən sonra xalqın etimadını qazanan Prezident İlham Əliyev ilk rəsmi səfərini də Türkiyəyə etmişdir. Bu, ölkələrimiz arasında əlaqələrin yüksək səviyyəsini göstərir. Eyni zamanda, səfər zamanı Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclası keçirilmişdir. Bu iclasda tərəfləri maraqlandıran bütün məsələlər üzrə tam fikir birliyi olmuşdur.
Konfransda çıxış edən Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov bildirmişdir ki, konfransın 20 yanvar tarixində keçirilməsi təsadüfi deyildir. Bu tarix Azərbaycan xalqı üçün qanlı bir faciə günü olmaqla yanaşı, müstəqil dövlət qurmaq yolunda qəhrəmanlıq səhifəsidir. Həmin qanlı gecədə erməniləri dəstəkləyən sovet rəhbərliyinin fərmanı ilə Bakı şəhərində dinc əhaliyə qarşı amansız qətliam həyata keçirilmişdir. Məqsəd Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin ermənilərə verilməsinə etiraz edən xalqı qorxutmaq idi. Lakin, bu faciə Azərbaycan xalqını daha da mübariz etdi və müstəqillik uğrunda əzmini artırdı.
Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Necdət Ünüvar çıxışında bildirmişdir ki, 20 Yanvar qətliamını, eləcə də Xocalı soyqırımını törədənlər öz vəhşiliklərini açıq şəkildə etiraf etmişlər. Onlar mətbuata verdikləri müsahibələrdə, yazdıqları kitablarda nəinki bu cinayətləri etiraf etmiş, hətta bununla fəxr etdiklərini bildirmişlər. Gələcəkdə bu cür faciələrə məruz qalmamaq üçün bütün türk dünyası beynəlxalq lobbiçilik fəaliyyətlərində həmrəy və daha güclü olmalıdır.
Vurğulanmışdır ki, türk dünyasının iki qüdrətli qardaş ölkəsi olan Türkiyə və Azərbaycan böyük nailiyyətlərə imza atmış, BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olmaq xoşbəxtliyini yaşamışlar.
Konfransda çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev, Giresun Universitetinin rektoru, professor Aygün Attar, Türkiyənin millət vəkili İsmayıl Safi, professorlar Cəmaləddin Taşkıran, Hayati Aktaş və başqaları Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin səbəbləri, beynəlxalq miqyasda bu problemə yanaşma, bölgədə geosiyasi reallıq, Xocalı soyqırımının dünyada tanınması istiqamətində görülən işlər və digər mövzularda məruzələrlə çıxış etmişlər.
yap.org.az