PDF Oxu

Siyasət

  • 10

Qətiyyət və mübarizliyin simvolu: Yeni Azərbaycan Partiyası

Qətiyyət və mübarizliyin simvolu: Yeni Azərbaycan Partiyası

YAP 22 il uğurlu inkişaf yolunda

Dünənin, bu günün və gələcəyin partiyası olan Yeni Azərbaycan Partiyası 22 ildir ki, möhtəşəm uğurlara imza ataraq monolit addımla irəliləyir. Tarixin ən zəruri anlarında xalqın köməyinə çatan, onun müstəqillik yolunda inkişafının təməlini qoyan Yeni Azərbaycan Partiyası 22 ildir ki, xalqına, millətinə yorulmadan xidmət edir. Ulu Öndər Heydər Əliyev tərəfindən yaradılmış partiya ilk gündən qarşısına Azərbaycanı zamanın çətin sınaqlarından çıxarmaq və inkişaf etdirmək məqsədini qoymuşdur. Ölkədə yaranmış siyasi, iqtisadi və hərbi böhran müstəqilliyin yenidən itirilməsi ilə nəticələnə bilərdi. Lakin tarixin bu çətin anlarında xalqın köməyinə zamanın tələblərini düzgün qiymətləndirməyi bacaran və öz xarizması, əzmi ilə xalq qarşısında yüksək nüfuz sahibi olan Ümummilli Lider Heydər Əliyev gəldi. 91 nəfər Azərbaycan ziyalısının çağırışı ilə partiyanın rəhbərliyinə seçilən Heydər Əliyevin Sədrliyi ilə 1992-ci ilin 21 noyabr tarixində partiyanın ilk təsis konfransı keçirildi və rəsmi olaraq Azərbaycan tarixində öz üzərinə böyük bir missiya götürən Yeni Azərbaycan Partiyası yaradıldı. Tez bir vaxtda Yeni Azərbaycan Partiyasının Azərbaycanın bütün rayonlarında qısa müddətdə rayon təşkilatları və özəkləri yaradıldı. YAP-ın təsis konfransında qəbul etdiyi Proqram və Nizamnaməsi 1999-cu il dekabr ayının 20-21-də keçirilən I qurultayında geniş şəkildə müzakirə olunaraq, müəyyən əlavə və dəyişikliklər edilməklə təsdiq olundu.

Söhbət etdiyimiz siyasi həmfikirlərimiz Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli yolu xalqın bu partiyaya inam və etibarı ilə əlaqələndirdilər.

Aydın Hüseynov, YAP-ın iqtisadi məsələlər komissiyasının sədr müavini, partiyanın Qaradağ rayon təşkilatının sədri :

- Bu, bir həqiqətdir ki, yarandığı gündən YAP-ın Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən və uğurla tətbiq edilən əsas proqram məramı Azərbaycanın dövlət müstəqilliyinin qorunub möhkəmləndirilməsindən, ərazi bütövlüyünün təmin edilməsindən, demokratik, hüquqi, dünyəvi cəmiyyət qurulmasından, əmin-amanlıq, ictimai-siyasi sabitlik, milli həmrəylik, güclü və sosialyönümlü iqtisadiyyat yaratmaqdan ibarət olub və partiyamız bu 22 ildə öz məqsədlərinə uyğun fəaliyyət göstərib. Məhz buna görə də, ümumxalq partiyasına çevrilən, 620 mindən çox üzvü olan YAP bu müddət ərzində ölkədə keçirilən prezident, parlament və bələdiyyə seçkilərində inamlı qələbələr qazanaraq qələbələr partiyası kimi çıxış edib. Eyni zamanda, ötən müddət ərzində YAP-ın keçirdiyi qurultaylarda (1999, 2001, 2005, 2008, 2013) qəbul etdiyi tarixi qərarlar ölkəmizin gələcək inkişaf perspektivlərinin müəyyənləşdirilməsi baxımından mühüm rol oynayıb. Yaxın tariximizə mərhələli şəkildə nəzər salsaq, aydın şəkildə görərik ki, Ümummilli Lider Heydər Əliyevin uzaqgörən və məqsədyönlü siyasəti nəticəsində Azərbaycan böyük inkişaf yoluna qədəm qoyub. Bu da bir gerçəklikdir ki, hər zamanın özünəməxsus tələb və vəzifələri var. Ümummilli Liderimiz Heydər Əliyev də Azərbaycanın qarşısında duran vəzifələri dəqiq göstərərək, dövlətimizin söykəndiyi təməl prinsipləri müəyyən edib. Bu gün Azərbaycan məhz həmin prinsiplərə istinad edərək inkişaf edir.

Təbii ki, varislik prinsipi, eyni zamanda, müstəqil dövlətimizin inkişafı üçün başlanan siyasətin davamlı olmasıdır. Məhz bu ali məqsədin reallaşması naminə Ümummilli Liderimiz Heydər Əliyev böyük çətinliklərlə qurduğu dövlətə rəhbərlik etmək üçün namizədini elan etdi: "O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, İlham Əliyev bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımzın firavanlığı yolunda çox işlər görəcək. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən Ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm".

Nazim Ağayev, YAP Xaçmaz rayon təşkilatının sədri:

- Azərbaycan siyasi palitrasında milli-siyasi iradəni təmsil edən avanqard siyasi qüvvə olan və fəaliyyəti xalqımızın ali mənafeyinin ifadəsi kimi çıxış edən Yeni Azərbaycan Partiyasının yaranmasından 22 il ötür. Ümumiyyətlə, YAP ötən əsrin 80-ci illərinin sonu, 90-cı illərin əvvəllərində ölkəmizdə meydana çıxan mürəkkəb siyasi situasiyanın daxili məntiqindən, zamanın təxirəsalınmaz tələbindən irəli gələrək, Azərbaycan xalqının arzu və istəklərinin ifadəçisi kimi yaranan partiyadır.

Xalqın arzu və istəklərinin, milli-mənəvi iradəsinin ifadəçisi olan Yeni Azərbaycan Partiyası yalnız siyasi sahədə deyil, həmçinin bir çox sosial, iqtisadi, mədəni layihələr həyata keçirərək Azərbaycanın bu sahələrdə də inkişafına zəmin yaratmışdır. İqtidar partiyası olan Yeni Azərbaycan Partiyası bu gün Heydər Əliyev irsinin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sədrliyi ilə partiyanın məqsəd və məramlarına varislik fonunda Azərbaycanın daha güclü və etibarlı gələcəyinin təminatçısı rolunu oynayır.

Onu da vurğulayım ki, 2005-ci ilin mart ayında YAP-ın III qurultayında Prezident İlham Əliyevin YAP-ın Sədri seçilməsindən sonra kəmiyyət və keyfiyyət baxımından partiyada əhəmiyyətli dərəcədə dəyişikliklər müşahidə olundu. Faktlara diqqət yetirdikdə, ötən müddət ərzində Heydər Əliyev ideyalarına söykənən partiyamızın ilbəil gücləndiyinin bir daha şahidi olarıq. Əgər YAP-ın 2001-ci ildə partiya üzvlərinin sayı 230 min nəfər idisə, bu gün bu göstərici 620 min nəfərə yüksəlmişdi. Müasir həyatımızda partiyamızın Sədri, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə YAP yeni-yeni uğurlara imza atır. YAP-ın çəkisi, siyasi qüvvəsi dünyanın nüfuzlu partiyaları ilə ikitərəfli qaydada və beynəlxalq tədbirlər çərçivəsində əməkdaşlığında daha aydın görünür.

Kamil Mirzəyev, YAP Biləsuvar rayon təşkilatının sədri:

- Sirr deyil ki, Azərbaycan cəmiyyəti Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin fonunda əldə edilmiş möhkəm ictimai-siyasi sabitliyi və sürətli iqtisadi inkişafı perspektiv tərəqqinin əsası kimi səciyyələndirir. Bu gün hər bir Azərbaycan vətəndaşı Prezident İlham Əliyevi alternativsiz lider kimi dəyərləndirir. Məhz dünyanın mühüm sorğu mərkəzləri və nüfuzlu ekspertləri də öz qənaətlərində Prezident İlham Əliyevin ötən il prezident seçkilərində alternativsiz namizəd olduğunu ifadə edirdilər. Tezliklə zaman göstərdi ki, xalqın seçimi bu dəfə də dəyişməzdir və verilən proqnozlar özünü doğrultdu. Bu qələbə həm də Yeni Azərbaycan Partiyasının ictimai-siyasi həyatdakı roluna xalqın verdiyi qiymət idi. Fəaliyyət göstərdiyi 22 il ərzində YAP sosial-iqtisadi sahələrdə əldə olunan uğurlarda, ölkənin beynəlxalq mövqelərinin güclənməsində, daxili və xarici siyasət kursunun həyata keçirilməsində və ən nəhayət, növbəti dəfə seçkilərdə möhtəşəm qələbənin qazanılmasında hər zaman Heydər Əliyev yolunun davamçısı olub. Bu, o deməkdir ki, Azərbaycanın siyasi reallığında öz fəaliyyətini milli maraqlar əsasında quran Yeni Azərbaycan Partiyası ölkədə əsas milli qüvvə kimi çıxış edir. Bu baxımdan, 9 oktyabr qələbəsi Yeni Azərbaycan Partiyasının namizədinə və həm də partiyanın özünün fəaliyyətinə, cəmiyyətdəki roluna xalqın verdiyi dəyərdir.

Seyfəddin Əliyev, YAP Masallı rayon təşkilatının sədri:

- Ölkəmizdə meydana çıxan mürəkkəb siyasi situasiyanın daxili məntiqindən, zamanın təxirəsalınmaz zəruriyyətindən yaranan YAP Azərbaycan xalqının arzu və istəklərinin ifadəçisinə çevrilib. YAP-ın 22 illik keçmişinə nəzər salarkən partiyanın 2013-cü il 7 iyun tarixində keçirilən və Azərbaycan siyasi tarixinin əlamətdar hadisəsi olan V Qurultayını xüsusi olaraq vurğulamaq istərdim. Çünki YAP-ın V Qurultayı partiyanın və Azərbaycanın tarixində önəmli hadisə olmaqla yanaşı, eyni zamanda qurultay çərçivəsində qəbul edilən qərarlar partiyanın gücləndirilməsi istiqamətində mühüm əhəmiyyət kəsb edib. Qurultayda əsas diqqət mərkəzində olan məsələlər Prezident İlham Əliyevin yenidən partiyanın Sədri seçilməsi və yenidən 2013-cü il 9 oktyabr tarixində keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürməsi idi. Bu qərarlar YAP-ın 600 minlik üzvü və bütövlükdə Azərbaycan xalqı tərəfindən gözlənilən qərar oldu. Seçkilərin nəticələri də qurultayın qərarının ümumxalq səviyyəsində dəstəkləndiyini təsdiq etdi.

Xüsusilə, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın Yeni Azərbaycan Partiyasının Sədrinin müavini seçilməsi əlamətdar hadisə kimi səciyyələndirilməlidir. Mehriban xanım Əliyevanın YAP Sədrinin müavini seçilməsi partiya və cəmiyyət üçün mühüm əhəmiyyət kəsb etməklə yanaşı, YAP-ın və dövlətimizin daha da gücləndirilməsi istiqamətində mötəbər hadisədir.

Eyni zamanda, qurultayda diqqəti cəlb edən bir məsələ YAP Sədrinin, dövlət başçısının öz nitqində son 10 ildə Azərbaycanın keçdiyi yolla bağlı çıxışı idi. Prezident İlham Əliyev qurultay nümayəndələri qarşısında öz nitqində Azərbaycanın siyasətinin, eləcə də, iqtisadiyyatın, regionların, elmin, təhsilin gələcəyi ilə və Azərbaycan dövlətinin gələcəyinin strateji inkişaf istiqamətləri ilə bağlı əsas mövqeyini ifadə etdi.

Ümumiyyətlə, sadalanan bu uğurlar bir daha onu göstərir ki, YAP öz fəaliyyətini davamlı olaraq təkmilləşdirir, zamanın tələblərinə uyğun addımlar atır və hələ neçə-neçə möhtəşəm, uğurlu onilliklərə imza atacaq.

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər