PDF Oxu

Siyasət

  • 31

Sifarişli qərarlar, qərəzli hesabatlar

Sifarişli qərarlar, qərəzli hesabatlar

"Human Rights Watch"in Azərbaycana qarşı növbəti dəfə qərəzli hesabatı

"Human Rights Watch"in Azərbaycana qarşı növbəti dəfə qərəzli hesabatı təəccüb doğurmur. Çünki istər "Human Rights Watch", isətərsə də "Freedom House", "Amnesty İnternational", Avropa Parlamenti və kimi təşkilatlar hər kvartalda bir hesabat hazırlayırlar. Belə hesabatların qərəzli olmasını sübut edən əsas faktlardan biri onlar üçün informasiya mənbəyi rolunda çıxış edən QHT-lərin elə onların pulu ilə fəaliyət göstərməsidir. Yəni, həmin beynəlxalq təşkilatlar informasiyaları onların ayırdığı qrantla işləyən QHT-lərdən alırlar. Bu təşkilatların informasiya mənbəyi kimi çıxış edən üzdəniraq QHT-lərin hansı maraqlara xidmət etdiyi onsuz da bəllidir. Çünki həmin QHT-lər illərdir Azərbaycan dövlətinin maraqlarının əleyhinə mübarizə apararaq ölkəmiz haqqında yalan məlumatlar yaymaqla məşğuldurlar. Belə olan halda, bu hesabatlar haradan nədən oldu obyektiv? Həmçinin, onu da vurğulamaq lazımdır ki, həmin beynəlxalq qurumları da maliyyələşdirən maliyyə şəbəkəsi haqqında hesabat hazırlanan ölkələrin QHT-lərinə də qrant ayırırlar ki, onlara sərf edən "faktları" əldə etsinlər.

"Human Rights Watch" kimi təşkilatların qərəzli hesabatları Azərbaycanın inkişafını, müstəqil siyasətini istəməyən qüvvələrin öz maraqlarını bu yolla reallaşdırmaq istəyi ilə bağlıdır

İstər "Human Rights Watch", istər "Freedom House" və digər bu kimi beynəlxalq təşkilatların hər kvartalda yaydıqları hesabatlar artıq ciddi qəbul edilmir. Həmin təşkilatların obyektivlikdən uzaq olan hesabatlarına qeyri-ciddi münasibət təkcə bizim ölkəmizdə müşahidə olunmur. Dünyanın bir çox ölkəsi həmin təşkilatların hesabatlarının qərəzli hazırlanması ilə bağlı dəfələrlə bəyanatlar səsləndiriblər. Həmin hesabatlarda yer alan faktların yalan və ya təhrif olunması, naməlum və ya qeyri-ciddi mənbələrə istinad etməsi təşkilatların nüfuzuna zərbə olmaqla yanaşı, onların əsil məqsədinin başqa olduğunu sübut edir.

Məsələn, beynəlxalq təşkilatların Azərbaycan haqqında hesabatları ilə bağlı məsələyə münasibətində Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzinin (ESİSC) baş direktoru Klod Monike bunu qərəzli, həqiqəti əks etdirməyən hesabat adlandırıb: "Bu təşkilatların hesabatlarını oxuyanda, Azərbaycanın totalitar və diktatura ölkəsi olduğunu düşünmək olar, lakin Azərbaycana gəldikdə burada azad cəmiyyət görmək olur. Küçələrin hər küncündə çoxlu sayda polisin olmadığını gördükdə keçmiş Sovet İttifaqının bəzi dövlətlərində şahidi olduğum polis ölkəsində yaşamadığını hiss edirsən. Ölkədə işləyərək rifahını təmin edən, azad hərəkət edən insanları görmək olur. Hazırda Azərbaycan artan iqtisadiyyata malik, inkişaf edən bir ölkədir".

Azərbaycan vətəndaş cəmiyyətinin inkişafına görə ən azı MDB-də öncül yerlərdən birini tutur

İndiyə qədər yaydığı hesabatların heç birində obyektivliyə yer ayırmayan, daima qərəzli, obyektivlikdən uzaq olan "Human Rights Watch" Azərbaycanla bağlı obyektivlikdən uzaq olan fikirlərlə öz qərəzli mövqeyini açıq-aydın nümayiş etdirir. Ən əsası ona görə ki, son 10 il ərzində Azərbaycanda bütün sahələr üçün inkişafın yeni mərhələsi yaşanır. Buna baxmayaraq, "Human Rights Watch" təşkilatının Azərbaycandakı real vəziyyətdən məqsədli şəkildə bixəbər halda hesabat hazırlaması bu təşkilatın müəyyən sifariş yerinə yetirdiyini və insan hüquqları, demokratik dəyərlər, vətəndaş cəmiyyəti kimi təməl dəyərlərdən sui-istifadə etdiyini təsdiqləyir. Azərbaycan vətəndaş cəmiyyətinin inkişafına görə ən azı MDB-də öncül yerlərdən birini tutur. Bu sahədə dövləti necə ittiham etmək olar ki, məhz dövlət özü vətəndaş cəmiyyətinin inkişafında maraqlı olaraq bu sahəyə maliyyə ayrılmasını təmin edən şura yaradıb və həmin şura vasitəsilə vətəndəş cəmiyyəti institutlarının yaradılmasını, inkişaf etməsini stimullaşdırır?! Görünür, "Human Rights Watch" təşkilatının, rəhbərliyinin, ekspertlərinin və onlara yalançı informasiya ötürən QHT-lərin bundan xəbəri var, ancaq reallıqları verməyə qadir düşüncələri yoxdur. Əlbəttə ki, bunu etiraf etmək, bütün dünyaya hesabat kimi yaymaq onların, daha doğrusu, onlara maliyyə yardımı ayıran, bu cür qərəzli hesabat hazırlanmasını sifariş edən dairələrin maraqlarına uyğun gəlmir. Belə görünür ki, həmin beynəlxalq təşkilatları Azərbaycandakı gerçək vəziyyət maraqlandırmır. Onlar verdikləri hesabatlarda Azərbaycanla bağlı qərəzli mövqedə olublar və real vəziyyətin necə olmasından asılı olmayaraq hesabatın rəngini "qara" etməyə çalışıblar. Çünki pulu verən, sifarişi verən belə istəyir.

Göründüyü kimi, bu gün Azərbaycan istər ATƏT-də, istər Avropa Şurasında güclü söz sahibidir. Bu, dövlət başçısının apardığı siyasət nəticəsində əldə olunub. Son 10 ildə Azərbaycanın həm sürətli iqtisadi inkişafı, həyata keçirilən islahatlar göstərir ki, ölkəmiz demokratiya yolunda addımlamaqla universal dəyərlərə sadiqdir və bu, göz qabağındadır. Və qərəzli və həqiqətdən uzaq hesabatlarla çıxış edən beynəlxalq təşkilatlar istəməsələr də, öz maraqlarına uyğun çıxış edərək səhv mövqe tutsalar da, gec-tez anlayacaqlar ki, bu dövlətlə hesablaşmalıdırlar, bu dövlətin hüquqlarına hörmət etməlidirlər və qərəzli mövqelərindən əl çəkməlidirlər: "Möhtərəm Prezident andiçmə mərasimində çox gözəl söz söylədi: "Azərbaycan heç kimin qarşısında əyilməyib, Azərbaycanı tanıyırlar, etiraf edirlər, bundan sonra da etiraf edəcəklər. Azərbaycan bu gün heç olmadığı qədər güclüdür". Bunu etiraf etməlidirlər. Güclü dövlətlə hesablaşmağın vaxtı çatıb və hesablaşacaqlar da".

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər