Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin (YAP GB) dəvəti ilə Macarıstanın hakim siyasi partiyası FİDESZ - Macar Vətəndaş Birliyinin gənclər təşkilatı olan "Fidelitas"ın üzvlərindən ibarət nümayəndə heyəti Azərbaycana səfərə gəliblər. SİA-nın xəbərinə görə, nümayəndə heyəti ilk olaraq Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin və görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın məzarlarını ziyarət ediblər.Ardınca nümayəndə heyəti torpaqlarımızın bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizin uyuduğu Şəhidlər Xiyabanında olublar."Fidelitas"ın üzvlərindən ibarət nümayəndə heyəti YAP GB-nin mərkəzi ofisində də olublar. Onlar ofislə tanışlıqdan sonra tərəfləri maraqlandıran məsələlər ətrafında müzakirələr aparıblar.YAP GB-nin sədri Seymur Orucov nümayəndə heyətinə YAP GB adından hədiyyə təqdim edib."Fidelitas"ın sədri Aron Veres SİA-ya açıqlamasında deyib ki, səfərin məqsədi Azərbaycan və macar qardaş xalqları arasında əlaqələri gücləndirmək və gənclər səviyyəsində əməkdaşlığı genişləndirməkdir: "Burada biz ikitərəfli əlaqələrin genişləndirməsi üçün danışıqlar aparacağıq. Ümid edirəm ki, yaxın gələcəkdə müzakirə etdiyimiz məsələlər üzrə sənəd imzalayacağıq. Qeyd etmək istəyirəm ki, biz Avropa gənclər strukturunda Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin layiqincə təmsil olunmasına çalışırıq. Səfər çərçivəsində bu məsələ də müzakirə mövzusu olacaq". Bakı haqqında təəssüratlarını bölüşən A.Veres deyib ki, ilk dəfə Bakıda olmaqlarına baxmayaraq paytaxtımızda gedən böyük inkişafın şahidi olublar: "Hesab edirəm ki, ölkənizdə gedən quruculuq işlərini görməzdən gəlmək mümkün deyil. Eyni zamanda gənclər sektoruna və təhsilə böyük həcmdə kapital yönəldilir. Bu da Azərbaycanın gələck inkişafına böyük töhfə olacaq".SİA-nın suallarını cavablandıran YAP GB-nin sədr müavini Ramin Məmmədov deyib ki, 2014 cü il YAP GB-nin beynəlxalq əlaqələrin inkişafı baxımından fərqli bir il olacaq: "Bu il ərzində müxtəlif xarici dövlətlərin hakim partiyalarının gənclər təşkilatları və beynəlaxalq təşkilatlar çərçivəsində münasibətlərimiz daha da yüksək səviyyədə inkişaf edəcək. Bu məqsədlə Macarıstanın hakim siyasi partiyası FİDESZ - Macar Vətəndaş Birliyinin gənclər təşkilatı olan "Fidelitas"ın üzvlərindən ibarət nümayəndə heyəti Azərbaycana səfərə gəlib. Macarıstanla Azərbaycan arasında möcvud iqtisadi-siyasi, sosial münasibətlər çox yüksəkdir. Macarıstan hər zaman dünyada Azərbaycanın mövqeyini ədalətli şəkildə dəstəkləyən ölkələrdən birdir. Bununla yanaşı digər spektrlərdə də ölkələr arasında münasibətlərin inkişafına nail olmaq istəyirik. Avropa Demokratik Gənclər Təşkilatına üzv olmaq niyyətində olan Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin mövqeyini "Fidelitas" da dəsətkləyir. Ümid edirəm ki, 2014-cü ildə bu məsələ öz müsbət həllini tapacaq. Regional ofislərimiz arasında da birgə layihələrin icra olunması baxımından bu səfərin çox böyük önəmi var".R.Məmmədov qeyd edib ki, səfər çərçivəsində nümayəndə heyəti YAP-ın müxtəlif rayon təşkilatları ilə də tanış olacaqlar: "Bu səfər çərçivəsində biz regional əməkdaşlığın təməlini qoyacağıq. Səfər həm bizim gənclərimizin Avropa təcrübəsini öyrənməsi, eyni zamanda Mərkəzi Avropa ölkəsindən gələn hakim partiya gənclərinə Azərbayacanın haqlı mövqeyini aşılamaq nöqteyi nəzərdən böyük önəm daşıyır".Qeyd edək ki, bu gün FİDESZ - Macar Vətəndaş Birliyinin gənclər təşkilatı olan "Fidelitas"ın üzvlərindən ibarət nümayəndə heyəti YAP-ın bir sıra regional təşkilatları ilə tanış olacaqlar.
sia.az