ATƏT-in Minsk qrupunun 22 illik fəaliyyəti qənaətbəxş hesab oluna bilməz. Bunu SİA-ya Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini, politoloq Elçin Mirzəbəyli ATƏT-in Minsk qrupunun 22 illik fəaliyyətini şərh edəkən belə deyib.Politoloqun sözlərinə görə, Ermənistan-Azərbaycan, Dağlıq Dağlıq münaqişəsinin həlli üçün 22 il böyük bir zamandır: "Əgər nəzərə alsaq ki, ATƏT-in Minsk qrupunun həmsədri olan dövlətlər eyni zamanda BMT TŞ-nın üzvləridir və BMT qərarlarının qəbul edilməsində onların mövqeləri birmənalı rol oynayır, bu mənada hesab edirəm ki, həmin ölkələr 22 il ərzində BMT qətnamələrinin yerinə yetirilməsi üçün bilavasitə beynəlxalq təcrübədən istifadə edərək işğalçı ölkəyə qarşı konkret tədbirlər görməli idilər. Bura diplomatik, iqtisadi və son amil kimi sanksiyalar da daxildir. Lakin çox təəssüflər olsun ki, bu addımların heç biri atılmayıb. Əksinə işğalçı dövlətlə işğala məruz qalan dövlətlər faktiki olaraq onların mürəciətlərində eyniləşdirilib".E.Mirzəbəyli hesab edir ki, BMT qətnamələrinin icrasında borclu olan dövlətlər bu prosesdə özlərini neytral mövqedə dayanan qüvvə kimi sərgiləyirlər: "Əslində bu məsələnin münaqişə müstəvisinə çəkilməsi məqsədyönlü bir yanaşmadır. Amma reallıq odur ki, Dağlıq Qarabağ problemi münaqişə deyil. İşğal faktında vasitəçilik missiyası əsas rol oynamır. Burada işğalçıya qarşı konkret tədbirlər həyata keçirilməlidir. Lakin bütün bunlar baş vermədiyi üçün ATƏT-in Minsk qrupunun fəaliyyəti bu müddət ərzində heç bir formada qənaətbəxş sayıla bilməz. Çünki, bu müddət ərzində münaqişənin dondurulub saxlanılması və işğalçı dövlətə qarşı tədbirlərin görülməməsi bilavasitə işğalçı ölkənin maraqlarına xidmət edir".
sia.az