PDF Oxu

Siyasət

  • 25

İlham Əliyev: “İndiki Ermənistan əslində Azərbaycanın tarixi torpağıdır. Ona görə, gələcəkdə biz bütün tarixi torpaqlara qayıdacağıq”

İlham Əliyev: “İndiki Ermənistan əslində Azərbaycanın tarixi torpağıdır. Ona görə, gələcəkdə biz bütün tarixi torpaqlara qayıdacağıq”

Yanvarın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gəncə şəhərində Heydər Əliyev park-kompleksinin və Heydər Əliyev Mərkəzinin açılışında iştirak edib. Dövlətimizin başçısı əvvəlcə yenidən qurulan Heydər Əliyev Parkında Ulu Öndərin abidəsini ziyarət etdi. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev Prezident İlham Əliyevə Heydər Əliyev Parkında aparılan yenidənqurma və abadlıq işləri barədə məlumat verdi. Qeyd olundu ki, parkda yenidənqurma işlərinə 2012-ci ildə başlanılıb. Heydər Əliyev Parkının girişində möhtəşəm "Zəfər tağı"ı ucaldılıb.

Orjinal layihə əsasında inşa olunan bu istirahət ocağında muzey və kafe də fəaliyyət göstərəcəkdir. Buraya gələn qonaqlar "Zəfər tağı"nın açıq seyrəngahından şəhərin və Heydər Əliyev Parkının mənzərəsini seyr edə biləcəklər. Göz oxşayan xiyabanda böyük həcmdə yaşıllaşdırma işləri həyata keçirilmiş və burada istirahət üçün hər cür şərait yaradılmışdır. Parkda yaradılan süni göl və orijinal şəlalə bu məkana xüsusi gözəllik verir. Bundan başqa, park kompleksində müxtəlif məişət obyektləri, əyləncə mərkəzi, istirahət guşələri və uşaqlar üçün nağıl qəhrəmanlarını canlandıran "Disneyland" əyləncə mərkəzi də fəaliyyət göstərəcəkdir.

Hazırda parkda Gənclər üçün əyləncə mərkəzi və qış parkının tikintisi davam etdirilir. Daha sonra Prezident İlham Əliyev Gəncədə möhtəşəm layihə əsasında yeni tikilən Heydər Əliyev Mərkəzinin açılışında iştirak etdi. Dövlətimizin başçısı Mərkəzin rəmzi açılışını bildirən lenti kəsdi. Mərkəzlə tanış olan Prezident İlham Əliyevə burada görülən işlər barədə ətraflı məlumat verildi. Heydər Əliyev Mərkəzi ilə tanışlıqdan sonra Prezident İlham Əliyev Gəncə şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşdü:

"Biz bu möhtəşəm Heydər Əliyev Mərkəzinin açılışına toplaşmışıq. Bu gözəl hadisə münasibətilə sizi və bütün gəncəliləri ürəkdən təbrik edirəm. Düz iki il bundan əvvəl - 2012-ci il yanvarın 21-də bu parkın təməl daşı qoyulmuşdur. Gözəl təsadüfdür ki, düz iki ildən sonra biz parkın və möhtəşəm Mərkəzin açılışını qeyd edirik. Bu parkın və Mərkəzin yaradılması çox böyük hadisədir. Möhtəşəm Mərkəz Ulu Öndərin xatirəsinə gözəl abidədir, burada Ulu Öndərin həyat və fəaliyyətinin bütün anları, bütün mərhələləri əks olunub. Eyni zamanda, istənilən beynəlxalq tədbirin keçirilməsi üçün də gözəl imkanlar vardır.

Eyni zamanda, bu böyük parkın yaradılması bir möcüzədir. Deyə bilərəm ki, Azərbaycanın ən böyük parkıdır. Ərazisi 450 hektar, uzunluğu 2 kilometrdir. Gəzinti, istirahət üçün bütün imkanlar vardır. Cəmi iki il ərzində demək olar ki, yeni gözəl bir məhəllə yaradılmışdır. Əminəm ki, bu parkın ətrafında gələcəkdə yeni yaşayış binaları da tikiləcəkdir. Belə layihələr vardır.

Dünyada bir neçə böyük park vardır. Onlardan biri də Gəncə parkıdır. Dünyanın beş ən böyük parkı arasında artıq Gəncə parkı da vardır. Bu, əlbəttə ki, bizim hamımızı - nəinki gəncəliləri, bütün Azərbaycan xalqını sevindirir. Çünki boş ərazidə iki il ərzində belə möhtəşəm parkın, Mərkəzin yaradılması gəncəlilərin öz diyarına olan məhəbbətinin əlamətidir. Mən sizi bütün bu uğurlar münasibətilə ürəkdən təbrik edirəm. Gəncənin gələcək inkişafı ilə bağlı konkret fikirlər, planlar vardır. Əminəm ki, onların hamısı reallaşacaq və Gəncənin inkişafı üçün əlavə işlər də görüləcəkdir.

Bütövlükdə ölkəmizdə işlər yaxşı gedir. Biz 2013-cü ili yaxşı nəticələrlə başa vurmuşuq. 2014-cü il də yaxşı başlayıbdır. Biz ilin birinci ayında sizinlə görüşürük. Əminəm ki, 2014-cü il də Gəncə, bütün başqa şəhər və rayonlarımız üçün uğurlu il olacaqdır. Çünki iqtisadiyyat artır, sosial məsələlər öz həllini tapır, Azərbaycan beynəlxalq müstəvidə öz yerini möhkəmləndirir. Bir sözlə, bu ili də uğurla başa vurmaq üçün bütün imkanlar vardır. Sadəcə olaraq, biz fəal işləməliyik, hərə öz yerində öz zəhməti, işi ilə doğma Vətənimizin inkişafına töhfəsini verməlidir. Mən gəncəlilərin fəaliyyətini xüsusilə qeyd etmək istəyirəm. Siz həmişə öz dövlətinizə çox bağlı olmusunuz, müstəqilliyimizin möhkəmlənməsində də fəal olmusunuz. Azərbaycan Demokratik Respublikası da Gəncədən başlayıbdır. Bu dövlətçilik ənənələri yaşayır, yaşayacaqdır. Ölkəmizin inkişafı üçün bütün lazımi tədbirlər görülür, görüləcəkdir. Azərbaycan bundan sonra da yalnız irəliyə gedəcəkdir. Bir daha sizi ürəkdən salamlayıram və təbrik edirəm."

Gəncə ictimaiyyətinin nümayəndələri şəhərin inkişafına göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına həmyerlilərinin ən xoş arzularını çatdırdılar. Sonra xatirə şəkli çəkdirildi. Dövlətimizin başçısı Heydər Əliyev Mərkəzinin həyətində ağac əkdi. Prezident İlham Əliyev Gəncə Olimpiya Parkının təməlqoyma mərasimində iştirak etdi. Dövlətimizin başçısına Olimpiya Parkının eskiz layihəsi haqqında ətraflı məlumat verildi. Qeyd olundu ki, Olimpiya Parkı Beynəlxalq Olimpiya Komitəsinin standartlarına tam cavab verəcəkdir. Prezident İlham Əliyev Gəncə Olimpiya Parkının təməlini qoydu. Prezident İlham Əliyev Heydər Əliyev Fondunun dəstəyi ilə Gəncədə inşa olunmuş Məhsəti Gəncəvi Mərkəzinin açılışında iştirak etdi. Dövlətimizin başçısı mərkəzin açılışını bildirən lenti kəsdi. Klassik memarlıq üslubunda tikilmiş binada şairənin yaradıcılığına həsr olunan rəsm qalereyası, tədqiqatçılar üçün oxu zalı və digər yardımçı otaqlar yerləşir. Buradakı elektron köşkdə Məhsətinin rübailəri Azərbaycan, rus və ingilis dillərində təqdim olunur. Prezident İlham Əliyev mərkəzin ətrafını və Məhsəti parkını gəzdi.

Sonra dövlətimizin başçısı Gəncədə 1500 məcburi köçkün ailəsi üçün tikilmiş yeni yaşayış məhəlləsinə gəldi. Prezident İlham Əliyev əvvəlcə Kəlbəcər Rayon İcra Hakimiyyətinin yeni inzibati binasında oldu. Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirdi ki, zəruri avadanlıqla təchiz olunan binada işçilərin rahat fəaliyyəti üçün bütün tələblər nəzərə alınıbdır.

Sonra Prezident İlham Əliyev Mədəniyyət Sarayına gəldi. Burada həm rayon, həm də respublika əhəmiyyətli tədbirlər keçirmək mümkün olacaqdır. Prezident İlham Əliyev 1200 şagird yerlik Kəlbəcər rayon 9 nömrəli tam orta məktəbinə gəldi. Dövlətimizin başçısı məhəllənin baş planı ilə də tanış oldu. Kompleksə beşmərtəbəli 25 yaşayış binası və digər zəruri sosial infrastruktur obyektləri daxildir. Yeni binalara 6750 nəfər məcburi köçkün köçürüləcəkdir. Məktəblə tanışlıq zamanı bildirdi ki, bu təhsil ocağında təlim-tədris üçün hər cür şərait vardır.

Dövlətimizin başçısı Kəlbəcər rayonundan məcburi köçkün Ofelya Məmmədovanın evində yaradılan şəraitlə tanış oldu. Hərtərəfli şəraitə malik yeni mənzilə köçmələri münasibətilə Ofelya Məmmədovanın ailəsini təbrik edən Prezident İlham Əliyev ötən 10 ildə 170 min məcburi köçkünün belə mənzillərlə təmin edildiyini vurğuladı. Dövlətimizin başçısı qeyd etdi ki, məcburi köçkünlərə dövlət qayğısı ilbəil gücləndirilir və Gəncədə yaradılan ən böyük məcburi köçkün şəhərciyi bunun növbəti əyani nümunəsidir. Prezident İlham Əliyev iqtisadi, hərbi gücü durmadan artan, beynəlxalq mövqeyi möhkəmlənən, müsbət demoqrafik vəziyyətə malik ölkəmizin işğala son qoyulmasını yaxınlaşdırmaq üçün ardıcıl və məqsədyönlü iş apardığını bildirdi.

Dövlətimizin başçısı Gəncədə sosial-iqtisadi inkişafla bağlı böyük işlərin görüldüyünü, burada müvəqqəti məskunlaşan məcburi köçkünlərin də həyat şəraitinin yaxşılaşdırılması üçün müvafiq tədbirlərin həyata keçirildiyini dedi: "Bu gün gücümüz də, texniki imkanlarımız da, peşəkar inşaatçılar da vardır. Bütün bu şəraiti bizim yerli inşaatçılar yaradırlar, tikirlər. Ona görə, işğala son qoyulandan sonra, - mən buna əminəm ki, o gün gələcəkdir, - biz Kəlbəcərdə, Laçında, bütün başqa şəhərlərdə gözəl binalar tikəcəyik. Əvvəlki illərdəkindən daha da gözəl binalar olacaqdır. O gün gələcəkdir. O günü yaxınlaşdırmaq üçün biz hamımız çalışırıq, çalışacağıq. Azərbaycan güclənir, ölkənin gücü, iqtisadi, hərbi potensialı, əhalisi artır. Keçən il Azərbaycanda 170 mindən çox uşaq doğulmuşdur. Yəni, il ərzində təbii artım 120 min nəfər olmuşdur, getdikcə daha da artacaqdır. İndi əhalinin sayı 9 milyon 500 mindir, getdikcə artacaqdır. Demoqrafiya, iqtisadiyyat, hərbi güc Qarabağ probleminin həllində əsas rol oynayacaqdır.

Bu gün Ermənistan xarici yardım olmadan yaşaya bilmir. Nəinki inkişaf edə, yaşaya bilmir. Özləri, ən yüksək vəzifəli şəxslər açıq etiraf edirlər ki, biz xarici yardımsız yaşaya bilməyəcəyik. Nəyə görə? Çünki işğalçı siyasət onları bu vəziyyətə salıbdır. Azərbaycan isə bu işğala, çətinliklərə baxmayaraq, son 20 il ərzində müstəqil dövlət kimi görün nə qədər inkişaf edibdir! İnkişaf hələ daha da sürətlə davam edəcəkdir. Ona görə, ərazi bütövlüyümüzün bərpası məsələsi mütləq həll ediləcəkdir. Heç kimdə bu barədə şübhə olmasın. Eyni zamanda, mən bu barədə demişəm və bir daha demək istəyirəm ki, gələcəkdə azərbaycanlılar bütün tarixi torpaqlara qayıtmalıdırlar. Bizim tarixi torpaqlarımız Dağlıq Qarabağ və ətraf bölgələrlə məhdudlaşmır.

O qədər də uzaq olmayan tarixə, XIX əsrin statistikasına baxsaq görərik ki, azərbaycanlıların yaşadıqları ərazi çox böyük olmuşdur. İndiki Ermənistan əslində Azərbaycanın tarixi torpağıdır. Ona görə, gələcəkdə biz bütün tarixi torpaqlara qayıdacağıq. Bunu gənclər də, uşaqlar da bilsinlər. Biz bu amalla yaşamalıyıq, yaşayırıq, yaşayacağıq."

Məcburi köçkün Ofelya Məmmədova onlara göstərilən hərtərəfli qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını çatdırdı, dövlət siyasətinə dəstəyini əsirgəməyən Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyevanın silsilə xidmətlərini xüsusi qeyd etdi.

Daha sonra Prezident İlham Əliyev Nizami Gəncəvi Muzeyinin açılışında iştirak etdi. Dövlətimizin başçısı muzeylə yaxından tanış oldu. Nizami irsinin daim aktual olduğu nəzərə alınaraq, şairin əsərlərinin filoloji tərcüməsinin təkmilləşdirilərək yenidən nəşrə hazırlanması və müxtəlif dillərə tərcümə edilməsi, habelə dünyanın mötəbər kitabxana və arxivlərində şairin yeni əlyazmalarının üzə çıxarılması mühüm əhəmiyyət daşıyır. Bu mənada Gəncədə inşa olunan bu Muzeyin əhəmiyyəti də olduqca böyükdür. Prezident İlham Əliyev "DET AL" Alüminium MMC-nin Detal Alüminium Kompleksinin alüminium yarımfabrikat istehsalı zavodlarının açılışı mərasimində iştirak etdi. Dövlətimizin başçısı əvvəlcə metaltökmə və fasiləsiz yayma zavodu ilə tanış oldu. Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov bildirdi ki, kompleksdə dünya standartlarının tələblərinə cavab verən, istehsal gücü 50 min ton olan iki modern zavod qurulub. Bunlar metaltökmə və fasiləsiz yayma, təzyiqlə emal və boyama zavodlarıdır. Dövlətimizin başçısı müəssisənin istehsal sahəsini işə saldı. Prezident İlham Əliyev Gəncə Qala qapıları - Arxeologiya və Etnoqrafiya Muzeyi abidə kompleksi ilə də tanış oldu. Yeni yaradılan bu abidə şəhərin "Məqbərə qapısı" adlanan qapılarının bərpa olunan variantıdır. Gəncə-Bakı magistral yolunun hər iki tərəfində inşa edilən qalanın qarşısında dövlət bayrağı ucaldılıb, ətrafında park salınıb. Kompleksdə xronoloji ardıcıllıqla tarixi hadisələr əks olunub. Kompleksə xüsusi əzəmət verən dəmir darvazalar quraşdırılıb. Burada Gəncənin hərb tarixi və etnoqrafik muzeyləri yaradılıb. Prezident İlham Əliyev daha sonra Gəncə dairəvi avtomobil yolunun açılışda iştirak etdi. Yeni dairəvi yolun əsas səmərəsi ondan ibarətdir ki, avtomobillər və xüsusilə də yük maşınları ölkənin şimal istiqamətinə Gəncəyə daxil olmadan hərəkət edəcəkdir. Burada Prezident İlham Əliyevə Ağstafa-Poylu-Gürcüstan sərhədi avtomobil yolunun sxemi də təqdim olundu.

Dövlətimizin başçısı Gəncə "ASAN xidmət" mərkəzinin fəaliyyəti ilə də tanış oldu. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov məlumat verdi ki, Gəncədə "ASAN xidmət" 2013-cü il dekabrın 21-dən vətəndaşlara xidmət göstərməyə başlayıb. Son illərdə dövlət qurumlarının fəaliyyətində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi istiqamətində əhəmiyyətli işlər görülmüş, müvafiq hüquqi baza formalaşdırılmışdır. Əksər dövlət orqanlarında əhaliyə elektron xidmətlərin göstərilməsi təmin edilmişdir. Bu xidmətlər bürokratik əngəlləri və mümkün korrupsiya hallarını aradan qaldırır. Gəncə "ASAN xidmət"i Gəncə, Şəmkir, Gədəbəy, Daşkəsən, Göygöl, Goranboy, Samux, Naftalan, Kəlbəcər və Xocalı sakinlərinə xidmət göstərəcəkdir. Qeyd edildi ki, fəaliyyətdə olduğu 25 gün ərzində mərkəzə 20 minə yaxın vətəndaş müraciət edib. Prezident İlham Əliyev "ASAN xidmət"in əməkdaşları ilə görüşdü. Dövlətimizin başçısı bir il ərzində "ASAN xidmət"ə bir milyondan çox vətəndaşın müraciət etdiyini, belə mərkəzlərin digər bölgələrdə də açılacağını bildirdi. Qeyd etdi ki, dünyanın digər ölkələri də "ASAN xidmət"lə bağlı Azərbaycanın təcrübəsi ilə maraqlanırlar. Çıxış edən gənclər də onlara göstərilən diqqət və qayğını qeyd edərək, respublikamızda gənclər hərəkatının genişləndirilməsinə hərtərəfli dəstəyə görə minnətdarlıqlarını bildirdilər. Sonda xatirə şəkli çəkdirildi. Prezident İlham Əliyev Gəncə Dövlət Filarmoniyasında aparılan inşaat işləri ilə tanış oldu. Dövlətimizin başçısı tikinti işlərinin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi ilə bağlı tapşırıqlarını verdi. Prezident İlham Əliyev daha sonra "VEGO" otelinə gəldi. Otellə tanış olan dövlətimizin başçısına məlumat verildi ki, burada dünya otel biznesində mövcud olan ən yüksək xidmət göstəriləcəkdir. Təkcə Gəncə üçün deyil, bölgə üçün də əhəmiyyətli turizm obyekti olan bu otel mükəmməl infrastruktura malikdir.

Digər xəbərlər