PDF Oxu

Siyasət

  • 20

Davos İqtisadi Forumu - Azərbaycanın artan nüfuzunun sübutu

Davos İqtisadi Forumu - Azərbaycanın artan nüfuzunun sübutu

Prezident İlham Əliyev: "Şahdəniz-2" layihəsi Avropanın ən iri infrastruktur layihəsi olacaq"

Məlum olduğu kimi, İsveçrənin Davos şəhərində yanvarın 22-də sayca 44-cü olan Davos İqtisadi Forumu keçirilibdir. Forumda Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev iştirak edib. Ən maraqlısı isə yanvarın 23-də "Cənubi Qafqaz və Mərkəzi Asiya: qlobal iqtisadiyyata yol" mövzusunda keçirilən tədbir olmuşdur. Tədbiri açan Dünya İqtisadi Forumunun icraçı sədri Klaus Şvab bildirib ki, Azərbaycan Prezidenti Cənab İlham Əliyevin iştirakı sayəsində regiona maraq artır: "Bugünkü görüşümüz zamanı Sizin baxışlarınız və siyasətinizlə bağlı ətraflı məlumat aldım. Açıqlamaq istərdim ki, bir ay bundan əvvəl Azərbaycanda olmuşam və hazırda ölkənizin inkişafı ilə bağlı bir sıra ssenarilər üzərində çalışırıq".

Azərbaycan dünyanın diqqət mərkəzində

Müstəqilliyinin ötən illərində həyata keçirdiyi layihələrin təşəbbüskarı və fəal iştirakçısı kimi beynəlxalq aləmdə böyük nüfuz qazanmış Azərbaycan Respublikası regionun diqqət mərkəzində olan ölkədir. Son 10 ildə əldə olunan uğurlu nailiyyətlər bunu bir daha təsdiqləyir. Məhz bunun nəticəsidir ki, Davos İqtisadi Forumunun icraçı direktoru Cənubi Qafqazı maraq doğuran region adlandırıb.

Forumda "Cənubi Qafqaz və Mərkəzi Asiya: qlobal iqtisadiyyata yol" mövzusunda keçirilən sessiyada çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev regional əməkdaşlığın gücləndirilməsi üçün Azərbaycanın böyük işlər gördüyünü qeyd edib: "Bildiyiniz kimi, Azərbaycan regionda enerji layihələrinin təşəbbüskarı olub və bu, geniş regional əməkdaşlığa öz töhfəsini verib. İlk olaraq, neft boru kəmərini qeyd etmək istəyirəm. Bu layihə regional tərəfdaşlar qismində Azərbaycan, Gürcüstan və Türkiyəni birləşdirdi. Layihə başa çatdıqdan sonra Mərkəzi Asiya dövlətləri onun tranzit imkanlarından bəhrələnməyə başladılar".

Dövlət başçısı bütün iştirakçı dövlətlərin layihədən faydalandığını bildirərək, onların yeni bazarlara çıxış və yeni ixrac marşrutları əldə etdiklərini qeyd edib: "Əslində Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrinin müstəqilliyinin bərpa olunmasından sonra enerji amili regional əməkdaşlıq baxımından mühüm əhəmiyyət kəsb edib. Biz bu işləri daha da sürətləndirməyə müvəffəq olmuşuq və hazırda nəqliyyat infrastrukturu üzərində çalışırıq".

Prezident İlham Əliyev Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri arasında iqtisadi əməkdaşlığın artdığını qeyd edib: "Bu ölkələrdə ümumi daxili məhsulun artımı böyükdür və bu göstərici dünya üzrə orta göstəricilərdən daha çoxdur, həmçinin artım potensialı da böyükdür. Düşünürəm ki, 22 il əvvəl Sovet İttifaqı adlanan böyük bir ailənin üzvləri hesab olunan ölkələr arasında əməkdaşlığı gücləndirmək uçun siyasi iradə mövcuddur. Bu gün bu ölkələr müstəqildir və hər bir dövlət özü üçün həm siyasi, həm də iqtisadi inkişaf yolu müəyyən edib, iqtisadi potensialdan qaynarlanan sosial proqramlar həyata keçirir. Ancaq regional əməkdaşlıq əlavə fürsətlər də yaradır, daha münbit biznes və sərmayə mühitinin yaradılmasını təşviq edir".

Ölkə Prezidenti, həmçinin xalqlarımız arasındakı ənənəvi dostluq əlaqələrinin regional əməkdaşlıq formatının yaradılmasına xidmət etdiyini bildirib: "Regionumuz dinamik sürətlə inkişaf edir və burada iqtisadi əməkdaşlıq üçün böyük potensial vardır. Azərbaycan öz növbəsində əməkdaşlığın gücləndirilməsi, Cənubi Qafqaz və Mərkəzi Asiyanın inteqrasiyası üçün vacib rol oynayır. Deyə bilərəm ki, ölkələrimizi bir araya gətirmək istiqamətində ilk təşəbbüsü Azərbaycan göstərib. Bu da enerji siyasətimizin başlanğıcı ilə bağlıdır".

Enerji layihələrinin əsas prioriteti

Bu gün Azərbaycan iqtisadiyyatı güclü olan və inkişaf edən bir dövlətdir. Bunu son 10 ilin nəticələri də təsdiqləyir. Çünki ölkəmiz təbii ehtiyatlarla, yeraltı və yerüstü sərvətlərlə zəngindir. Eyni zamanda, Azərbaycan irimiqyaslı, qlobal layihələr həyata keçirən regionda lider dövlətdir. Məhz bu layihələr vasitəsi ilə bir sıra xarici ölkələrin diqqəti Azərbaycana yönəlib.

Azərbaycan Prezidenti İlham Əliyev sessiyada çıxışı zamanı ötən ilin dekabrında icrasına başlanılan əsas prioritet nəhəng - "Şahdəniz-2" enerji layihəsi ilə bağlı bildirdi ki, Türkiyəni və Avropanı əhatə edəcək boru kəməri, həmçinin Avropanın ən iri infrastrukturu hesab olunan "Şahdəniz-2" layihəsini nəzərdə tuturam: "Ötən ilin dekabrında 25 milyard dollar dəyərində olan "XXI əsrin müqaviləsi" adlandırdığımız sənədi imzaladıq. Bu nailiyyət göstərir ki, qarşılıqlı dəstək və marağa əsaslanan geniş və səmimi əməkdaşlıq olduğu halda uğurlu nəticələr əldə edilir".

Dövlət başçısının sözlərinə görə, bununla da Azərbaycan regional əməkdaşlıq baxımından qarşıda duran ən böyük çağırışlardan biri bu layihənin olduqca qısa zamanda, yəni 5 il ərzində başa çatdırılmasıdır: "Cənubi Qafqazın iki ölkəsi - Gürcüstan və Azərbaycan bu istiqamətdə fəal şəkildə çalışır. Gələcəkdə isə Mərkəzi Asiya dövlətləri inşa olunacaq infrastruktura qoşula bilərlər, çünki bu, enerji təchizatının şaxələndirilməsi üçün əlavə imkan deməkdir".

Prezident İlham Əliyev daha bir vacib layihənin Azərbaycan, Gürcüstan və Türkiyəni birləşdirəcək dəmir yolu layihəsi olduğunu bildirib: "Bu, Avropanı və Asiyanı birləşdirəcək layihədir və yeni "İpək yolu" hesab olunur. İnşaat işləri davam etməkdədir. Ümid edirəm ki, dəmir yolu xətti 2015-ci ildə istifadəyə veriləcək. Yəni bu, həm nəqliyyat, həm enerji əlaqəsidir, eyni zamanda, qarşılıqlı sərmayə qoyuluşu deməkdir. Xüsusilə, əlavə maddi resurslara malik olan ölkələr yeni sərmayə imkanları axtarırlar və düşünürəm ki, bu gün Azərbaycan, Gürcüstan və Mərkəzi Asiya sərmayə qoyuluşu baxımından əlverişli məkanlardır. Çünki burada inkişaf edən bazarlar mövcuddur, sürətli əhali artımı və dinamik iqtisadi inkişaf potensialı var".

"Siyasi və iqtisadi transformasiya və sərmayələrin cəlb edilməsi istiqamətində aparılan siyasət uğurlu olub"-deyən Prezident İlham Əliyev onu da vurğulayıb ki, artıq Azərbaycan xarici ölkələrə sərmayə qoyan ölkədir: "Bunların hamısı olduqca qısa zamanda baş verib. Bu gün bizim regionumuz nəhəng potensiala, dinamik inkişafa və böyük insan kapitalına malik məkan hesab olunur. Bu məsələdə böyük inkişaf potensialı vardır və bizim göstəricilər dünya üzrə orta göstəricilərdən üstündür. Azərbaycana gəldikdə, biz bu gün diqqətimizi iqtisadiyyatımızın şaxələndirilməsinə yönəldirik. Ötən il qeyri-neft sektorunda ümumi daxili məhsulun artımı 10 faizə qədər olub və ümid edirəm ki, növbəti 10 il ərzində eyni inkişaf tempi təmin ediləcəkdir. Onu da qeyd etməliyəm ki, Azərbaycan sürətlə inkişaf edən iqtisadiyyata malikdir. Son 10 ildə iqtisadiyyatımız 3 dəfə artıb və iqtisadiyyatın rəqabət qabiliyyətliliyinə görə Davos İqtisadi Forumu Azərbaycanı dünyada 39-cu yerə layiq görüb. Bu, əsasən islahatların və təbii sərvətlərimizin düzgün istifadə edilməsi, insan kapitalına və infrastruktura yenidən sərmayələrin qoyulması və biznes imkanlarının yaxşılaşdırılması sayəsində mümkün olub".

Bütövlükdə, Azərbaycanın iqtisadi sahədə uğurlarının dünyaya təqdim olunmasında Davos İqtisadi Forumu mühüm vasitədir. Azərbaycanın Davos İqtisadi Forumda iştirak etməsi ölkəmizin böyük iqtisadi uğurlar qazanması üçün baza rolunu oynayır. Eyni zamanda, ölkələrin iqtisadi inkişafı üzrə aparılan təhlillərin nəticələri dünyanın Azərbaycana olan marağını daha da artırır.

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər