PDF Oxu

Siyasət

  • 14

Dağlıq Qarabağ münaqişəsinin nizama salınması Azərbaycanın xarici siyasətində prioritet istiqamətdir

Dağlıq Qarabağ münaqişəsinin nizama salınması Azərbaycanın xarici siyasətində prioritet istiqamətdir

Prezident İlham Əliyev: "Ermənistan rəhbərliyi məsələyə ciddi yanaşarsa və Ermənistan dövlətinin maraqlarını üstün tutarsa, açıq-aydın anlayar ki, Azərbaycan ilə bundan sonra rəqabət aparmaq üçün onlarda nə imkanlar var, nə də ki, potensial"

Bu gün Azərbaycanın xarici siyasətinin önündə dayanan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində səylərin artırılmasına baxmayaraq, işğalçı dövlətin qeyri-konstruktiv mövqeyi konkret nəticənin əldə olunmasına mane olur.

"2013-cü ildə Dağlıq Qarabağ münaqişəsinin həllində heç bir irəliləyişin olmamasının əsas səbəbi Ermənistanın destruktiv mövqe sərgiləməsi və vaxtı uzatmaq taktikası seçməsi ilə bağlıdır. 2014-cü ildə hərb prosesində baş verəcək irəliləyişlər də Ermənistanın prioritet mövqe sərgiləməsindən asılıdır". Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunları və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunan iclasda bu məsələyə toxunaraq bildirib: "Əgər Ermənistan məsələnin həlli ilə bağlı konstruktiv mövqe nümayiş etdirərsə, qısa müddət ərzində razılaşmaya gəlmək mümkün olacaqdır. Müəyyən ümidlər, müəyyən nikbin məqamlar vardır, ancaq 2014-cü ildə biz bunları araşdıracağıq. Hər halda 2014-cü ildə Ermənistanın həqiqi niyyəti tam bəlli olacaqdır. Sözün düzü, keçən dövr nikbinliyə o qədər də əsas vermir. Çünki Ermənistan bütün danışıqlar prosesi zamanı qeyri-konstruktiv mövqe sərgiləmişdir, vaxtı uzatmaq taktikasını seçmiş və beləliklə, danışıqlar prosesini iflic vəziyyətə salmışdır".

İclasda dövlət başçısı Ermənistanın Azərbaycanla müqayisə edilməz olduğunu bildirdi: "Ermənistan ilə Azərbaycan arasında müqayisə apardıqda bizim üstünlüyümüz hər bir sahədə açıq-aydın özünü büruzə verir. Bizim dövlət büdcəmiz Ermənistanın dövlət büdcəsindən 10 dəfə böyükdür. Ümumi daxili məhsul 8 dəfə, əhali 6 dəfə çoxdur. Bizim bütün potensialımız güclənir, böyüyür, artır, Ermənistanda isə həm çox ağır iqtisadi, həm də demoqrafik vəziyyət yaşanır. Deyə bilərəm ki, demoqrafik fəlakət yaşanır və bunu Ermənistanın rəsmi orqanları da təsdiq edir. Ona görə əgər Ermənistan rəhbərliyi məsələyə ciddi yanaşarsa və Ermənistan dövlətinin maraqlarını üstün tutarsa, açıq-aydın anlayar ki, Azərbaycan ilə bundan sonra rəqabət aparmaq üçün onlarda nə imkanlar var, nə də ki, potensial".

Azərbaycan Qərbin enerji təhlükəsizliyini təmin edəcək

Mütərəqqi Avropa siyasətçiləri belə hesab edirlər ki, Cənubi Qafqaz regionunun dünyaya inteqrasiyası, bölgədə sülhün, təhlükəsizliyin təmin edilməsi üçün münaqişənin qısa zamanda həlli artıq zərurətə çevrilib. Çünki bu gün Azərbaycan Qərb ölkələrinin enerji təhlükəsizliyi baxımından mühüm əhəmiyyət kəsb edir və onun ərazi bütövlüyünün bərpası həll edilmədiyi müddət ərzində ümumavropa maraqlarının regiondakı təminatı tam mümkün deyil. Ona görə də problemin hansısa bir formada həlli yox, məhz respublikamızın ərazi bütövlüyünün bərpa edilməsi şərtilə həll edilməsi vacib amil kimi gündəmdədir.

Azərbaycan Prezidenti İlham Əliyevin bu məsələdə nümayiş etdirdiyi qətiyyətli mövqe beynəlxalq ictimai rəydə rəğbətlə qarşılanır. Dövlətimizin problemin həllinə dair mövqeyini həm vasitəçi ölkələrin rəhbərləri, həm də işğalçı dövlətin lideri ilə, eyni zamanda, beynəlxalq təşkilatlardakı müzakirələrdə çox konkret şəkildə ifadə edir: "Bu münaqişə ancaq Azərbaycanın ərazi bütövlüyünün bərpası şərtiylə həll olunacaqdır".

Xarici ekspertlər Azərbaycan Prezidentinin bu qətiyyəti barədə söz açarkən daha çox bir arqumenti əsas kimi önə çəkirlər: "O, təkcə dövlət başçısının deyil, 50 milyonluq bir xalqın ürək sözlərini dilə gətirdiyinə görə qətiyyətli və güclüdür". Tamamilə haqlı yanaşmadır. Çünki bugünkü Azərbaycan iqtidarı, sözün həqiqi mənasında, Azərbaycan xalqının mənafelərini və mövqeyini ifadə edir. Özü də təkcə Dağlıq Qarabağ münaqişəsinin həlli üçün aparılan danışıqlarda deyil, bütün məsələlərdə. Ona görə də, Prezident İlham Əliyevin problemin həlli barədə söylədiyi fikirlər həmişə cəmiyyətimizdə böyük məmnunluq hissləri yaradır.

Bununla yanaşı, Ermənistanın danışıqlar prosesini süni şəkildə uzatdığını və bu taktikanın heç bir perspektivinin olmadığını söyləyən dövlət başçısı nə bu gün, nə on il, nə də yüz il sonra Dağlıq Qarabağın müstəqil olmayacağını vurğulamışdır. Eyni zamanda, Prezident İlham Əliyev qeyd etmişdir ki, Azərbaycanın mövqeyi birmənalıdır və biz bütün təzyiqlərə baxmayaraq, sonadək öz mövqeyimizi müdafiə edəcəyik.

Aparılan danışıqların gedişi konfidensial səciyyə daşısa da, Azərbaycan Prezidenti İlham Əliyev görüşlərin daha intensiv xarakter aldığını qeyd etməklə yanaşı, bu gün danışıqlar masası üzərində bütün işğal edilmiş Azərbaycan torpaqlarının qaytarılması və məcburi köçkünlərin öz doğma ev-eşiklərinə qayıdışı məsələlərinin mövcudluğunu bildirmişdir: "Ancaq əgər Ermənistanda realist yanaşmalar üstünlük təşkil edərsə, hesab edirəm ki, qısa müddət ərzində münaqişə ilə bağlı irəliləyiş ola bilər. Realist yanaşma isə gerçəyə, real güclər nisbətinə söykənməlidir. Azərbaycanın artan gücü də burada öz rolunu oynayır və oynayacaqdır".

Bütün bunlar isə bir daha göstərir ki, Azərbaycanın mövqeyi dəyişilməz olaraq qalır və Dağlıq Qarabağ münaqişəsinin həllində həlledici sözü də, məhz Azərbaycan deyəcək.

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər