PDF Oxu

Siyasət

  • 7

Vüqar Əliyev: "Media dövlətin təhlükəsizliyi və ümummilli məsələləri daim diqqətdə saxlamalıdır"

Vüqar Əliyev: "Media dövlətin təhlükəsizliyi və ümummilli məsələləri daim diqqətdə saxlamalıdır"

"İnformasiya təhlükəsizliyi yalnız dövlətin üzərinə düşən vəzifə deyil. Bəli, biz azad cəmiyyətdə yaşayırıq və heç kim medianın informasiya yaymaq hüququnu məhdudlaşdıra bilməz. Lakin bu, heç də medianın məsuliyyətdən kənarda qalması kimi anlaşılmamalıdır. Dövlət media üçün təhlükəsiz şərait yaratdığı kimi, media da dövlətin təhlükəsizliyi və ümummilli məsələləri daim diqqətdə saxlamalıdır". SİA-nın xəbərinə görə, bunu Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Vüqar Əliyev "İnternet medianın informasiya təhlükəsizliyi" mövzusunda keçirilən dəyirmi masada çıxışı zamanı deyib.Onun sözlərinə görə, bəzən hansısa yoxlanılmamış, qərəzli yaxud sifariş xarakterli informasiyalar ölkədə gedən proseslərin, konkret hadisələrin mahiyyətini təhrif edir, ictimaiyyəti çaşdırmağa xidmət göstərir: "Bəzi hallarda isə bu, dövlətlərarası münasibətlərə mənfi təsir göstərir və əlaqələrə zərbə vurur. Bu məsələ Azərbaycan kimi müharibə şəraitində yaşayan, ərazisi işğal olunan ölkələr üçün daha çox aktualdır. Deməli, həm dövlətin informasiya təhlükəsizliyi, həm də onlayn medianın təhlükəsiz mühitdə fəaliyyəti dövlət və medianın, bütövlükdə isə bütün cəmiyyətin birgə səyi nəticəsində ortaya çıxan məsələdir".Sektor müdiri onu da qeyd edib ki, qloballaşan dünyada internet medianın rolu artır: "Dövlət siyasətinin prioritetlərindən biri də məhz informasiyanın azad dövriyyəsinin təmin edilməsi, bu prosesin əsas alət kimi KİV-in sərbəst fəaliyyətinə zəruri şəraitin yaradılmasıdır. Hazırda ölkə üzrə internet istifadəçilərinin sayı əhalinin 70 faizini təşkil edir. Son illər genişzolaqlı sürətli internet istifadəçilərinin sayı 50 faizə yaxınlaşıb. Bu gün Azərbaycanda siyasi, iqtisadi, sosial, mədəni və digər sahələri əhatə edən 300-ə yaxın aktiv portal, xəbər saytı və internet informasiya resursu fəaliyyət göstərir. Qarşıda duran vəzifələrdən biri isə bütövlükdə dövlətin informasiya təhlükəsizliyinin, eləcə də milli internet məkanının, onlayn medianın təhlükəsizliyinin təmin edilməsidir".V.Əliyev vurğulayıb ki, məsələyə real yanaşdıqda görürük ki, milli internet məkanının, onlayn medianın təhlükəsizliyinin təmin edilməsi bilavasitə dövlətin informasiya təhlükəsizliyinin tərkib hissəsidir: "Çünki hazırda dünya siyasətində aparıcı yer tutan dövlətlər deyil, inkişaf etməkdə olan ölkələrdə daxili və xarici siyasətlərinin öncül istiqamətlərini toplamış və təhlil etmiş informasiya əsasında müəyyənləşdirirlər. Həqiqi məlumatların vaxtında verilməsi daxili və xarici siyasət məsələləri ilə bağlı operativ qərarların qəbuluna təsir göstərir. Belə olduqda milli KİV-lərin, onlayn medianın təhlükəsiz şəraitdə funksionallığının təmin edilməsi dövlət üçün böyük əhəmiyyət kəsb edir, onun təhlükəsizliyinin vacib elementi qismində çıxış edir".

sia.az

Digər xəbərlər