Prezident İlham Əliyev: "Düşünülmüş siyasət, xalqla iqtidar arasındakı birlik və bütün təşəbbüslərimizin xalq tərəfindən dəstəklənməsi,
hesab edirəm ki, uğurlarımızın əsas şərtidir, əsas səbəbidir"
2013-cü ildə Azərbaycanın ictimai-siyasi həyatı üçün mühüm əhəmiyyət kəsb edən hadisələrin şahidi olduq. Azərbaycanın BMT Təhlükəsizlik Şurasının üzvü kimi vəzifəsini yerinə yetirməsindən, "Şahdəniz-2" layihəsi üzrə sazişin imzalanmasından Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə prezidentlərin görüşünə qədər olmuş siyasi hadisələr maraqlı nüanslarla yadda qalıb. Lakin bütün siyasi proseslərin pik nöqtəsində bu il Azərbaycanda keçirilmiş prezident seçkiləri olub. Çünki bir ölkənin prezident seçkiləri, xüsusilə də, prezidentli idarəetmə üsulunun olduğu dövlətlər üçün çox mühüm əhəmiyyət kəsb edir. Həmin seçkilərdə prezident seçilmiş şəxs ölkənin həm daxili, həm də xarici siyasətinə təsir edir.
Bu mənada da, Azərbaycanda keçirilmiş son prezident seçkilərini 2013-cü ilin ən mühüm siyasi-ictimai hadisəsi kimi qiymətləndirə bilərik. Belə ki, 2013-cü il oktyabr ayının 9-da Azərbaycanda keçirilmiş növbəti prezident seçkilərində 125 seçki dairəsinin 5492 məntəqəsi üzrə nəticələrə görə, Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev 84,55 faiz (3 126 612 seçici) səs toplayaraq, böyük üstünlüklə qalib gəlib. Əlbəttə ki, xalq Prezident İlham Əliyevə səs verməklə real praqmatik düşüncəyə malik olduğunu nümayiş etdirdi. Çünki Bakı şəhərinin inkişafı, kəndlərdə inqilabi dəyişikliyin olması göz qabağındadır və bu mənada Azərbaycan xalqının mifik planlara inanması qeyri-mümkün idi.
Bir sözlə, Azərbaycanın birmənalı olaraq möhtəşəm siyasi lider statusunu təsdiqləyən və dünyanın siyasi liderləri sırasında özünün ictimai-siyasi keyfiyyətləri ilə diqqəti cəlb edən Azərbaycan Prezidenti İlham Əliyev xalqın sosial sifarişinin məntiqi olaraq üçüncü dəfə dövlət başçısı postuna yüksək səs çoxluğu ilə seçildi. Azərbaycan cəmiyyəti yekdil, konkret və prinsipial olaraq Cənab İlham Əliyevi növbəti dəfə prezident görmək üçün siyasi iradəsinin təcəssümü olan səsini verdi, Azərbaycan xalqı bu seçkilərdə azad, şəffaf şəkildə öz iradəsini ortaya qoydu. Beləliklə, Azərbaycan Prezidenti İlham Əliyevlə yeni davamlı uğurların və uzunömürlü xoşbəxt gələcəyin astanasına, tərəqqinin 3-cü meqamərhələsinə qədəm qoydu.
Seçkilərdən sonra xalqa müraciət edən Prezident İlham Əliyev Ona etimad göstərmiş seçicilərə minnətdarlığını bəyan etdi, qarşıda yeni inkişaf və tərəqqi naminə birlikdə görüləcək işlərin ssenarilərini, atılacaq addımların hədəflərini bildirdi. "Bütün bu nailiyyətlər Azərbaycan xalqının istedadı, zəhməti hesabına mümkün olub. Düşünülmüş siyasət, xalqla iqtidar arasındakı birlik və bütün təşəbbüslərimizin xalq tərəfindən dəstəklənməsi, hesab edirəm ki, uğurlarımızın əsas şərtidir, əsas səbəbidir" - deyən Cənab İlham Əliyev müasir dövlət quruculuğu prosesinin inkişaf etdiriləcəyini vurğuladı: "Növbəti illərdə biz bütün bu istiqamətlər - iqtisadi islahatlar, sosial siyasət, enerji siyasəti, xarici siyasət üzrə ancaq və ancaq irəliyə gedəcəyik. Biz daha da güclü Azərbaycan, daha da güclü dövlət quracağıq ki, bu dövlətdə hər bir vətəndaş özünü rahat hiss etsin, sülh, əmin-amanlıq şəraitində yaşasın". Azərbaycan dövləti güclü sosial islahatların trayektoriyasını geniş şaxələrə əsaslanaraq irəlilətmək, bununla da, insanların rifahinin ən yüksək qata çatdırılmasını təmin etməyi basilica trendlərdən hesab edir. Mövcud siyasi hakimiyyət hazırkı iqtisadi dayanıqlığı təmin etməklə daha etibarlı və layiqli həyat üçün möhkəm bünövrə qoyub, bu isə vətəndaşların sosial gələcəyi naminəiqtidarın uzunömürlülüyünü labüd edir. Bu gün cəmiyyətdə real təsəvvür formalaşıb, o cəmiyyətdə ki, sorğunun aktiv personası kimi Azərbaycanı ümüm-Avropa məkanında ən təhlükəsiz, sabit, tolerant, sivilizasiyaların qovuşuğu, sülh və qarşılıqlı əməkdaşlığın məkanı hesab edirlər. Halbuki Avropada destabilizasiya, siyasi çaxnaşmaların fonunda baş verən neqativ proseslər və iqtisadi defolt, sosial bərabərsizlik dərinləşir. Azərbaycan isə insan kapitalının bünövrəsi üzərində kreativ cəmiyyətə doğru irəliləyir. Məhz bu amillər Azərbaycanın sosial tərəqqisi üçün addımların davamlılığını şərtləndirir.
Dövlətin sosial təminatla bağlı irimiqyaslı layihələr həyata keçirməsi, insanlara həssas diqqət göstərməsi, sosial sahədə bütün seqmentlər üzrə sıçrayışların baş verməsi cəmiyyətin zənginliyinə aparan siyasi xəttin mükəmməlliyinin göstəricisidir. Prezident İlham Əliyevin bəyan etdiyi kimi, "sosial siyasətlə bağlı bu il və əvvəlki illərdə atılmış addımlar onu göstərir ki, bu məsələlərə nə qədər böyük əhəmiyyət göstərilir. Mən dəfələrlə bəyan etmişəm və bunu həyat və atılan addımlar da təsdiqləyir ki, Azərbaycan sosial dövlətdir. Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı, onun qayğıları, onun problemləri, onun təhlükəsizliyi, onun xoşbəxtliyi dayanır".
Sosial rifah çoxkomponentli məzmun daşımaqla həm də formaca genişspektrlidir. Sosial yüksəlişin təkanverici faktoru kimi liberal islahatların məqsədyönlülüyünü və azad rəqabət şəraitində ölkədəki yaşayış imkanlarını yaxşılaşdıran sosial qrupların gəlir əldə etmək münasibliyini də xüsusi olaraq nəzərə almaq gərəkdir.
İnsanların daha da yaxşı yaşaması və onların illik gəlirlərinin artmasına dövlət dəstəyinin gücləndirilməsi hökumətin diqqət yetirdiyi əsas prioritetlərdən biridir. Respublikamızın maliyyə resurslarının və büdcə gəlirlərinin əsas xərc istiqamətləri vətəndaşların rifah halının yaxşılaşması, aztəminatlı ailələrin lazım olan sosial müdafiə tədbirləri ilə təmin edilməsi, sosial sahədə mövcud olan bütün problemlərin aradan qaldırılması ilə tədbirlərin gücləndirilməsinə yönəlib. Sosial sistemin təkmilləşdirilməsi məqsədi ilə islahatlar ilbəil sürətlənir və bundan sonrakı illərdə daha da intensiv xarakter alacaq. Atılan addımlar və sosial sahədə ardıcıl şəkildə həyata keçirilən layihələr onu göstərir ki, Azərbaycan hökuməti əhalinin maddi rifah halının yaxşılaşdırılması və onların bütün sosial qayğılarla əhatə olunmaları üçün güclü maliyyə imkanlarına və islahatları dərinləşdirmək iradəsinə malikdir. Yeni beşilliyin konseptual planlarından biri də, məhz sosial dövlətin güclənməsini birini təmin etməkdir.
Prezident İlham Əliyevin daha bir hədəfi şəffaflığın möhkəmlənməsini tam miqyasda icra etməkdir. Azərbaycanın dövlət başçısı hesab edir ki, neqativ hallar ölkədə həyata keçirilən quruculuq işlərinə, iqtisadi, sosial və siyasi sahədə aparılan islahatlara kölgə salır, Azərbaycanın işgüzar nüfuzuna xələl gətirir. Prezident iqtisadiyyatın lokomotivinə çevrilən azad sahibkarlığa, özəl sektora ən böyük siyasi dəstək verməklə, rüşvətxorluğa qarşı ən sərt və amansız mübarizə tədbirlərinin həyata keçirilməsində güclü qətiyyət sahibi olduğunu nümayiş etdirib. Onun bu prinsipiallığı, neqativ hallara qarşı barışmazlığı korrupsiya ilə mübarizə tədbirləri üçün güclü mexanizm yaradır. Dövlətin başçısı öz güclü dəstəyini nümayiş etdirməklə, bütün aidiyyəti orqanları mübarizə tədbirlərində səfərbər olmağa çağırır: "Növbəti illərdə xoşagəlməz halların aradan qaldırılması üçün, xüsusilə korrupsiya və rüşvətxorluğa qarşı mübarizə daha da ciddi aparılacaq. Bu mübarizənin gözəl nəticələri var. Xalq tərəfindən bizim siyasətimiz, qətiyyətimiz, addımlarımız dəstəklənir".
Şəffaflıq əmsalının ən yaxşı təzahürü iqtisadiyyatda azadlığın və sərbəstliyin təmin olunması, sahibkarlıq sektorunda və sosial-iqtisadi idarəetmə korpusunda rüşvətyaradıcı halların aradan qaldırılmasını təmin edən mexanizmlərin yaradılmasıdır. "Sahibkarlığın inkişafı ilə bağlı siyasətimiz davam etdiriləcək. Bütün istiqamətlər - yeni iş yerlərinin açılması, yoxsulluğun, işsizliyin azaldılması, idxalın əvəz olunması üzrə bizim konkret proqramlarımız var" - deyə bəyan edən Prezident İlham Əliyevin ən başlıca prioritetlərindən biri azad biznesin iqtisadi-idarəetmədə domiantlığını təmin etməkdir. Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən sosial-iqtisadi inkişaf strategiyasının mühüm istiqamətlərindən biri ölkədə sahibkarlığın inkişaf etdirilməsindən ibarətdir. Dövlət başçısı sahibkarların bütün qayğılarına diqqətlə yanaşıb və onların ən yaxın dostu olduğunu bəyan edib.
Hər bir ölkənin yüksək inkişafında onun azad biznes və sahibkarlıq mühitinin vəziyyəti mühüm əhəmiyyət kəsb edir. Bazar iqtisadiyyatının əsas prinsiplərindən olan azad biznes və özəl sektora dövlət dəstəyi faktorları ümumi inkişafın göstəricisinə çevrilir. Dövlətin təmin etdiyi azad bazar institutu ölkədə sahibkarlığın inkişafını stimullaşdırır, ona geniş meydan verir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə son 10 ildə sahibkarlıq sektorunda davamlı islahatların həyata keçirilməsi, biznes mühitinin daha da yaxşılaşdırılması, qanunvericilik bazasının təkmilləşdirilməsi, eləcə də, yerli və xarici investisiyaların, müasir texnologiyaların cəlb edilməsi və bu yolla yüksəkkeyfiyyətli, rəqabət qabiliyyətli məhsulların istehsalı və digər sahələrlə bağlı sistemli tədbirlərin miqyası daha da genişlənib. Sahibkarların hüquqlarının müdafiəsi və sahibkarlığın inkişafına mane olan müdaxilələrin qarşısının alınması ilə bağlı qətiyyətli addımlar atılıb.
Yeni beşillik demokratik cəmiyyətin, liberal bazar münasibətlərinə əsaslanan iqtisadi siyasətin yeni müstəvidə və modern mərhələdə gücləndirilməsi, neft gəlirlərinin məqsədyönlü idarə olunması və birbaşa insan amilinə, yəni intellektual kapitala yönəlməsi, qeyri-neft sahələrinin innovativ iqtisadiyyatın baş xəttinə çevrilməsi, informasiya cəmiyyətinin formalaşdırılması, ən yeni kreativ texnologiyaların meydanının genişləndirilməsi fazasıdır. Azərbaycanın dövlət başçısının həm novatorluğu, həm də qətiyyəti iqtisadi meqatərəqqi formulunun uğurlu realizasiyasına tam əsasla təminat verir.
"Səs" Analitik Qrupu