"Ermənilər hər zaman işğalçılıq siyasətini müxtəlif yollarla davam etdirirlər. Eyni zamanda, onlar işğal etdikləri Azərbaycan torpaqlarından çıxmaq da istəmirlər. Təəssüf ki, ermənilərin təcavüzkar siyasəti ATƏT-in Minsk qrupu tərəfindən himayə olunmaqdadır". Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Fəzail Ağamalı ATƏT-in Minsk qrupunun 22 illik nəticəsiz fəaliyyətlərini şərh edərkən deyib.Onun sözlərinə görə, həmsədr ölkələrin dövlət başçıları birmənalı olaraq qeyd edirlər ki, status-kvonun saxlanılması yolverilməzdir: "Bununla yanaşı, onlar status-kvonu saxlayan Ermənistana qarşı sərt mövqe nümayiş etdirmir, eyni zamanda heç bir sanksiya tətbiq olunmur. Hətta BMT-nin məlum 4 qətnaməsi hələ də yerinə yetirilmir. Bununla da faktiki olaraq, onlara birbaşa bəyan etməsələr də, onlar dolayı yolla Ermənistanın təcavüzkar siyasətini himayə etməkdə davam edirlər".O həmçinin deyib ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin istər rəsmi İrəvana, istərsə də Azərbaycanın regionlarına səfərləri insanlarda gülünc doğuran təəssürat yaradır: "Onların səfərləri sanki turist səfərinə bənzəyir. Geri qayıdanda sırf səfər xətrinə bəyan edirlər ki, regionlarda olmuşuq. Onlar sülh danışıqlarının hansı yolla aparılması ilə bağlı hətta xüsusi bəyanatlar da yayırlar. Sonra da deyirlər ki, məsələni həll etmək üçün hər iki tərəf razılığa gəlməlidir və biz də bu razılığı təminat verə bilərik. Təbii ki, söhbət iki tərəfin razılığından getmir. Belə ki, söhbət Ermənistanın təcavüzkar siyasətindən əl çəkməsindən gedir. Bunun üçün başqa ölkələrdə olduğu kimi, Ermənistana qarşı sərt mövqe nümayiş etdirilməlidir. Təəssüf ki, ATƏT-in Minsk qrupunun həmsədrləri bu prinsipə əməl etmirlər. Məsələnin də həll olunmamasının kökü də elə burdadır".Son günlər ermənilər tərəfindən atəşkəs rejiminin intensiv şəkildə pozulması ərəfəsində Azərbaycan jurnalistlərinin ölkənin hərbi sirlərini mətbuatda yaymaları məsələsinə toxunan millət vəkili hesab edir ki, jurnalistlər hərbi sirlərin qorunmasında daha diqqətli olmalıdırlar: "İmkan verməməliyik ki, Ermənistan bizə qarşı aparmış olduqları informasiya müharibəsində onlara əlavə faktlar verərək imkanlarını daha da genişləndirək. Buna görə də cəbhə xəttinə gedən jurnalistlər ilk növbədə peşəkar olmalıdır. Digər tərəfdən isə hansı məlumatın verilib-verilməməsini özləri üçün müəyyənləşdirməlidirlər. Bu senzura yox, sadəcə hərbi sirlərin qorunub saxlanılması üçün vacibdir. Hərbi sirlərimizi qorumaqda hər bir vətəndaşın borcudur".
sia.az