"Azərbaycanın iqtisadi sahədə uğurlarının dünyaya təqdim olunmasında Davos İqtisadi Forumu mühüm vasitədir. Azərbaycanın Davos İqtisadi Forumda iştirak etməsi ölkəmizin böyük iqtisadi uğurlar qazanması üçün baza rolunu oynayır. Forumun sonunda isə ölkələrin iqtisadi inkişafı üzrə aparılan təhlillərin nəticələri dünyanın Azərbaycana olan marağını daha da artırır". Bu fikirləri YAP Siyasi Şurasının üzvü Aydın Hüseynov deyib.
A.Hüseynov bildirib ki, Azərbaycanın dövlət başçısı səviyyəsində Davos İqtisadi Forumunda təmsil olunması Ümummilli lider Heydər Əliyevin hakimiyyəti dövrünə təsadüf edir.Onun sözlərinə görə, 1974-cü ildən başlayaraq hər il İsveçrənin Davos şəhərində keçirilən İqtisadi Forumda dünyanın aparıcı ölkələrinin liderləri, ən tanınmış şirkətləri və kooperasiyaları iştirak edir: "Ən başlıcası isə forumda iqtisadi təhlillər aparan və dünyada gedən iqtisadi prosesləri izləyən və sonda iqtisadi proqnozları elan edən beyin mərkəzləri bu forumda təmsil olunur. Forumda enerji təhlükəsizliyi, ərzaq təhlükəsizliyi, ekoloji təhlükəsizlik və ümumilikdə dünyada da gedən qlobal proseslər müzakirə obyektinə çevrilir və sonda əldə olunan nəticələr və təhlillər gələcək illər üçün statistik göstəricilərə çevrilir".
Davos İqtisadi Forumunın yalnız iki dəfə İsveçrədən kənarda keçirildiyini deyən iqtisadçı qeyd edib ki, bu forumun 2013-cü ildə Azərbaycanda keçirilməsi heç də təsadüfi deyil: "Forumun Azərbaycanda keçirilməsinin başlıca səbəbləri Azərbaycanın son 10 ildə özünün inkişaf modelinə, iqtisadi göstəricilərinə və iqtisadiyyatının unikallığına görə dünya iqtisadçılarının, beyin mərkəzlərinin və iqtisadi reytinq göstəricilərini müəyyənləşdirən beynəlxalq qurumların diqqətini cəlb etməsidir. Avropada qlobal iqtisadi böhranın hələ də tam aradan qaldırılmadığı bir dövrdə hər il Azərbaycan bu forumda bütün makroiqtisadi göstəricilərinə görə dinamik şəkildə iştirak edir və öz uğurlarını nümayiş etdirir. Davos İqtisadi Forumunun Azərbaycanda keçirilməsi ölkəmizin iqtisadi nüfuzunun artmasının, region dövlətlər və ölkələr arasında deyil dünya arenasında tanınmasının sübutu idi".
Bu gündən etibarən öz işinə başlayan Forumda Prezident İlham Əliyevin də iştirak etdiyini vurğulayan Aydın Hüseynov bildirib ki, forum çərçivəsində cənab İlham Əliyev hər il keçirilən forumda dövlət başçıları, nüfuzlu şirkətlərinin rəhbərliyi ilə görüşlər keçirir.
"Xüsusilə qeyd etmək istəyirəm ki, Davos İqtisadi Forumunda enerji təhlükəsizliyi məsələləri müzakirə olunacaq ki, bu məsələdə də Azərbaycan öz siyasətini uğurla həyata keçirməkdədir"- deyə, YAP Siyasi Şurasının üzvü vurğulayıb.
sia.az