"Avropa Şurasına üzv olan elə dövlətlər var ki, onların suverenliyi sırf formal xarakter daşıyır. Onlar hər addımlarını kənardakı böyük dövlətin diqtəsi ilə atırlar". SİA-nın xəbərinə görə, bunu Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü, millət vəkili Rafael Hüseynov deyib.R. Hüseynov bildirib ki, bir sıra üzv dövlətlərin müstəqil siyasət aparmağa qadir olmamalarının nəticəsidir ki, müəyyən münaqişələr düyünə düşərək heç cür həllini tapa bilmir, hansısa yeni münaqişələr başlanır, dövlətlərarası münasibətlərdə namüəyyənliklər ortaya çıxır: "Bütün bunların zərbələri isə həmin ölkələrin sadə insanlarına, xalqa, onların gələcəyinə dəyir. Bəzi dövlətlər Azərbaycandan fərqli olaraq kənar xarici təsirlər altına düşmədən öz daxili və xarici siyasətini yeritməyə qadir deyil. Müstəqil siyasət aparmaq o qədər müşküldür ki, müşahidələrimizə görə bəzən hətta nüfuzlu beynəlxalq təşkilatlar, o sıradan Avropa Şurası da kənardan təsirlərə məruz qala bilir. Bundan nicat tapmağın mümkün yollarından biri bir-birimizə dəstək olmağımız, kənar təsirləri sadəcə seyrçi kimi müşahidə etməyərək səsimizi qaldırmağımızdır".
sia.az