"Son dövrlərdə həmsədrlərin ölkəmizə səfəri intensivləşib. Bu özlüyündə müsbət hadisə olsa da çox təəssüf ki, 22 illik fəaliyyəti dövründə onlar Dağlıq Qarabağ prosesində real addım atmağı bacarmadılar". Bunu SİA-ya "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib.Onun sözlərinə görə, məhz bu səbəbdən də həmsədrlərin mövqeyi, fəaliyyəti, istər Azərbaycan ictimaiyyəti, istərsə də rəsmilər tərəfindən daim tənqid olunur: "Məsələyə diqqət etsək burada incə məqamın olduğunu görərik. Bəzi hallarda adama elə gəlir ki, həmsədrlərin ölkəmizə səfəri mövcud status-kvonun qorunmasına hesablanıb və cəbhə xəttində ermənilər Azərbaycan ordusunu provakasiyaya cəlb edib hər hansı bir itki vedikdə sanki həmsədrlər narahatlıq keçirməyə başlayırlar. Son günlər bir daha bunun şahidi olduq. Belə ki, ermənilərin atəşkəsi pozması nəticəsində Azərbaycan ordusunun layiqli cavabı həmsədrləri narahat etməyə başlayıb. Hətta bunu özləri də etiraf etdilər. Bu baxımdan da düşünürəm ki, onların ölkəmizə son səfəri də mövcud status-kvonun saxlanmasına hesablanmışdı, nəinki problemin həllinə. Biz bilirik ki, Minsk qrupu ölkələri dünya siyasətini müəyyənləşdirən ölkələrdir və bu təşkilat ABŞ Təhlükəsizlik Şurasının mandatından fəaliyyət göstərir. Əgər onların problemi həll etmək üçün qəti addımlar atmaq arzusu olarsa, bunu edə bilərlər".
sia.az