"Hərb və təhlükəsizlik sektoru ilə bağlı informasiyaların yayılmasında mətbuat nümayəndələrinin ciddi məsuliyyət hissi olmalıdır. Dövlət orqanları ilə yanaşı, mətbuat nümayəndələri də hərbi sirlərin yayılmasına çalışmamalıdırlar". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin sədr müavini Aydın Mirzəzadə deyib.Onun sözlərinə görə, son zamanlar təəssüf ki, orduda olan kadr dəyişiklikləri ilə bağlı bütün məlumatlar təfsilatı ilə mətbuatda dərhal dərc olunur: "Hətta hərbi hissələrə təyin olan şəxslərin tərcümeyi-halına qədər məlumatları mətbuatda görmək mümkündür. Təbii ki, bu kimi hallar yolverilməzdir. Çünki bütün məlumatlar düşmən üçün ideal informasiyalardır. İstərdik ki, bu cür informasiyaların yayılmasında mətbuat nümayəndələri daha diqqətli olsunlar. Danılmaz faktdır ki, ermənilər mütəmadi olaraq Azərbaycan mətbuatını izləyir". "Azərbaycanın Müdafiə Nazirliyi daim mətbuatın fəaliyyətinə hər zaman şərait yaratmağa çalışır" – deyən millət vəkili bildirib ki, bu gün cəbhədə vəziyyət olduqca gərgindir: "Ermənistan-Azərbaycan cəbhə xəttində gərginlik səngimək bilmir, atışma kəsmir, erməni diversant qruplarının cəbhə xəttindəki provokasiyaları mütəmadi olaraq baş verir. Belə vəziyyətdə isə jurnalistlərin həmin ərazilərə buraxılması hər deyəndə mümkün olmur. Çünki həmin vaxt xoşagəlməz hadisələr ola bilər. Bir sözlə, bu gün cəbhə xəttində bir nömrəli müharibə şəraiti mövcuddur. Bütün bunlara baxmayaraq, nazirlik vaxtaşırı olaraq lazım olan informasiyaları cəmiyyətin diqqətinə çatdırır".Komitənin sədr müavini həmçinin bildirib ki, cəbhə xəttində gərginliyin hökm sürdüyü ərəfədə Ermənistan vətəndaşı Mamikon Xosayan adlı bir nəfərin saxlanılması vəziyyətə yeni bir çalar verdi: "Müdafiə Nazirliyi onun Ermənistan diversiya qrupunun bələdçisi olduğunu bildirdi və onunla müvafiq iş aparılmağa başlandı. Ancaq bələdçinin 77 yaşında və kasıb, xəstə görünüşünün olması Azərbaycanın bəzi internet istifadəçilərinin ürəyini lap yumşaltdı. Onlar qocanın fağır və təsadüfi bir insan olması barədə fikirlər yazmağa başladılar. Bu azmış kimi qocanı təcili geri qaytarmaq lazım gəldiyini də iddia edənlər tapıldı. Guya onun saxlanılması Azərbaycanın beynəlxalq aləmdə imicinə ciddi ziyan vura bilər"."Çox maraqlıdır, görəsən həmvətənlərim düşmənin hiyləgər və qəddar olduğunun fərqinə niyə varmırlar? 1988-ci ildən başlayaraq Ermənistanın Azərbaycana qarşı etdikləri, hiylə və insandan kənar hərəkətləri nə tez yaddan çıxmağa başlayır? Heç kəs mübahisə etməz ki, ölkənin beynəlxalq aləmdəki imici şübhəli bir qocanın saxlanılması ilə deyil, fəaliyyəti ilə ölçülür. Real vəziyyət imicimizin isə məhz görülən işlər və beynəlxalq hüquq normalarına riayət etməyimizlə qiymətləndirildiyini göstərir. Qoca, xarici görünüşü ilə bəzilərində ürək ağrıdan sərhəd pozucusunun saxlanılması isə bütün normalara uyğun həyata keçirildiyinin hamı şahidi ola bilir. Əsas məsələ isə bəzi vətəndaşlarımızın bu və ya digər sahənin incəliklərinə bələd olmadıqları halda məsləhət verməlidir. İctimai münasibəti heç kim qadağa edə bilməz. Ancaq hər kəs öz yaxşı bildiyi sahənin işini aparanda nəticə də yaxşı olur" – deyə, A. Mirzəzadə məsələ ilə bağlı fikirlərinə əlavə edib.
sia.az