"Azərbaycan sülhsevər dövlət kimi dünyaya öz sözünü deyib. Lakin müəyyən səbəblərdən cəbhə bölgəsində atəşkəs rejimi pozularsa, o zaman Azərbaycan öz torpaqlarını istənilən şəkildə azad edə bilər. Bugünkü ordumuzun gücü bunu deməyə əsas verir. Çünki, bizim hərbi büdcəmiz Ermənistanın dövlət büdcəsindən dəfələrlə çoxdur. Bununla yanaşı, hərbi texnikamızın sayı da çoxdur. Ordumuzun döyüş hazırlığı da olduqca yüksək səviyyədədir". Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Musa Quliyev ermənilərin son günlər atəşkəs rejimini intensiv şəkildə pozmasına münasibət bildirərkən deyib.Onun sözlərinə görə, Prezident İlham Əliyev istər beynəlxalq təşkilatlardakı , istərsə də Minsk qrupunun həmsədrləri ilə keçirdiyi görüşlərdə dəfələrlə bəyan edib ki, Azərbaycan nəyin bahasına olursa-olsun işğal altında olan torpaqlarını azad edəcək: "Lakin ölkəmiz hər zaman münaqişənin sülh yolu ilə həll olunmasının tərəfdarıdır. Eyni zamanda, Dağlıq Qarabağ məsələsinin danışıqlar yolu ilə həll olunması istiqamətində imkanlar hələlik tükənməyib".Millət vəkili həmçinin qeyd edib ki, ermənilər son günlər atəşkəs rejimini dayanmadan pozması təxribatdan başqa bir şey deyil: "Ermənistan və onu himayə edən qüvvələr tərəfindən törədilən təxribat tək Azərbaycana qarşı deyil, eləcə də dünyanın sülhsevər qüvvələrinə qarşı törədilib. Onlar bu addımı Avropa Birliyinə müəyyən güc nümayiş etdirmək istəyirlər. Bütün hallarda atəşkəs rejiminin pozulması Ermənistanın özünə ziyandır. Son günlər Azərbaycan ordusunun qüdrətinin artması, eyni zamanda yeni müdafiə naziri Zakir Həsənovun bu sahədə həyata keçirdiyi islahatlar Ermənistanın siyasi qüvvələrini ciddi şəkildə təşvişə salır. Əslində, Azərbaycan istənilən an müharibə qərarını verərək işğal olunan torpaqları azad edə bilər. Nə qədər ki, biz sülh prosesinə sədaqətliyik, o zamana qədər münaqişəni dinc yolla həllinin tərəfdarıyıq".
sia.az