PDF Oxu

Siyasət

  • 10

Qaradağ rayonunda Gənclər Günü ilə bağlı tədbirlər keçirilir

Qaradağ rayonunda Gənclər Günü ilə bağlı tədbirlər keçirilir

YAP Qaradağ rayon təşkilatı gənclər birliyi rayon gənclər idman idarəsi ilə birlikdə 2 Fevral Gənclər Günü ilə bağlı müxtəlif səpkili tədbirlər keçirirlər. Dünən rayonun Ələt qəsəbəsində 2 Fevral Gənclər Günü ilə bağlı "Azərbaycanın sosial-iqtisadi inkişafı son 10 ildə", Səngəcal qəsəbəsində yerləşən hərbi hissədə "Heydər Əliyev və Azərbaycanda ordu quruculuğu" mövzusunda elmi-praktiki konfrans keçirib. Tədbirdə YAP Qaradağ rayon təşkilatının aparat rəhbəri Ruslan İsmayılov çıxış edərək, Azərbaycan gəncliyinin ölkənin ictimai-siyasi həyatında mühüm rolundan bəhs edib. R.İsmayılov vurğulayıb ki, Azərbaycan gəncləri vətənpərvərliyi, fəallığı, gücü və qüdrəti sayəsində ölkənin uğurlu gələcəyini təmin edəcək: "Bu gün üzvlərinin sayı 600 minə çatan YAP "ordusunun" əsas hissəsi gənclərdən ibarətdir. Onlar yalnız say artırmırlar, onlar partiyanın cəmiyyətdəki rolunun daha da güclənməsi üçün mühüm fəallıq göstərirlər".R.İsmayılov onu da vurğulayıbdır ki, gənclərin, gələcək nəslin problemləri və onların həll edilməsi Prezident İlham Əliyev tərəfindən hər zaman diqqət mərkəzində saxlanılır. Tədbirdə Qaradağ rayon gənclər idman idarəsinin rəisi Elçin Abbasov Azərbaycan gəncliyinin ölkənin inkişafında fəal iştirak etdiyini, beynəlxalq aləmdə Azərbaycanı layiqincə təmsil etdiyini söyləyib: "Azərbaycan gənci hər sahədə öz dəst-xətti ilə seçilir. Bugünkü Azərbaycan gəncliyi yalnız müşahidəçi rolu ilə kifayətlənmir və ölkənin siyasi həyatında öz sözünü deyir. Bu gənclik hər bir sahədə öz sözünü deməyə qadirdir".Elmi-praktiki konfransda YAP Qaradağ rayon gənclər birliyinin sədr əvəzi Ramiz Yusubov YAP-ın Azərbaycanda ən böyük partiya olduğunu və ölkəmizdə gənclərə göstərilən diqqət və qayğıdan danışıb. Bildirib ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş gənclər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. R.Yusubov dövlət gənclər siyasətinin həyata keçirilməsində YAP Qaradağ rayon təşkilatı gənclər birliyinin işlərindən də danışıb və sabahımızı daha böyük inamla qurmaq üçün gəncləri Prezident İlham Əliyevin ətrafında sıx birləşməyə çağırıb.Tədbirdə partiya fəalı, gənc idmançı karate üzrə dünya və Avropa çempionu Səkinə Rzayeva çıxış edərək bildirib ki, bu gün Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, dövlətçiliyin möhkəmlənməsində gənclərin üzərinə az iş düşmür: "Bu gün bizim düşmənimiz çoxdur, çünki güclü inkişaf edən ölkələrin düşməni çox olur. Azərbaycanın həll olunmamış Dağlıq Qarabağ problemi var və bu problemin həll olunması üçün hamımız gücümüzü cəmləşdirməliyik".Qeyd edək ki, Gənclər Günü ilə bağlı rayonun Qızıldaş, Sahil, Müşfiq və Lökbatan qəsəbələrində də tədbirlərin keçirilməsi nəzərdə tutulub.

RƏFİQƏ

Digər xəbərlər