İslamda cihad və şəhadət kimi müqəddəs məqamlardan sui-istifadə hallarıla bağlı tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə bir sıra axund, molla, icma sədrləri və digərləri iştirak ediblər.
Tədbirdə çıxış edən Şeyxülislam Hacı Allahşükür Paşazadə ilk növbədə 20 Yanvar Faciəsində həlak olanlarə yad edərək onlara allahdan rəhmət diləyib. O bildirib ki, faciədə həlak olan şəhidlərimizin sayəsində ölkəmiz bugünkü inkişaf səviyyəsinə gəlib çatıb: "Ölkəmiz əsası Ulu Öndər tərəfindən qoyulan hazırda Prezident İlham Əliyev tərəfindən davam etdirilən uğurlu siyasətin nəticəsində yüksək inkişaf səviyyəsinə çatıb. Sovet dövründə ölkəmizdə 17 məscid var idisə, bu gün bu rəqəm 200-ü ötüb. Heydər Əliyev Fondunun dəstəyi ilə paytaxt və rayonların kəndlərində məscidlər tikilir və ya əsaslı təmir edilir. Bütün bunlar dövlətin dinə olan münasibətinin göstəricisidir. Lakin bəzi ölkələr var ki, ölkəmizin inkişafı onları narahat edir və onlar müxtəlif qüvvələr vasitəsilə ölkəmizə ziyan vurmağa çalışırlar. Bunlardan biri Ermənistandır. Belə ki, düşmən ölkə Azərbaycanın inkişafını qəbul etmək istəmir və inkişafımıza maneçilik törətməyə çalışır".
Daha sonra tədbirdə Qafqaz Müsəlmanları İdarəsi Qazilər Şurası fətva verib. Fətvada son vaxtlar İslamda cahid və şəhadət kimi müqəddəs məqamlardan sui-istifadə hallarının, o cümlədən ictimaiyyətin bəzi dairələrində bu mövzuda yer alan qərəzli mülahizələrin cəmiyyətin dindar təbəqəsini narahat etməsini nəzərə alaraq bildirilir ki, islam dinində şəhidlik-iman, haqq-ədalət, Vətən uğrunda canından keçərək şəhidlik məqamına ucalmaq ən böyük şərəf və qürurdur.
Fətvada qeyd olunub ki, bizim hər birimizin boynunda 20 Yanvar, Qarabağ şəhidlərimizin haqqı vardır, odur ki, şəhidlik zirvəsinə ucalanların adlarını yaşatmaq, onları gənc nəslə nümunə göstərmək hər birimizin borcudur: " "Şükürlər olsun ki, dövlətimiz və xalqımız şəhidlərimizin xatirəsini daima uca tutur, onların ruhlarını böyük ehtiramla yad edirlər".
Tədbir davam edir.
sia.az