Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Bolqarıstanın sabiq Prezidenti, qurumun İdarə Heyətinin üzvü Peter Stoyanovla görüş keçirilmişdir.
Diasporla İş üzrə Dövlət Komitəsindən AzərTAc-a verilən məlumata görə, görüşdə bu ilin aprelində Bakıda keçirilməsi nəzərdə tutulan İkinci Qlobal Müştərək Cəmiyyətlər Forumuna hazırlıq müzakirə olunmuşdur.
Minilliyin İnkişaf Məqsədlərinin ilkin öhdəliklərinin müzakirəsi nəzərdə tutulan Forumda dünyanın 50-dən çox ölkəsindən hazırkı və sabiq dövlət və hökumət başçılarının, tanınmış ictimai-siyasi xadimlərin, Nobel mükafatçılarının iştirakı gözlənilir.
Forum Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun təşkilatçılığı, Roma Klubu, Dünya Elm və Mədəniyyət Akademiyası, BMT, İsgəndəriyyə Kitabxanası və digər təşkilatların birgə əməkdaşlığı çərçivəsində reallaşacaqdır.
Forum çərçivəsində, həmçinin Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyətinin VI iclası və I Baş Məclisi, Madrid Klubunun İdarə Heyətinin yığıncağı, Dünya Elm və Mədəniyyət Akademiyası ilə birgə təşkil olunacaq I əlaqələndirmə toplantısı keçiriləcəkdir.
AzərTAc