"Bizdən olmayan düşmənimizdir" prinsipi ilə idarə olunan Milli Şura və bu qurumu inhisarına keçirmiş AXCP, eləcə də partiyaya mənsub "Azadlıq" qəzeti ittihamlarını davam etdirməkdədir. SİA-nın məlumatına görə, budəfəki hədəf "El" Hərəkatının sədr müavini Zəfər Quliyev olub. Belə ki, "Azadlıq" qəzeti Zəfər Quliyevin "Yeni Müsavat" qəzetinə müsahibə verməsini əsas gətirərək, onu sərt şəkildə ittiham edib: "Zəfər Quliyevin Milli Şuradan çıxması əhəmiyyətli hadisə olmadığına görə onun bu addımına hər hansı reaksiya verilmədi. Görünür, politoloq da bunun fərqindədir. Ona görə də Milli Şura əleyhinə fikirlər bildirməklə gündəmə gəlmək istəyir... Zəfər Quliyev politoloqdur. İnanmırıq ki, o, bu sahədə həqiqəti dərk etmir. Əlbəttə ki, dərk edir, amma nə edəsən ki, "Yeni Müsavat"dan maaş alır".
Lakin "Azadlıq"ın ittihamları cavabsız qalmayıb. Politoloq bununla bağlı bildirib ki, ona qarşı irəli sürülən fikirlər neobolşevizm nümunəsidir: "Mən Milli Şuranın böhranlı vəziyyətə düşməsi, bir partiyanın dominantlığına keçməsindən təəssüfümü bildirmişəm. Mənim təəssüflənməyimi "Azadlıq" o şəkildə qarşılayıbsa, bundan da təəssüflənməliyəm ki, görün həmin qəzet nə günə düşüb. Fərqli fikrə, hətta təəssüfün ifadə edildiyi rəyə də damğa yapışdırırlar, qərəzli yanaşırlar. Belə çıxır ki, kim onların mövqeyi ilə razı deyilsə, düşməndir, qəzərzlidir. Kim tənqidi fikir işlədirsə, dərhal "satqın, düşmən" elan edirlər. Mən bir-iki ay əvvəl mediada, sosial şəbəkədə deyəndə ki, bəzi müxalifətçilərdə, siyasi qüvvələrdə neobolşevizm təhlükəsi yaranır. Mən bu tendensiyanı görürdüm. İndi açıq görünür ki, həqiqətən də onlar neobolşevizmə yoluxublar…Bu, yanaşma "Azadlıq" qəzetini və bu cür yanaşma ilə davranan siyasətçiləri hara aparacaq?! Onların düşdüyü duruma ancaq təəssüflənmək olar".
sia.az