"Ermənistan deyilən dövlətin yerləşdiyi ərazi bütövlükdə Azərbaycanın tarixi torpaqlarıdır. Bunu təkcə biz deyil, həm də müxtəlif millətlərdən olan tarixçilər mənbələrə istinadən söyləyirlər. Əgər tarixən Azərbaycanın qədim torpaqlarında erməni dövləti yaradılıbsa, Dağlıq Qarabağ ərazilərində ikinci erməni dövlətinin yaradılmasına heç vaxt imkan verməyəcəyik". Bu fikirləri SİA-ya millət vəkili Elman Məmmədov bildirib.Millət vəkili qeyd edib ki, ölkə başçısı İlham Əliyev istər ölkə daxilində, istərsə də xaricdə keçirilən tədbirlərdə hər zaman Ermənistanın Azərbaycanın torpaqlarında ikinci dövlət qurmağına imkan verməyəcəyimizi söyləyib: "İllər boyu ermənilər başqa ölkələrdən hissə-hissə köçürülərək Azərbaycanın torpaqlarında yerləşdiriliblər. Bu bəyanatı verməklə cənab Prezident bütün dünyaya, beynəlxalq təşkilatlara bir ismarıc vermiş oldu. Belə ki, bəzi xarici dövlətlərin, beynəlxalq təşkilatların ermənilərə havadarlıq etmələrinə baxmayaraq, işğal olunmuş 20 faiz torpaqlarımızın bir qarışını da güzəştə getməyəcəyik".Millət vəkili onu da vurğulayıb ki, bu gün Azərbaycanın bütün sahələrdə əldə etdiyi nailiyyətləri onu deməyə əsas verir ki, torpaqlarımızı düşmən tapdağından azad etməyə bizim həm hərbi gücümüz, həm də cəsarətimiz var: "Bu gün Azərbaycan ordusu Cənubi Qafqazın ən güclü ordusudur. Bizim hərbi potensialımız, iqtisadi gücümüz imkan verir ki, erməni tapdağı altında olan torpaqlarımızı tez bir zamanda geri qaytaraq. Buna hər kəs əmin olmalıdır".
sia.az