"Freedom House"un öz hesabatında Azərbaycanın işğal olunmuş ərazilərində rəsmi Yerevan tərəfindən yaradılmış qondarma rejimə yer verməsi bu təşkilatın qərəzliliyini göstərir. Bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev deyib.
E.Abdullayev bildirib ki, özünü insan hüquqlarının və fundamental azadlıqların "keşikçisi" kimi təqdim etməyə çalışan "Freedom House" təşkilatı Ermənistanın Azərbaycana qarşı yürütdüyü işğalçı siyasətə göz yumur. Onun sözlərinə görə, təşkilatın öz hesabatında Azərbaycanın işğal olunmuş ərazilərində rəsmi Yerevan tərəfindən yaradılmış qondarma rejimə yer verməsi və hətta bu rejimi "qiymətləndirilmə cədvəli"nə daxil etməsi bu təşkilatın qərəzliliyini, Azərbaycan xalqının faciəsinə biganə və hörmətsiz yanaşaraq, əslində təzyiq etmək siyasəti güddüyünü qabarıq şəkildə büruzə verir.
"Bu cür yanaşma ilə "Freedom House" təkilatı və onun himayədarları öz qərəzli mövqelərini və həqiqi simalarını bir daha ortaya qoymuş olurlar"- deyə, XİN mətbuat katibi vurğulayıb.
yap.org.az