"Diversifikasiya Avropanın enerji təhlükəsizliyi strategiyasının əsas məqsədidir və Azərbaycan bu məqsədə çatmaq üçün bizə kömək edir". Bunu bu ilin birinci yarısında Aİ Şurasına sədrlik edən Yunanıstanın xarici işlər naziri və Baş nazirinin müavini Evangelos Venizelos Trend-ə eksklüziv müsahibəsində bildirib.
Nazirin sözlərinə görə, Azərbaycanın "Şahdəniz 2" layihəsi Avropa bazarları üçün yeni təbii qaz mənbəyi olacaq: "Həmçinin Cənub Dəhlizi çərçivəsində TANAP/TAP layihələri yeni marşrut təşkil edir və bu, Avropanın enerji təhlükəsizliyini daha da gücləndirir".
Yunanıstanın xarici işlər nazirinin sözlərinə görə, TAP layihəsinin Yunanıstan, Albaniya və İtaliya arasında əməkdaşlıqdan kənar da regional faydaları olacaq: "Biz artıq Avropa ailəsinin yeni üzvü olan Xorvatiya da daxil olmaqla, Qərbi Balkan ölkələrinə təbii qazın nəqli üçün əsas xətdən əlavə xətlərin də çəkilməsi istiqamətindəki planları müzakirə edirik. Bu, Qərbi Balkanlarda iqtisadi sinerjiləri, həmçinin regional əməkdaşlığı daha da möhkəmləndirəcək".
sia.az