"Prezident İlham Əliyevin Brüsselə səfəri zamanı keçirilən görüşlər və aparılan müzakirələr deməyə əsas verir ki, Azərbaycan həm NATO, həm də Avropa İttifaqı ilə əməkdaşlığını daha da intensivləşdirməkdədir. Bu Azərbaycanın Avropaya inteqrasiya prosesində keçdiyi rola və qarşıda dayanan hədəflərə rəğmən məntiqi məzmun daşıyır". Bu fikirləri Milli Məclisin sədr müavini Bahar Muradova deyib.
B.Muradova bildirib ki, bu proses ölkəmizin getdikcə tutduğu geosiyasi, geostrateji mövqeyə, eləcə də Avropa ilə Şərq arasındakı rola uyğundur. Onun fikrincə, ölkəmiz bundan sonra da öz hədəflərinə doğru inamla, dinamik bir şəkildə irəliləyəcək.
"Cənubi Qafqaz regionu ilə bağlı gedən proseslərdə Azərbaycanın getdikcə artan rolu, lider dövlətə çevrilməsi, iqtisadi, siyasi və hərbi imkanlarının getdikcə bu standartlara daha uyğun gəlməsi bizi çox sevindirir. Azərbaycan ordusunun NATO standartlarına uyğunlaşması istiqamətində atılan addımlar və bu sahədəki əməkdaşlığın genişlənməsi bundan sonra da instensivləşəcək. Düşünürəm ki, bu səfər zamanı həmin qurumların rəsmilərinin Azərbaycan haqqında söylədikləri fikirlərin də çox böyük əhəmiyyəti vardır. Hesab edirəm ki, 2014-cü ilin əvvəlində keçirilən bu görüş hər iki təşkilatla münasibətlərimizi zamanın və Azərbaycanın maraqlarının tələb etdiyi səviyyəyə uyğun olduğunu göstərir"- deyə, vitse-spiker vurğulayıb.
sia.az