Prezident İlham Əliyev Davosda bir sıra görüşlər keçirib
Azərbaycan Prezidenti İlham Əliyev Davosda "Philips" şirkətinin vitse-prezidenti Ronald de Jong ilə görüşüb
Yanvarın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda "Philips" şirkətinin vitse-prezidenti və satış üzrə rəhbəri Ronald de Jong ilə görüşüb. Görüşdə Azərbaycanda həyata keçirilən islahatlar, qazanılmış uğurlar nəticəsində investorların səmərəli fəaliyyəti üçün yaxşı şəraitin yaradıldığı qeyd edildi, "Philips" şirkəti ilə mümkün əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparıldı.
Prezident İlham Əliyev Niderlandın Baş naziri Mark Rutte ilə görüşüb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 23-də Davosda Niderland Krallığının Baş naziri Mark Rutte ilə görüşüb. İkitərəfli münasibətlərin siyasi, iqtisadi və digər sahələrdə uğurlu inkişafının qeyd edildiyi görüşdə ölkələrimiz arasında fəal iqtisadi əməkdaşlığın həyata keçirilməsi üçün yaxşı potensialın olduğu bildirildi, investisiyaların qoyuluşunun iqtisadi əlaqələrin gücləndirilməsinə xidmət etdiyi diqqətə çatdırıldı, beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlığın həyata keçirilməsinin önəmi vurğulandı. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Azərbaycan Prezidenti İlham Əliyev Dünya İqtisadi Forumunun icraçı sədri Klaus Şvab ilə görüşüb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 23-də Davosda Dünya İqtisadi Forumunun icraçı sədri Klaus Şvab ilə görüşmüşdür. Görüşdə Azərbaycan ilə Dünya İqtisadi Forumu arasında əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə edildi. Bu əməkdaşlığın yaxşı imkanlarının olduğu bildirildi və əlaqələrimizin inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparıldı.
Azərbaycan Prezidenti
İlham Əliyevin və İsveçrə
Prezidenti Didye Burkhalterin görüşü olub
Dünən Davosda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İsveçrə Konfederasiyasının Prezidenti Didye Burkhalterin görüşü olub. Görüşdə Azərbaycan ilə İsveçrə arasında ikitərəfli münasibətlərin uğurlu inkişafından məmnunluq ifadə edildi. Siyasi, iqtisadi, energetika, sərmayə qoyuluşu, tikinti və bank sektorunda əməkdaşlığın böyük potensiala malik olduğu bildirildi və bu sahələrdə əlaqələrin daha da genişlənəcəyinə əminlik ifadə olundu. Söhbət zamanı Azərbaycanın sürətli iqtisadi inkişafının ikitərəfli əlaqələrimizin daha da genişlənməsi üçün yaxşı imkan yaratdığı qeyd edildi, qarşılıqlı investisiyaların bundan sonra da genişlənəcəyinə əminlik ifadə olundu. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hazırkı vəziyyəti ilə bağlı ətraflı fikir mübadiləsi aparıldı, qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edildi.
Azərbaycan ilə "Hewlett-Packard" şirkəti arasında əməkdaşlığın perspektivlərinə dair məsələlər müzakirə olunub
Yanvarın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda "Hewlett-Packard" şirkəti idarə heyətinin üzvü xanım Ann Livermor ilə görüşmüşdür. Görüşdə Azərbaycan ilə "Hewlett-Packard" şirkəti arasında əməkdaşlığın uğurla inkişaf etdiyi bildirildi. Azərbaycanda həyata keçirilən Ümumistifadəli Data Mərkəzinin və digər layihələrin icrasında "Hewlett-Packard" şirkəti ilə əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparıldı.
Azərbaycan Prezidenti İlham Əliyev "GDF Suez" şirkətinin baş icraçı direktoru Jerar Mestrale ilə görüşüb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 23-də Davosda "GDF Suez" şirkətinin baş icraçı direktoru Jerar Mestrale ilə görüşüb. Görüşdə Azərbaycan ilə Fransa arasında müxtəlif sahələrdə yüksək səviyyəli əməkdaşlığın yaxşı perspektivlərinin olduğu qeyd edildi, bu əlaqələrin inkişafında "GDF Suez" şirkətinin də xüsusi rolu vurğulandı. Söhbət zamanı "GDF Suez" şirkəti ilə "Abşeron" qaz yatağı üzrə görülən işlərdən məmnunluq ifadə olundu və digər sahələrdə əməkdaşlıqla bağlı fikir mübadiləsi aparıldı.