"Azadlıq" və "Yeni Müsavat" qəzetləri arasında qalmaqal yenidən böyüməkdədir. SİA-nın məlumatına görə, rəhbərlik etdiyi mətbu orqana açıqlama verən qəzetin baş redaktoru Rauf Arifoğlu Müsavat Partiyasından fərqli olaraq, AXCP-nin qoyduğu moratoriumun cəmi bir gün çəkdiyini deyib. Qarşı tərəfi "reaksioner camiyə" adlandıran baş redkator yenidən bütün bunların arxasında Əli Kərimlinin əlinin olduğunu iddia edib: "Əli Kərimlinin mənə olan qərəzi onu siyasətdə bitmə nöqtəsinə gətirib. Onda azca ağıl olsaydı, mənimlə düz dolanar, şər-şəbədə, böhtan atıb, özünü və çevrəsini bu qədər problemə salmazdı".
AXCP sədrinin "Azadlıq"da jurnalistlərə öz xeyrinə yazı yazdırdığını bildirən Rauf Arifoğlu Əli Kərimlini utanmaz adam adlandırıb: "Yazdırır ki, biz Əli Kərimlinin sayəsində ruzu qazanırıq... Utanmaz adam, sən mənim əlimdən pul almısan, həm də bilirsən kimə və nəyə görə... İndi dönüb yazdırırsan ki, biz sənə görə ruzu qazanırıq. Sən kim olursan da, dəyərin nə ki, sənə görə kimsə para qazansın!".
"Yeni Müsavat"ın baş redaktoru Əli Kərimlinin jurnalistlərini yenidən zombi adlandıraraq, bundan sonra daha sərt cavablar verəcəyini qeyd edib: "Kimə nə yazdıracaqsa, oradakı ifadədən 10 dəfə daha kəskinini öz ünvanına alacaq. Mənim "ozaboçennıy" gədə-güdə ilə söz güləşdirmək fikrim yoxdur. Lakin ona son dəfə xəbərdarlıq edirəm, yaxşısı budur, dayansın və şər makinasını da saxlasın. Yoxsa, onu bütün ölkəyə rəzil edəcəm. Artıq məni kimsə durduramayacaq".
sia.az