PDF Oxu

Siyasət

  • 10

Xarici siyasətin uğurlu prioriteti

Xarici siyasətin uğurlu prioriteti

İlham Əliyev: "Xarici siyasətlə bağlı təşəbbüslərimiz, eyni zamanda bizim iqtisadi imkanlarımızı da artırır"

Azərbaycanın dövlət müstəqilliyinin bərpasından keçən 23 il ərzində ölkəmizin yaşadığı tarixə nəzər salsaq, çoxlu sayda uğurların qazanılmasının şahidi olarıq. Tarixi hadisə olan müstəqilliyi qoruyub saxlamağı onu əldə etməkdən çətin olduğunu təsdiqləyən Ümummilli Llider Heydər Əliyev güclü və qüdrətli Azərbaycanın gələcəyinə inanaraq bildirirdi: "Azərbaycan heç bir ölkənin təsiri altına düşməyəcəkdir. Azərbaycan öz müstəqilliyini qoruyacaqdır. Bu da bir prezident kimi Mənim siyasətimin ana xəttidir." Təcrübə göstərdi ki, Heydər Əliyev kimi Ümummili Rəhbəri olan və siyasəti xalq tərəfindən dəstəklənən liderə malik dövlət sarsılmazdır.

Azərbaycanın çevik, dinamik və stabil xarici siyasəti

Bu gün sürətlə inkişaf etmiş Azərbaycanın uğurlu xarici siyasət strategiyası ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilir. Məhz bu siyasət nəticəsində respublikamızın əldə etdiyi nailiyyətlər onun beynəlxalq aləmdəki nüfuzunu getdikcə yüksəldərək dünyanın qüdrətli dövlətləri cərgəsinə qoşub. Bu gün ölkəmiz beynəlxalq təşkilatların fəal üzvüdür. Azərbaycanla daha da sıx münasibətlər qurmaq istəyən ölkələrin sayı ildən-ilə artır. Çünki xarici siyasət hər bir dövlətin beynəlxalq aləmdə mövqelərinin möhkəmlənməsinə, ikitərəfli və çoxtərəfli münasibətlərin gücləndirilməsinə, mövcud problemlərin həllinə yönəlir. Dövlətçiliyin, müstəqilliyin qorunması, milli təhlükəsizliyin təmin olunması xarici siyasətdə mühüm istiqamətlər kimi nəzərdən keçirilir. Bugünkü qüdrətli Azərbaycan Respublikasının milli və dövlətçilik baxımından maraqlarına yüksək səviyyədə cavab verən xarici siyasət strategiyasının əsas istiqamətlərini hələ Ulu Öndər Heydər Əliyev müəyyənləşdirmişdir. Bu kursun əsas vəzifəsi dövlət müstəqilliyimizi qorumaq və möhkəmləndirmək, ölkənin təhlükəsizliyini, milli dövlətçilik hüquqlarını təmin etmək və beynəlxalq təhlükəsizlik sistemi ilə bağlamaqdan ibarətdir. Bu prioritetlər bu gün də Azərbaycanın xarici siyasət kursunun əsas vəzifələrindən birini təşkil edir. İnamla demək olar ki, ölkə Prezidenti İlham Əliyevin həyata keçirdiyi müstəqil xarici siyasət məhz bu əsaslar üzərində qurulmuş, ölkəmizin beynəlxalq münasibətlər sistemində yeri daha da möhkəmlənmiş, bütün bunlar isə diplomatik reallıqlar fonunda respublikamızın imicini xeyli yüksəltmişdir.

Azərbaycanın xarici siyasəti dünya birliyi tərəfindən dəstəklənir

19 oktyabrda andiçmə mərasimində ölkənin demokratik, iqtisadi inkişaf yolu ilə dünya birliyinə inteqrasiyasının başlıca istiqamətlərindən söz açan Prezident İlham Əliyev dünya birliyi tərəfindən təsdiqlənən və dəstəklənən xarici siyasətimizin uğurlarından da bəhs etmişdir: "Bizim xarici siyasətlə bağlı təşəbbüslərimiz, eyni zamanda bizim iqtisadi imkanlarımızı da artırır".

Öz prinsipial mövqeyi ilə diqqət çəkən Azərbaycanla əməkdaşlıqda maraqlı olan dövlətlərin sayının artması da göstərir ki, son on ildə ölkəmizin beynəlxalq əlaqələri güclənmiş və möhkəmlənmişdir. Hazırda Azərbaycanın 39 ölkədə səfirliyi fəaliyyət göstərir, 28 dövlətin isə ölkəmizdə diplomatik korpusu yaradılmışdır. Hazırda Azərbaycanı dünya dövlətlərində təmsil edən səfirliklərinin sayı 57-yə çatıb.

"Bizim siyasətimiz, addımlarımız, xoş niyyətimiz və xarici siyasətimizin əməkdaşlıq üzərində qurulması bizə böyük dostlar düşərgəsi qazandıra bilmişdir" söyləyən Prezident İlham Əliyev bildirir ki, Azərbaycanın 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurası üzvlüyünə qəbulu siyasi, diplomatik qələbəmiz, müstəqil Azərbaycanın böyük uğurudur.

Xarici siyasət

konsepsiyasında Dağlıq Qarabağ münaqişəsi

Prezident İlham Əliyevin xarici siyasət konsepsiyasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli xüsusilə mühüm yer tutur. Aparılan uğurlu diplomatiya nəticəsində nüfuzlu beynəlxalq təşkilatlar haqqın və ədalətin Azərbaycanın tərəfində olduğunu etiraf edir, Ermənistanı təcavüzkar dövlət kimi tanıyırlar. Ermənistan tərəfindən işğal olunmuş torpaqlarımızın azad edilməsi, aparılmış etnik təmizləmə siyasəti nəticəsində doğma yurd-yuvalarından qovulmuş qaçqın və məcburi köçkünlərimizin geri qaytarılması və ərazi bütövlüyünün təmin olunması xarici dövlətlərlə həm ikitərəfli, həm də çoxtərəfli formatda həyata keçirilən əməkdaşlıq zamanı gündəlikdə duran müstəsna əhəmiyyətli məsələdir. Bu sahədə diplomatik səylərin davam etdirildiyini, səfirliklərin bu istiqamətdə fəaliyyətinin məqsədyönlü olduğunu, Qarabağ məsələsinə dair ədalətli, yəni maraqlarımızı təmin edən beynəlxalq təşkilatların qətnamə və qərarlarının kifayət qədər qəbul edildiyini, hüquqi bazanın möhkəm və sarsılmaz olduğunu vurğulayan Cənab İlham Əliyev bildirib ki, bu məsələ ilə bağlı Ermənistanın mövqeləri çox zəifdir, bizim mövqelərimiz isə çox güclüdür: "Biz bölgədə söz sahibiyik və bundan sonra mövqeyimiz daha da möhkəm olacaqdır. Biz heç vaxt imkan verə bilmərik ki, Ermənistan hər hansı bir siyasi, iqtisadi, enerji və nəqliyyat layihəsinə qoşulsun. Biz onları təcrid etmişik, bunu gizlətmirik. Gələcəkdə təcridetmə siyasətimiz davam etdirilməlidir. Bu, öz bəhrəsini verir. Əgər məsələni sülh yolu ilə həll etmək üçün bizə daim mesajlar göndərən tərəfdaşlar, doğrudan da, istəyirlər ki, bölgədə də sülh olsun, Ermənistan işğal edilmiş torpaqlardan çıxmalıdır. Çünki əks-təqdirdə məsələnin başqa yolla həll edilməsi istisna deyildir. Biz bunu heç vaxt istisna etməmişik. Beynəlxalq hüquq bu haqqı bizə verir. Sadəcə olaraq, Azərbaycanın sülhsevər siyasəti, bölgədə gedən proseslərə artan məsuliyyəti və Azərbaycanın bölgədə artıq sabitləşdirici amil kimi çıxış etməsi bizi bu radikal addımlardan, hələ ki, çəkindirir. Ona görə, məsələnin tezliklə həlli hər bir tərəfin marağında olmalıdır".

Açıq, balanslaşdırılmış və ədalətli xarici siyasət

Xarici siyasətimizlə bağlı istiqamətlərdən olan erməni vəhşiliklərinin nümunəsi Xocalı soyqırımının dünyada tanınması istiqamətində aparılan işlər davam etdirilir. Xocalı soyqırımını tanıyan Meksika, Pakistan, Kolumbiya, Rumıniya kimi ölkələrin sayı artmaqdadır. Reallıq budur ki, qarşılıqlı hörmət, bərabərhüqüqlü münasibətlərə, xoş niyyətlərə əsaslanan Azərbaycanın xarici siyasəti açıq, balanslaşdırılmış və ədalətlidir.

"Xarici siyasətlə bağlı digər mühüm vəzifə, - o da bu məsələ ilə bilavasitə bağlı olan məsələdir, - Xocalı soyqırımını dünyada tanıtdırmaqdır" söyləyən Prezident İlham Əliyev bu istiqamətdə çox uğurlu siyasətin davam etdirildiyini bildirmişdir: "Bizim səfirlər, səfirliklərin nümayəndələri bu məsələni harada mümkündür qaldırmalıdırlar. Onların, səfirliklərin çalışdıqları ölkələrin qanunvericilik orqanlarında Xocalı soyqırımı məsələsi qaldırılmalıdır. Çalışmalıyıq ki, bu soyqırımı müxtəlif səviyyələrdə tanınsın. Əldə edilmiş nəticələr, əlbəttə ki, bizi ruhlandırır , göstərir ki, bu, mümkündür. Ümumiyyətlə, ölkəmizin dinamik inkişafı və artıq dünyada Azərbaycan haqqında çox müsbət rəyin formalaşması göstərir ki, mümkündür, çox şey mümkündür. Sadəcə olaraq, işləmək lazımdır, konkret proqram olmalıdır".

Beləliklə, Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş, bu gün də davam və inkişaf etdirilən uğurlu xarici siyasət strategiyası respublikamızın beynəlxalq arenadakı nüfuzunun gündən-günə artması, dövlətimizin etibarlı tərəfdaş kimi tanınması, beynəlxalq təşkilatların fəal üzvü, habelə regionumuz və bütünlükdə beynəlxalq ictimaiyyət üçün əhəmiyyətli olan tədbir və layihələrin təşəbbüskarı kimi çıxış etməsinə gətirib çıxarmışdır.

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər